Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-956/2022 23.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X6 qarşı əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X6 qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 (iki min) manat məbləğində əmək haqqının alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 2018-ci ilin may ayında, Qusar rayon ərazisində torpaq sahələrini icarəyə götürməklə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşqul olmaq istədiyi barədə əvvəllər tanıdığı Qusar şəhər sakini Cavabdeh2 bildirmişdir. Cavabdeh2 həmin işlə məşğul olan tanışı X6 bu barədə bildirmiş, sonuncu bu təklifə razılaşaraq özünə məxsus 1,0 ha torpaq sahəsini və X2 məxsus 2,0 ha torpaq sahəsini icarəyə vermişdir. Bundan sonra o, X10 tərəfindən icarəyə verilmiş 1,0 ha torpaq sahəsinə gözətçi işinə təyin olunmuş, Cavabdeh1 ona hər ay 300 (üç yüz) manat əmək haqqı verəcəyini bildirmişdir. Bununla belə Cavabdeh1 ilə aralarında əmək müqaviləsi bağlanmamış, sonuncu da ona işinə görə təyin olunmuş əmək haqqını ödəməmiş, nəticədə 2000 (iki min) manat məbləğində əmək haqqı borcu qalmışdır. 2018-ci ilin kənd təsərrüfatı mövsümü başa çatdıqdan sonra Cavabdeh1 və işlərinə bilavasitə rəhbərlik edən Cavabdeh2 tərəfindən ona 2000 (iki min) manat əmək haqqı borcu əmələ gəlmiş, həmin borcu hal-hazıra kimi ala bilməmişdir. Cavabdeh1 əmək haqqı borcunun alınması məqsədilə 2019-cu ildə Qusar rayon polis şöbəsinə müraciət etmiş, polis şöbəsi 24 sentyabr 2019-cu il tarixli cavab məktubunda ərizəsində göstərildiyi məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. Daha sonra 2020-ci ilin sentyabr ayında Qusar rayon prokurorluğuna rəsmi ərizə ilə müraciət edərək Cavabdeh1 2000 manat məbləğində əmək haqqı borcunun alınmasında köməklik göstərilməsini xahiş etmiş, prokurorluğa göndərdiyi ərizə Qusar rayon polis şöbəsində araşdırılmış, 28 sentyabr 2020-ci il tarixli Qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Polis şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində ərizəsində göstərilən faktlar təsdiqini tapmışdır. Belə ki, Cavabdeh2 polis şöbəsində vermiş izahatında Cavabdeh1 tərəfindən işçilərin əmək haqqlarının ödənilməli olduğunu, lakin sonuncunun əmək haqqlarının ödənilməsindən boyun qaçırdığını bildirmişdir. Beləliklə, Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən aparılmış araşdırma ilə sübuta yetirilmişdir ki, Cavabdeh1 ona 2000 manat məbləğində əmək haqqı borcunu ödəməkdən qəsdən yayınmış, ona görə də həmin məbləği ondan məhkəmə qaydasında alınmasını zəruri sayır. 22 dekabr 2021-ci il tarixə tələb üzrə mediasiya sessiyası təyin edilmiş, Cavabdeh1, sessiyada iştirak etmədiyi üçün həmin tarixli 2021-001777 saylı xitam protokolu tərtib edilərək müvafiq arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, 2018-ci ilin may ayında həmkəndlisi X11 ona özünün torpaq sahəsini Bakı şəhər sakini Cavabdeh1 adlı şəxsə icarəyə verdiyini, həmin torpaq sahəsində iş olduğunu, gəlib orada işləməsini demişdir. Fariz həmçinin bildirmişdir ki, işə görə ona hər ay 300 manat məbləğində əmək haqqı veriləcək. Cavabdeh2 da Amil adlı şəxslə bir yerdə iş görmüşdür. O, 6-7 ay həmin torpaq sahəsində gözətçi işləmiş, lakin ona əmək haqqı verilməmişdir. Onunla Amil, Dimral və Fariz adlı şəxslər arasında hər hansı müqavilə, o cümlədən əmək müqaviləsi bağlanmamış, işlədiyi müddət ərzində Amili cəmi bir dəfə görmüşdür. Fariz ona əmək haqqını Amilin verəcəyini demişdir. O, əmək haqqını tələb etdikdə ona məhsul olmadığını, olanda verəcəklərini demişlər. İşlədiyi torpaq sahəsinin sənədi onda yoxdur, həmin torpaq sahəsinin kimə məxsus olduğunu dəqiq bilmir. İddia tələbi ilə bağlı digər hər hansı sübutu yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X11 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan notariat qaydasında təsdiq olunmamış, Qusar rayonu Əvəcuq kənd sakinləri X7, İddiaçı, X15, X12, X9 və X3 tərəfindən tərtib edilmiş 10 avqust 2020-ci il tarixli aktdan görünür ki, 2018-ci ilin kənd təsərrüfatı mövsümündə Bakı şəhər sakini olan Cavabdeh1 Qusar rayonu Əvəcuq kəndində torpaq sahələrini icarəyə götürərək kənd təsərrüfatı məsullarının istehsalı ilə məşğul olmuşdur. Torpaq sahələrini o, Əvəcuq kənd sakini X5 və Qusar şəhər sakini Cavabdeh2 adlı şəxsin iştirakları ilə icarəyə götürmüş, həmin şəxslər təsərrüfat işlərinə rəhbərlik etmişlər. Cavabdeh1 ilə Əvəcuq kənd sakinləri X7 və İddiaçı arasında olan şifahi razılaşmaya əsasən onlar fəhlə və gözətçi işlərində işləmişlər, lakin Cavabdeh1 tərəfindən onlara əmək haqları ödənilməmişdir. İşdə olan Qusar RPŞ-nin TB-nin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X7 və İddiaçı ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, X4 və İddiaçı borc pulun qaytarılmasına dair tələbləri mülki mübahisəli olduğundan, həmin tələb üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu barədə izah edilmişdir. İşdə olan 22 dekabr 2021-ci il tarixli 2021-001777 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 İddiaçı tərəfindən təsvir edildiyi kimi əmək haqqına dair irəli gələn mübahisə üzrə 22 dekabr 2021-ci il tarixdə 11:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin həmin Maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin həmin Maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin həmin Maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin həmin Maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, Əmək Məcəlləsində işçilərlə işəgötürən arasında əmək münasibətlərinin, o cümlədən tərəflərin hüquq və vəzifələrinin, qarşılıqlı öhdəliklərinin əmələ gəlməsi yalnız tərəflər arasında yazılı əmək müqaviləsinin bağlanması halı ilə şərtləndirilmiş, digər hallar isə nəzərdə tutulmamışdır. Müvafiq yazılı əmək müqaviləsinin bağlanmaması isə əmək münasibətlərinin və qarşılıqlı hüquq və vəzifələrin, öhdəliklərin əmələ gəlməsini istisna edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı arasında tərəflərin qarşılıqlı hüquq və vəzifələrini, əmək funksiyalarının məzmununu və əmək haqqının məbləğini müəyyən edən hər hansı yazılı əmək müqaviləsi bağlanmamış, bununla da, onların arasında hər hansı əmək münasibətləri, o cümlədən Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşısında əmək hüquq münasibətlərindən irəli gələn hər hansı öhdəlikləri əmələ gəlməmişdir. İddiaçı özünün izahatında da Cavabdeh1 cəmi bir dəfə gördüyünü, onu torpaq sahəsində işləməyə üçüncü şəxs Fariz Muradovun dəvət etdiyini bildirmişdir. Bununla da, Cavabdeh1 və Cavabdeh2 İddiaçı işə götürdükləri, işlədiyi torpaq sahəsinin kimə məxsus olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmiş, həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, iddia ərizəsində göstərildiyi kimi torpaq sahəsinə dair Cavabdeh1la və ya Cavabdeh2la Fariz Muradov arasında icarə müqaviləsinin bağlanıb-bağlanmaması, ümumiyyətlə iddiaçının işlədiyini göstərdiyi torpaq sahəsi ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur, əmək haqqı tələbinin irəli sürülməsinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilməmişdir. Ona görə də, iddia tələbi qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 (iki min) manat məbləğində əmək haqqının alınaraq ona verilməsinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 (iki min) manat məbləğində əmək haqqının alınaraq ona verilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-956/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-956/2022
23.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver