Məhkəmə qərarları › İş №2(030)-648/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-648/2025

24.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-648/2025 24.11.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 mart 2024cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh hər uşağa 50 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 2023-cü ildə el adəti ilə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 24 mart 2024-cü ildə Məhəmməd adlı bir uşaqları doğulmuşdur. Rəsmi nikahları olmadığı üçün uşağa atalıq müəyyən edilmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi, bir-birilərini başa düşmədikləri, ailəyə laqeyid münasibəti səbəbindən ayrılmaq məcburiyyətində qalmışdır. Artıq bir müddətdir ki, ayrılmışlar. Hazırda azyaşlı uşağı ilə birlikdə yaşayır. Günün tələblərinə uyğun olaraq uşağın maddi tələbatını təkbaşına ödəyə bilmir. Cavabdeh isə uşağın maddi təminatı üçün heç bir maddi köməklik göstərmir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 24 mart 2024-cü ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 17 aprel 2024-cü il tarixdə 31 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 24 mart 2024-cü ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 09 sentyabr 2025-ci il tarixdə 22 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 avqust 2025-ci il tarixli MŞG/1-MT0072025-01165 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 14 avqust 2025-ci il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən Cavabdeh 04 avqust 2025-ci il tarixdə təklif məktubu göndərilmişdir. İşə əlavə olunmuş 14 avqust 2025-ci il tarixli BPM**********68 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2023-cü ildə el adəti ilə ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları dövrdə 24 mart 2024-cü ildə X2 doğulmuşdur. Uşağa atalıq müəyyən edilmişdir. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar. Hazırda iddiaçı uşağının saxlanılması üçün alimen təyin ounmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddələrinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il üçün “Yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər . Qeyd olunanları əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 24 mart 2024cü ildə doğlumuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh 29 sentyabr 2025-ci il tarixdən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,125 misli həddində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 04 avqust 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ünvanlanmışdır. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 14 avqust 2025-ci il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 600 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilmir. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 24 mart 2024-cü ildə doğlumuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh 29 sentyabr 2025-ci il tarixdən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,125 misli həddində aliment tutulub İddiaçı ödənilsin. Ödənilmiş 60 (altmış) manat ilkin mediasiya xərci Cavabdeh tutulub İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X4 ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar