Məhkəmə qərarları › İş №2(031)-163/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-163/2024

22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-163/2024 22.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı ağır qoxuların qanunsuz təsir edilməsinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ağır qoxuların qanunsuz təsir edilməsinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaranan ağır qoxuların yaranmasının və gələcəkdə onun və ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərilməsinin qarşısının alınması məqsədi ilə, cavabdehə quşçuluq sexinin fəaliyyətinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla qonşuluqda, fərdi mənzil tikilməsi üçün verilmiş torpaq sahəsində cavabdeh cücə saxlamaq üçün iki böyük cücə sexi tikib. Halbuki, həmin sexlər yaşayış massivindən ara məsafədə tikilməlidir. O, yaşadığı evdə ailəsi, övladı, onun həyat yoldaşı və iki körpə nəvəsi ilə yaşayır. Cavabdeh həmin sexlərə cücə vurub saxlayanda, sexlərdən gələn pis qoxunun təsirindən evdə və həyətyanı torpaq shəsində dayanmaq mümkün deyil. Onun, ailə üzvlərinin və iki azyaşlı nəvəsinin bu təsirdən hər hansı bir xəstəliyə tutulmasından ehtiyat edir. Dəfələrlə cavabdehə bu barədə bildirsə də, cavabdeh onun sözlərinə əhəmiyyət verməmişdir. O, buna son qoyulması üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etmişdir. Onun müraciəti aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Şabran rayon İcra Hakimiyyətinə göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional İdarəsindən ona cavab olaraq bildirilmişdir ki, Cavabdeh həyətyanı torpaq sahəsində iki ədəd quşçuluq sexinin inşa edildiyi, fəaliyyət dövründə sanitar-ekoloji norma və qaydalara əməl olunmadığı, quşçuluq sexi yaşayış məntəqəsinin sanitar mühafizə zonası gözlənilmədən, bilavasitə həyətyanı torpaq sahəsində inşa edilmiş, ventilasiya bacalarının lazımi səviyyədə quraşdırılmadığı məlum olmuşdur. Araşdırma ilə bağlı akt tərtib olunaraq, Cavabdeh aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədi ilə rəsmi "xəbərdarlıq" məktubu, eyni zamanda quşçuluq sexinin fəaliyyətinə səlahiyyət daxilində nəzarət olunması məqsədi ilə Şabran RİHB-nın Şabran İƏD üzrə nümayəndiliyinə və Şabran Bələdiyyəsinə məktublar göndərilmişdir. Şabran rayon İcra Nümayəndəsinin ona göndərdiyi cavab məktubunda qeyd edilmişdir ki, həyətyanı sahəsində böyük həcmdə quşçuluq işi ilə məşğul olmaq yolverilməzdir. Bu ətraf əhalinin haqlı narazılığına səbəb olur. Bu səbəbdən ondan tələb olunmuşdur ki, qeyd olunan fəaliyyətini dayandırsın və həyətyanı sahədən təyinatı üzrə istifadə edilməsi bildirilmişdir. Şabran rayon İcra Hakimiyyətinin Başçısı Aparatının ona ünvanladığı məktubda qeyd edilmişdir ki, göstərilən məsələnin həlli ilə bağlı Azərbaycan Respublikasi Ekologiya va Təbii Sərvətlər Nazirliyinə və aidiyyati üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunur. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, X2 mülkiyyətinə Şabran şəhəri ərazisindən 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan V-JQ seriyalı 366055 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 19 iyul 1990-cı ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-14-44/2-394/2024 saylı məktubdan görünür ki, araşdırma müddətində X7 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında atmosfer havasının və səs-küyün tədqiqi məqsədi ilə xx.xx.2024-cü il tarixində saat 1900 -1930 radələrində Gazanalizedici BT-9-DR-850 və səs-küy analizatoru PCE-322A vasitəsi ilə həyata keçirilərkən monitorinq ölçmə zamanı səs-küyün səviyyəsi 47,6 MİN, 56,8 dba/NORMA, 60,0 dba/ qeydə alınmış, atmosfer havasına qeyri adi iy-qoxu müşahidə edilməmiş, həmçinin, quşartırma prosesi zamanı əmələ gələn ammoniyak qazı 0,0 mq/m3 qeydə alınaraq norma daxilində olduğu müəyyən edilmişdir. Ölçmə işləri obyekt fəaliyyət göstərdiyi müddətdə aparılmışdır. Araşdırmanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixində 002033 saylı akt tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-14-44/2-581/2024 saylı məktubdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Monitorinq İdarəsinin və 5 saylı Regional Ekologiya və təbii sərvətlər idaərsinin əməkdaşlarının birgə xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında atmosfer havasına atılan zərərli qaz qarışıqlarının müəyyənləşdirilməsi məqsədilə ekoloji monitorinq keçirilmişdir. Qeyd edilən ünvanda ekoloji monitorinq şikayətçi İddiaçı iştirakı ilə keçirilmişdir. Monitorinq zamanı atmosfer havasına atılan zərərli qaz qarışıqlarının və ətraf mühitə yayılan səs-küy səviyyəsini müəyyənləşdirmək məqsədilə sabit hava şəraitində saat 19:00-19:30 radələrində BTQ-DR850 və PCE-322A səyyar cihazları vasitəsilə analizölçmə işləri aparılmış, nəticəyə əsasən amonyak qazının miqdarının NH3-0,0 mq/m3 (norma: 0.2 mq/m3), səs-küy səviyyəsinin miqdarının 47.6 dBA-56.8 dBA (norma-60dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasında olduğu müəyyən edilmişdir. Keçirilmiş monitorinqlə bağlı qəbul edilmiş xx.xx.2024-cü il tarixli 002033 saylı akt tərtib olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şabran şəhəri ərazisində olan 0.05 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətindədir. O da İddiaçı ilə xx.xx.1990-cı il tarixdən rəsmi nikah münasibətindədir. Odur ki, hazırki iddianı qaldırmağa iddiaçının subyektiv hüququ vardır. Məhkəmə iclasında həmçinin, müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Belə ki, bu hal iş materiallarında olan 2 rəy ilə təsdiqini tapmışdır. Həmin rəylər ilə bir daha müəyyən olunur ki, mübahisəli ərazidə atmosfer havasında qeyri adi iy-qoxu müşahidə edilməmiş, həmçinin, quşartırma prosesi zamanı əmələ gələn ammoniyak qazı norma daxilindədir. Odur ki, İddiaçı məhkəmə iclasında öz hüququnun bərpası, güvənli nəticəyə gəlinməsi barədə hər hansı bir mötəbər sübutu və ya sənədi təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edi ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, iddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərini tam sübut edə bilməmiş, iddiaçı tələbinin əsaslı olmasına dair mötəbər, əsaslı şübhələrdən kənar sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə əldə edilmiş ekspert rəyi ilə tələbin əsassız olması öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı ağır qoxuların qanunsuz təsir edilməsinin qadağan edilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ağır qoxuların qanunsuz təsir edilməsinin qadağan edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar