Məhkəmə qərarları › İş №2(030)-598/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-598/2024

07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-598/2024 07.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 07 may 2011ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh 235 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 2009-cu ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 07 may 2011-ci ildə Röyal adlı bir uşaqları anadan olmuşdur. Məhkəmə tərəfindən uşağa atalıq müəyyən edilmiş və aliment təyin edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(030)-347/2023 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 140 manat məbləğində təyin edilmişdir. Uşaq böyüdükcə onun maddi və digər tələbatları artır. Cavabdeh isə alimentdən başqa uşağının saxlanılması üçün heç bir köməklik göstərmir. Təkbaşna uşağının maddi ehtiyaclarını qarşılaya bilmir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 07 may 2011-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 12 may 2011-ci il tarixdə 11 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(030)- 347/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(030)-63/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, tərəflərin birgə nikahından 07 may 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş ilk mediasiya sessiyasından iştirak edilməməsi barədə 24 avqust 2024-cü il tarixli MŞG/1/2024-00304 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin miqdarının artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh mübahisə üzrə 24 avqust 2024-cü il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh mediasiyanın tətbiqi barədə 31 iyul 2024-cü il tarixli təklif məktubu göndərilmişdir. İşə əlavə edilmiş 24 avqust 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2009-cu ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 07 may 2011-ci ildə X2 doğulmuşdur. Uşağa atalıq müəyyən edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(030)-347/2023 saylı qətnaməsi ilə 07 may 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 140 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı 07 may 2011-ci ildə doğulmuş X1 maddi təminatı üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2023cü ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağının saxlanılması üçün 235 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 07 may 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, mediasiya sessiyasından iştirak edilməməsi barədə 24 avqust 2024-cü il tarixli MŞG/1/2024-00304 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin miqdarının tələbinə dair” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan Cavabdeh mübahisə üzrə 17 aprel 2023-cü il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh 03 aprel 2023-cü il tarixli mediasiya sesiyasının tətbiqi barədə təklif məktubu göndərilmişdir. İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci tam ödənilmişdir. Ona görə də, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(030)-347/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. Tərəflərin birgə nikahından 07 may 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar