Məhkəmə qərarları › İş №2(030)-253/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-253/2025

13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-253/2025 13.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından 04 noyabr 2018-ci ildə doğulmuş X3 və 06 iyul 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarını dəyişdirilərək hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tututaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən Rayon Məhkəməsinin 06 avqust 2024cü il tarixli 2(030)-456/2024 saylı qətnaməsi ilə hər uşağa 150 manat məbləğində aliment təyin edilmişdir. Bundan sonra cavabdehin qazancı artmışdır. Belə ki, cavabdeh "xxxx" QSC-də işləyir və yüksək məbləğdə olmaqla 1300 manat əmək haqqı alır. Odur ki, sabit pul məbləğində təyin edilmiş alimentin miqdarını dəyişərək hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin üçdə hissəsi miqdarında alimentin tutularaq ödənilməsi uşaqların mənafeyinə uyğundur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə birgə nikahlarından 04 noyabr 2018-ci ildə Fatimə və 06 iyul 2020-ci ildə İsmayıl adlı iki uşaqları doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(030)-456/2024 saylı qətnaməsi ilə nikahları pozulmuş və hər uşağa 150 manat olmaqla, 300 manat məbləğində aliment təyin edilmişdir. Uşaqların maddi təminatını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə "xxxx" QSC-də işləyir və yüksək məbləğdə əmək haqqı alır. Alimentin sabit pul məbləğində qalması və ya minimum əmək haqqının hissəsi kimi indeksasiya edilməsi uşaqların mənafeyinə uyğun deyildir. Odur ki, hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tututaraq ona ödənilməsi tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(030)-456/2024 saylı qətnaməsi ilə nikahları pozulmuş və hər uşağa 150 manat olmaqla, 300 manat məbləğində aliment təyin edilmişdir. Həmin məbləği də çətinliklə ödəyir. Xəstəlikdən əziyyət çəkir və müalicəyə ehtiyacı vardır. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 04 noyabr 2018-ci ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06 iyul 2020-ci ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(030)- 456/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 04 noyabr 2018-ci ildə doğulmuş X3 və 06 iyul 2020-ci ildə doğulmuş X2 anaları İddiaçı yanında saxlanılmış, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 iyun 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 06 mart 2025-ci il tarixli MŞG/1/MT007/2025-00342 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin miqdarının tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 06 mart 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin İddiaçı və Cavabdeh ilkin mediasiya sesiyasından sonra prossesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İşə əlavə olunmuş 06 mart 2025-ci il tarixli BPM**********23 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, əmək haqqı barədə məlumatlardan görünür ki, Cavabdeh "xxxx" QSC-də qaynaqçı işləyir və aylıq əmək haqqı 1426 manat təşkil edir. Həmçinin Vətən müharibəsi iştirakçısı olduğu üçün hər ay 80 manat müavinət alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən valideylərdən hər ay, 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tululur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; İddia ərizəsinin məzmunundan göründüyü kimi tələb indeksassiya xarakteri daşımır və iddiaçı tələbini cavabdehin qazancının artması ilə əsaslandırmışdır. Qeyd olunanları, habelə yuxarıda göstərilən maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilməklə tərəflərin birgə nikahından 04 noyabr 2018-ci ildə doğulmuş X3 və 06 iyul 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 mart 2025-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh qazancın (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması uşaqların mənafeyinə uyğundur. Məhkəmə, həmçinin mediasiya məbləğinin ödənilməsinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 06 mart 2025-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin İddiaçı və Cavabdeh ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin 30 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(030)-456/2024 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. 04 noyabr 2018-ci ildə doğulmuş X3 və 06 iyul 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 mart 2025-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarda aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altmış) manat məbləğində mediasiya xərcinin 30 (otuz) manatı Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar