Məhkəmə qərarları › İş №2(030)-182/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-182/2025

11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-182/2025 11.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 21 iyul 2013-cü il təvəllüdlü X1 üçün hər ay Cavabdeh 245 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 24 iyul 2013-cü ildə ailə qurmuşlar. Birgə nikahlarından 22 iyun 2012-ci ildə Zamin və 21 iyul 2013-cü ildə Zamiq adlı iki uşaqları doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-68 saylı qətnaməsi ilə nikahları pozulmuş, 22 may 2012-ci ildə doğulmuş X7 Cavabdeh, 21 iyul 2013-cü ildə doğulmuş X8 isə onun himayəsində saxlanılmış, 22 may 2012-ci ildə doğulmuş X2 üçün aylıq qazancının ¼ hissəsi miqdarında aliment təyin edilmişdir. O, da himayəsində olan 21 iyul 2013-cü ildə doğulmuş X4 maddi təminatı üçün cavabdehdən aliment tələb edir. Goranboy rayonunda başqa şəxsə məxsus təsərrüfatda dünəmuzd qaydada işləyir. Uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Heç bir gəliri və qazancı yoxdur. Ona görə də aliment ödəmək imkanında deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 21 iyul 2013-cü ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 24 iyul 2013-cü ildə 268 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(030)- 68/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 24 iyul 2013-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 80 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydi aparılarkən Cavabdeh nikahdan əvvəlki “Hüseynova” soyadını bərpa etmək hüququnun olması, həmçinin ər-arvadın ümumi əmlakının bölünməsi haqqında 3 il ərzində iddia qaldırmaq hüququnun izah edilməsi, tərəflərin birgə nikahından 22 may 2012-ci ildə doğulmuş X7 Cavabdeh, 21 iyul 2013-cü ildə doğulmuş X8 isə İddiaçı yanında saxlanılması, 22 may 2012-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 25 aprel 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay İddiaçı aylıq qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulub Cavabdeh verilməsi, İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində mediasiya xərcinin Cavabdeh alınıb İddiaçı verilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 dekabr 2024-cü il tarixli MŞG/1/MT007/2024-02560 nömrəli arayışdan görünür ki, İddiaçı “atanın himayəsində olan uşağın saxlanması üçün aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 29 dekabr 2024-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh 05 iyul 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İşə əlavə olunmuş 28 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə tərfələrin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 24 iyul 2013cü ildə ailə qurmuşlar. Birgə nikahlarından 22 may 2012-ci ildə X7 və 21 iyul 2013-cü ildə X8 doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(030)- 68/2024 saylı qətanməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 24 iyul 2013-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 80 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından 22 may 2012-ci ildə doğulmuş X7 Cavabdeh, 21 iyul 2013-cü ildə doğulmuş X8 isə İddiaçı yanında saxlanılması, 22 may 2012-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 25 aprel 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay İddiaçı aylıq qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Hazırda İddiaçı himayəsində olan 21 iyul 2013cü ildə X1 üçün alimen təyin ounmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 05 iyul 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ünvanlanmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 qərarının 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. İddiaçı uşaqlarının saxlanması üçün 245 manat məbləğində təyin olunmasını tələb edir. Lakin, iddiaçı məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı iş yerinə və qazanca malik olmaqa, uşağın maddi təminatının həyata keçirilməsində daha geniş imkana malikdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 21 iyul 2013-cü ildə X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh 30 yanvar 2025-ci ildən başlayaraq hesablanmaqla ölkə üzrə minumum əmək haqqının 0,25 misli həddində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 29 dekabr 2024-cü il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ödənilmiş 55 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 1200 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 21 iyul 2013-cü ildə X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 30 yanvar 2025-ci ildən başlayaraq hesablanmaqla hər ay Cavabdeh ölkə üzrə minumum əmək haqqının 0,25 misli həddində aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X6 ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar