Məhkəmə qərarları › İş №2(031)-210/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-210/2025

20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-210/2025 20.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixdən (mediasiya təşkilatına müraciət edilən vaxtdan) xx.xx.2022-ci il təvəllüdlü oğlanları X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay olmaqla ayda 246 manat aliment tutularaq ona ödənilməsi, ilkin mediasiya sessiyası üçün ödədiyi 50 manat rüsum haqqı Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2021-ci ilin yanvar ayında ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci ildə Arda adlı uşaqları olmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailə münasibətləri pozulmuşdur. Dəfələrlə aralarında narazılıqlar olub, lakin hər dəfə onu bağışlamışdır. Bir neçə dəfə ata evinə gəlmiş, aralarında onu bağışlamışdır. Artıq 7 aya yaxındır ki, ata evində qalır. Özü heç bir yerdə işləmir. Həyat yoldaşı onlara heç bir maddi yardım etmir, ona qarşı laqeyddir. Uşağına tək başına baxmaq onun üçün maddi cəhətdən çətindir. O səbəbdən cavabdehdən övladının saxlanılması üçün alimentin tutulması vacibdir. Məhkəmə iclasında dindirilən iddia iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci ildə Arda adlı uşaqları olmuşdur. İş materiallarında olan Siyəzən rayon İHB-nın Siyəzən şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli 3434 saylı arayışdan görünür ki, İddiaçı Siyəzən şəhəri, S.Dağlı küçəsi 52 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh sessiyada iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Qusar 1 saylı Mediasiya təşkilatının hesabına 50 manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81, 82 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndini rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında ər-arvad münasibətlər pozulmuş, uzun müddətdir ki, ayrılmışlar, uşaq hazırda ananın yanında yaşayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarının 3.1.-ci yarımbəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-235, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar