Məhkəmə qərarları › İş №2(030)-675/2025

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-675/2025

22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-675/2025 22.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdehlər Cavabdeh1, İkram, Ayxan, Cavabdeh4 və Babək adlı şəxslərə qarşı ona qarşı irəli sürülmüş saxta ittihamların ləğv edilməsi, cavabdehlərin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması, ailəsinin toxunulmazlığının pozulmasına görə ona və həyat yoldaşına dəymiş mənəvi zərərin tanınması və kompensasiya ödənilməsi, bu işin tam, obyektiv və şəffaf şəkildə araşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin hüquqi cavabdehlik daşıması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, İkram, Ayxan, Cavabdeh4 və Babəkə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, ona qarşı irəli sürülmüş saxta ittihamların ləğv edilməsi, cavabdehlərin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması, ailəsinin toxunulmazlığının pozulmasına görə ona və həyat yoldaşına dəymiş mənəvi zərərin tanınması və kompensasiya ödənilməsi, bu işin tam, obyektiv və şəffaf şəkildə araşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin hüquqi cavabdehlik daşıması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsi tərtib olunarkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunun tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə görə, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. İş üzrə göründüyü kimi, məhkəməyə poçt vasitəsi ilə daxil olmuş iddia ərizəsi 1 nüsxə göndərilmişdir. Həmçinin ərizəyə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında qəbz və ya iddiaçının dövlət rüsumundan azad edilməsi barədə sənəd əlavə edilməmişdir. İddia ərizəsində cavabdeh kimi göstərilmiş İkram, Ayxan, Cavabdeh4 və Babək adlı şəxslərin soyadı, ata adı, qeydiyyat ünvanı və ya yaşayış ünvanı tam və dəqiq göstərilməmişdir. Bunlardan əlavə, tələb qarışıq şəkildə təqdim edilmişdir. Mülki məhkəmə icraatında baxılmalı olmayan məsələlər ərizədə qeyd olunmuşdur. . 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı iddia ərizəsində iddiaçının tələbləri, onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia beş cavabdeh barədə verildiyindən onların hər birinə qarşı yönələn tələb göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 10-1.3-cü maddəsinə görə, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması üçün əsas olmuş çatışmazlıqlar aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar