Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-623/2023 27.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilərək cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə evliliklərindən olan övladları 23 aprel 2014-cü il tarixdə anadan olmuş X2 və 05 aprel 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək hər ay Cavabdeh hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin, həmçinin, Gəncə 1 saylı Mediasiya təşkilatına ödədiyi 50 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 15 avqust 2013-cü ildə ailə qurmuşlar. Nikahlarını 19 dekabr 2013-cü ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 163 nömrə ilə qeydə aldırmışlar. Birgə nikahlarından 23 aprel 2014-cü idə Ruslan və 05 aprel 2016-cı ildə Rüfət adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə 6 aydır ki, ayrılmışlar. Azyaşlı uşaqları onunla birlikdə Gəncə şəhəri Tağı Arani küçəsi, 1-ci döngə, bina 3, mənzil 2-də kirayə qalırlar. Hal-hazırda heç bir yerdə işləmir. Cavabdeh isə taksi fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. O, isə günün tələblərinə uyğun olaraq uşaqlarının maddi tələbatlarını ödəyə bilmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə 15 avqust 2013-cü ildə ailə qurmuşlar. Nikahlarını 19 dekabr 2013-cü ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 163 nömrə ilə qeydə aldırmışlar. Birgə nikahlarından 23 aprel 2014-cü idə Ruslan və 05 aprel 2016-cı ildə Rüfət adlı iki uşaqları doğulmuşdur. Faktiki olaraq ayrılmışlar. Hazırda fərdi əməklə məşğul olur. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Hər uşağa 100 manat aliment ödəyə bilər. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 19 dekabr 2013-cü il tarixdə nikah bağlanmış və Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 163 nömrəli akt qeyi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Bayramova” soyadı verilmişdir. İşə əlavə olunmuş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 23 aprel 2014-cü ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 06 may 2014-cü il tarixdə 119 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 05 aprel 2016-cı ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 28 may 2016-cı il tarixdə 227 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 avqust 2023-cü il tarixli MŞG/1-MT007/2023-02667 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 21 avqust 2023-cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh 01 avqust 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində xərc tam ödəmişdir. Məhkəmə tərəflərin izahatlarının dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin fakitiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 15 avqust 2013-cü ildə ailə qurmuşlar. Nikahlarını 19 dekabr 2013-cü ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 163 nömrə ilə qeydə aldırmışlar. Birgə nikahlarından 23 aprel 2014cü idə X2 və 05 aprel 2016-cı ildə X4 doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Hazırda İddiaçı 23 aprel 2014-cü idə doğulmuş X2 və 05 aprel 2016-cı ildə doğulmuş X1 maddi təminatı üçün hər uşağa 250 manat olmaqla, cəmi 500 manat məbləğində aliment tutulub ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşaqlarının saxlanılması üçün hər uşağa 250 manat olmaqla, cəmi 500 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də, alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 23 aprel 2014-cü idə doğulmuş X2 və 05 aprel 2016-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 14 sentyabr 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər 21 avqust 2023-cü il tarixdə 10:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 50 manat ilkin mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından 23 aprel 2014-cü idə doğulmuş X2 və 05 aprel 2016-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 14 sentyabr 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-623/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-623/2023
27.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver