Məhkəmə qərarları › İş №2(030)-454/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-454/2024

01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-454/2024 01.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 may 2010cu ildə doğulmuş X6 və 25 oktyabr 2023-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılmaqla yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay Cavabdeh hər uşağa 235 manat olmaqla, cəmi 470 manat məbləğində aliment tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh ilə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahlarından 19 may 2010-cu ildə Səkinə və 25 oktyabr 2023-cü ildə Ruqayə adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Cavabdeh ailəsi və uşaqları ilə maraqlanmamış, onların maddi tələbatını ödəməmişdir. Daşkəsən Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli 2(030)-189/2018 saylı qətnaməsi ilə 19 may 2010-cu ildə doğulmuş X1 üçün 80 manat məbləğində aliment təyin edimişdir. Onun ərizəsinə əsasən işin icraatı dayandırılmışdır. Buna baxmayaraq, cavabdeh uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. O, isə günün tələblərinə uyğun olaraq uşaqlarının maddi tələbatını təkbaşına ödəyə bilmir. Ona görə də, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçı ilə barışıb bir yerdə yaşamaq istəyir. Hazırda xəstə olduğu üçün heç bir yerdə işləyə bilmir. Əlavə gəlir və qazancı yoxdur. Uşaqların ona verilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 may 2010-cu ildə Daşkəsən rayonu Bayan kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 14 sentyabr 2012-ci il tarixdə 264 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 oktyabr 2023-cü ildə Göygöl şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 30 noyabr 2023-cü il tarixdə 1711 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli 2(030)- 189/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 13 mart 2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 80 (səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi, aliment tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra sənədinin qaytarılması haqqında 04 aprel 2022-ci il tarixli qərarının surətindəın görünür ki, icra sənədi üzrə tələbkar İddiaçı 21 fevral 2022-ci il tarixli ərizəsinə əsasən icra sənədi Daşkəsən Rayon Məhkəməsinə qaytarılmışdır. İşə əlavə olunmuş Samux 1 saylı mediasiya təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 aprel 2024-cü il tarixli MŞG/1/2024-0090 saylı arayışdan görünür ki, İddiaçı “aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 29 aprel 2024-cü il tarixdə saat 12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh 08 yanvar 2024-cü il tarixdə təklif məktubu göndərilmişdir. İddiaçı tərəfindən 50 manat ilkin mediasiya xərci ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 19 may 2010-cu ildə X6 və 25 oktyabr 2023-cü ildə X5 doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli 2(030)- 189/2018 saylı qətnaməsi ilə xx.xx.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 13 mart 2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 80 (səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Daşkəsən rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İddiaçı 21 fevral 2022-ci il tarixdə ərizə ilə Daşkəsən rayon İcra və probasiya şöbəsinə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılması xahiş etmiş, Daşkəsən rayon İcra və probasiya şöbəsinin 04 mart 2022-ci il tarixli qərarı ilə icra sənədi Daşkəsən Rayon Məhkəməsinə qaytarılmışdır. Hazırda İddiaçı 19 may 2010-cu ildə doğulmuş X6 və 25 oktyabr 2023-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılmaqla yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay Cavabdeh hər uşağa 235 manat olmaqla, cəmi 470 manat məbləğində aliment tutulub ona ödənilməsini tələb edir. Daşkəsən Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli 2(030)-454/2024 saylı qanuni qüvvəyə minmiş və icra yönəldilmiş qətnaməsi olduğu üçün iddia tələbinin 19 may 2010-cu ildə doğulmuş X3 İddiaçı yanında saxlanılması və aliment təyin edilməsinə dair hissəsinə xitam verilmişdir. Məhkəmə 25 oktyabr 2023-cü il təvəllüdlü X2 yaşına çatanadək saxlanılması üçün aliment təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağının saxlanılması üçün 235 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də, alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 25 oktyabr 2023-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 03 iyun 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 29 aprel 2024-cü il tarixdə 12:00 saatlarında keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci, yəni 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 25 oktyabr 2023-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 03 iyun 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. 50 manat məbləğində ilkin mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilsin. 38 manat dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar