Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1008/2025 30.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)- 119/2025 nömrəli qərardadının dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 0,5 misli miqdarında müəyyən edilməsi və mediasiya təşkilatına ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(031)-92/2013 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq İddiaçı hər ay 94 manat olmaqla sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-119/2025 nömrəli qətnaməsi ilə hər ay bir uşaq üçün aliment məbləği ölkə üzrə minimum əmək haqqının 1 misli həddində indeksasiya edilmişdir. O, "X13 Company" MMC-də usta köməkçisi işləyir və aylıq maaşı 400 manatdır. Maaşından başqa gəliri yoxdur. İkinci dəfə ailə qurmuşdur. Həmin nikahından xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5, X7 adlı övladları var. Bir uşağa ayda 400 manat aliment ödəmək imkanı yoxdur. Belə olduqda nə özünü, nə də digər 3 uşağın tələbatını ödəyə bilməyəcəkdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tam, qərəzsiz, obyektiv və hərtərəfli araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)- 119/2025 nömrəli qərardadından görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-92/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqının məbləği 1 misli həddində indeksasiyanın aparılması qərara alınmışdır. İş materiallarında olan AZ-İV seriyalı, 566493 nömrəli, AZ-İİİ seriyalı 194597 nömrəli və AZ-İİİ seriyalı 675407 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə X1 birgə münasibətindən xx.xx.2020-ci ildə Adəm, xx.xx.2013-cü ildə Süleyman və xx.xx.2015-ci ildə Aynisə adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Quba 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, aliment məbləğinin azaldılması barədə tərəflər razılığa gəlməmiş və İddiaçı Quba 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində rüsum ödəmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddianın həcminin 247 manat məbləğində təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixli ərizəsinin nəzərə alınmamasını, alimentin miqdarının 300 manata qədər azaldılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmənin Plenum Qərarına əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edildiyinə, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməli olduqlarına görə Şabran Rayon Məhkəməsinin 8(031)-119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 94 manat sabit pul məbləğində aliment indeksasiya edilərək İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasında minimum əmək haqqı 2011-ci ilin dekabr ayından 2013-cü ilin sentyabr ayına kimi 93,50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və xx.xx.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərara əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərara əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərara əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Qanunvericiliyə əsasən uşağın qayğısına qalmaq valideynin borcudur və valideyn uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyəti və maliyyə imkanı daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi hazırki iş üzrə xx.xx.2010-cu il təvəllüdlü X3 Cavabdeh himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin Cavabdeh üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi İddiaçı tutulmasına əsas verir. İddiaçı az qazanca malik olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə İddiaçı məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bundan əlavə sözügedən uşaq Bakı şəhərində yaşadığına görə rayonlarla müqayisədə Bakıda yaşayış səviyyəsinin yüksək olmasını, yəni yaşayış xərcləri, o cümlədən qida, geyim, nəqliyyat, təhsil və tibbi xidmətlərə dair qiymətlərin ölkənin digər regionlarına nisbətən xeyli yüksək olmasını, bu səbəbdən Bakı şəhərində yaşayan uşağın gündəlik və aylıq xərclərinin daha çox olmasını nəzərə alaraq və uşağın normal inkişafı, sağlamlığı və sosial ehtiyaclarının tam təmin olunması üçün iş üzrə alimentin miqdarı ağlabatan həcmdə müəyyən edilməlidir. Qeyd edilənlərlə birlikdə nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məhkəmələr tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı onların gəlirləri, digər qazanc mənbəyindən əlavə özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməli olduğu qeyd edilmişdir. Hazırki iş üzrə məhkəmə tərəfindən İddiaçı çalışdığı vəzifəyə əsasən qazancı 400 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən İddiaçı özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsini nəzərə alaraq məhkəmə tərəfindən alimentin uşağın saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində tutulmasının müəyyən edilməsi daha məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə işin faktiki hallarını, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alaraq, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 8(031)-119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı əsasında Şabran Rayon Məhkəməsinin 2(031)-92/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqının məbləğinin 1 misli həddində alimentin tutulması qaydası dəyişdirilməli, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda, məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 8(031)-119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı əsasında Şabran Rayon Məhkəməsinin 2(031)-92/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqının məbləğinin 1 misli həddində alimentin tutulması qaydası dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-1008/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1008/2025
30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver