Məhkəmə qərarları › İş №2(030)-125/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-125/2023

01.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-125/2023 01.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəni verdiyi gündən başlayaraq hesablanmaqla 11 aprel 2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 193 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 2020-ci ilin iyul ayından 2022-ci ilin may ayınadək ümumi təsərrüfat aparmaqla birgə yaşamışlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Faktiki nikahlarından 11 aprel 2021-ci ildə Vahid adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətlərinun uyğun gəlməməsi səbəbindən faktiki olaraq ayrılmışlar. Hazırda azyaşlı uşağı ilə birlikdə yaşayır. Uşağı azyaşlı olduğu üçün heç bir yerdə işləmir. Məhkəmədən 11 aprel 2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün ilkin mediasiya sessiyasına müraciət etdiyi vaxtdan başlayaraq hesablanmaq hər ay Cavabdeh 150 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini qəbul edib, ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh 2020-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Faktiki nikahlarından 11 aprel 2021-ci ildə Vahid adlı bir uşaqları anadan olmuşdur. 11 aprel 2021-ci ildə anadan olmuş X2 maddi təminatı üçün hər ay Cavabdeh 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsinə etiraz etmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X5 11 aprel 2021-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 21 may 2021-ci il tarixdə 1774 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 11 aprel 2021-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə Gəncə “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 21 may 2021-ci il tarixdə 282 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Tovuz 1 saylı Mediasiya təşkilatının ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 dekabr 2022-ci il tarixli 00057 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbinə dair” mübahisə üzrə ilkin mediasiya sesiyasının yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan Cavabdeh mübahisə üzrə 08 dekabr 2022-ci il tarixdə saat 10:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 03 oktyabr 2022-ci il tarixdə Cavabdeh mediasiyanın tətbiqi barədə təklif məktubu göndərmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində xərc ödənilmişdir. Məhkəmə iddiaçının və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2020-ci ilin iyul ayından 2022-ci ilin may ayınadək ümumi təsərrüfat aparmaqla birgə yaşamışlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Faktiki nikahlarından 11 aprel 2021-ci ildə X5 anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Hazırda azyaşlı uşaq iddiaçının himayəsindədir. İddiaçı 11 aprel 2021-ci ildə anadan olmuş X2 maddi təminatı üçün hər ay Cavabdeh 150 manat məbləğində alimet tutulub ona ödənilməsini xahiş etmiş, cavabdeh də iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 03 oktyabr 2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ünvanlanmışdır. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 11 aprel 2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 03 oktyabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 15 dekabr 2022-ci il tarixdə saat 10:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 50 manat ilkin mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 11 aprel 2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 03 oktyabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim : Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar