Məhkəmə qərarları › İş №2(030)-438/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-438/2025

06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-438/2025 06.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 iyun 2025-ci il tarixdəın başlayaraq hər ay Cavabdeh 246 manat sabit məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 15 yanvar 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 30 avqust 2013-cü ildə Fatimə adlı bir uşaqları doğulmuşdur. Ailə qurandan sonra münasibətləri yaxşı olsa da, sonralar aralarında yaranan narazılıqlar, həllini tapmayan söz-söhbətlər ailənin dağılmasına səbəb olmuş, 15 mart 2025-ci il tarixədən faktiki olaraq ayrılmışlar. O, qızı ilə birlikdə Daşkəsən rayonu Kəmərqaya kəndində, cavabdeh isə Abşeron rayonunun Saray qəsəbəsində yaşayır. Ayrıldıqdan sonra cavabdeh uşağı ilə maraqlanmamış, onun maddi tələbatı üçün heç bir ödəniş etməmişdir. Heç bir yerdə işləmir. Əlavə gəlir və qazancı yoxdur. Uşağının maddi tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, cavabdeh İddiaçı ilə faktiki olaraq ayrılmışlar. Hazırda birgə nikahlarından 30 avqust 2013cü ildə doğulmuş qızı Fatimə iddiaçının himayəsindədir. Uşağın saxlanılması üçün tələb edilən məbləğdə aliment ödəməyə razıdır. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 15 yanvar 2013-cü il tarixdə nikah bağlanmış və Abşeron rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 30 avqust 2013-cü ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qedyləri kitabında 29 dekabr 2013-cü ildə 3555 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 iyun 2025-ci il tarixli MŞG/1/MT007/2025-00679 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 16 may 2025-ci il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh 25 aprel 2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh aralarındakı nikahı 15 yanvar 2013-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrəli akt qeydi ilə qeydiyyata aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 30 avqust 2013-cü ildə X2 doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Hazırda 30 avqust 2013-cü ildə doğulumuş X2 İddiaçı himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün alimen təyin ounmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər . “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 qərarının 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 25 aprel 2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 30 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh 19 iyun 2025-ci ildən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,62 misli həddində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 16 may 2025-ci il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 1200 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 49,76 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 30 avqust 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh 19 iyun 2025-ci ildən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,62 misli həddində aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh 49,76 (qırx doqquz manat yetmiş altı qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X3 ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar