Məhkəmə qərarları › İş №2(031)-247/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-247/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-247/2024 19.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X5 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit məbləğində pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə birgə nikahlarından iki övladı var: xx.xx.2017-ci il tarixdə X5 və xx.xx.2019-ci il tarixdə X6 anadan olmuşdur. Şabran rayon məhkəməsinin 2(031)- 1025/2021 xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub 12 iyun 2017-ci il təvəllüdlü X3 və 21 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün ona ödənilməsi göstərilmişdir. Ödənilən aliment məbləği az olduğundan onun uşaqlara maddi cəhətdən baxmağı çətin olur. Cavabdeh övladının qayğısına qalmalıdır. O, özü hal-hazırda işləmir. Övladının təhsili ilə bağlı xərcləri çatdıra bilmir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, o, iddiaçıya işləyəndə uşaqlarının saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında aliment verirdi, lakin hazırda işləmir. İş üçün Məşğulluğa müraciət etmişdir. Lakin hələ iş tapa bilməmişdir. O, iddiaçıya hazırda 200 manat aliment ödəyir. İddiaçının tələb etdiyi alimenti ödəmək imkanı yoxdur. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə Əsma və xx.xx.2019-cu ildə Tolqa adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(031)- 1025/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 21 sentyabr 2016-cı il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 213 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra 12 iyun 2017-ci il təvəllüdlü X5 və 21 mart 2019-cu il təvəllüdlü X6 anası İddiaçı yanında qalmış, iddiaçı Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub 12 iyun 2017-ci il təvəllüdlü X3 və 21 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.3-cü maddəsinə əsasən, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-1025/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edilərkən, Cavabdeh işlədiyi üçün, ondan tutulmalı olan alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, yəni hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilmiş və həmin məhkəmə qətnaməsi müvafiq qaydada icraya yönəldilmişdir. Lakin hal-hazırda Cavabdeh işdən çıxdığı üçün, iddiaçının tələbi nəzərə alınaraq, 12 iyun 2017-ci il təvəllüdlü X3 və 21 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan alimentin miqdarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələblərinə uyğun müəyyən edilməlidir. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətinı, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olmasını, iddiaçı tərəfin öz tələbində cavabdehdən hər uşağa görə hər ay 220 manat olmaqla, cəmi 440 manat miqdarında sabit pul məbləğində aliment tələb etdiyi halda, məhkəmə iclasında həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməməsini və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməməsini nəzərə almaqla hesab edir ki, saxlanılması üçün xeyrinə aliment tutulan uşaqlarının normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər uşağa görə sabit pul məbləğində hər ay 180 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarının tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Şabran Rayon məhkəməsinin 2(031)-1025/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan aliment dəyişdirilməli, 12 iyun 2017-ci il təvəllüdlü X3 və 21 mart 2019-cu il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 180 manat olmaqla, cəmi 360 manat miqdarında aliment tutulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şabran Rayon məhkəməsinin 2(031)-1025/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan aliment dəyişdirilsin. 12 iyun 2017-ci il təvəllüdlü X3 və 21 mart 2019-cu il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altımış) manat miqdarında aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar