Məhkəmə qərarları › İş №2(031)-275/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-275/2025

17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-275/2025 17.03.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixdən (Mediasiya təşkilatına müraciət edilən vaxtdan) qızları xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa hər ay hər birinə ayda 246 manat olmaqla, cəmi 492 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nigahların xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk illərdə münasibətləri normal olsa da, sonradan ailə münasibətləri pozulmuşdur. Dəfələrlə aralarında narazılıqlar olmuş, lakin hər dəfə onu bağışlamışdır. Bir neçə dəfə ata evinə gəlmiş, aralarında onu bağışlamışdır. Artıq 6 aya yaxındır ki, ata evində qalır. Özü heç bir yerdə işləmir. Həyat yoldaşı onlara heç bir maddi yardım etmir, onlara qarşı laqeyddir. Uşaqlarına tək başına baxmaq onun üçün maddi cəhətdən çətindir. Ona görə də aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə məlumat verilsədə o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AZ-İİ seriyalı 274752 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 18 iyul 2018-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. -Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ilə Rüqəyya, xx.xx.2020-ci ildə Yağmur adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81, 82 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndini rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən xx.xx.2018-ci ildə X4, xx.xx.2020-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. Uşaqlar iddiaçının yanında yaşayır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci ildə anadan olmuş X2 və xx.xx.2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh X1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci ildə anadan olmuş X2 və xx.xx.2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh X1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar