Məhkəmə qərarları › İş №2(031)-329/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-329/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-329/2024 06.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun və həyat yoldaşının xeyrinə hər ay əmək haqqı və digər gəlirlərindən ümumilikdə 1/3 (üçdə bir) hissə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan xx xxxxxx 1984-cü il təvəllüdlü vətəndaş Cavabdeh onun oğludur. O və həyat yoldaşı İddiaçı2 qızı əmək qabiliyyətli deyillər, yeganə gəlir yerləri pensiyadır və başqa gəlir yerləri olmadığına görə maddi yardıma ehtiyacları var. Gəlirlərinin böyük hissəsi Ş.Vahabzadə küçəsi, ev 16 ünvanında yaşadığları evin kommunal xərclərinə (xüsusən qış aylarında) yönəldilir. Yaşlılıqla əlaqədar yaranan, həmçinin xronikiləşmiş bir sıra xəstəlikləri var. Onların müayinə və müalicəsinə qəti şəkildə əldə etdikləri gəlirdən ayıra bilmirlər. Günü gündən xəstəliklərlə bağlı olaraq maddi çətinlikləri artır. Digər övladlarının gəlirləri həddən artıq azdır, bu səbəbdən onlar da köməklik edə bilmirlər. Onlar çox çətin illərdə (1995-2004) cavabdehin təhsilinə xüsusi diqqət ayırmış, onun yüksək təhsil almasına maddi və mənəvi dəstək olmuşlar. Hal-hazırda onun vəzifədə işləməyində və yüksək əmək haqqı almağında onların valideynlərin əvəzedilməz haqqı və rolu vardır. Onlar heç bir vaxt valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırmamışlar və valideynlik hüquqlarından məhrum olunmamışlar. Onlara məlumdur ki, cavabdehin yetərincə maddi vəsaiti var və onlara kömək edə bilər. Hal-hazırda o, “Azneft” İstehsalat Birliyi, “28 May” adına Neft və Qaz çıxarma idarəsində rəis müavini vəzifəsində işləyir. Çox yüksək əmək haqqı alır. Lakin onların çətinliklərini nəzərə almır, onlara könüllü surətdə kömək etmək arzusunda deyil. Cavabdeh iddia ərizəsinə verdiyi etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar valideynləri (anası və atası) birgə formada ona qarşı 2(031)- 329/2024 nəmrəli iddia işi üzrə Şabran rayon Məhkəməsinə müraciət edərək valideynlərin saxlanması üçün aliment tələbinə dair qətnamə çıxarılmasını xahiş ediblər. Hesab edir ki, valideynlərinin iddiada qeyd etdikləri kimi onların onun üzərində əməyi əvəzedilməzdir. Bunun qarşılığı olaraq onlara maddi və mənəvi olaraq kömək etmək onun borcudur. Lakin tələb edilən alimentin miqdarı (1/3 hissə) çoxdur. Çünki o, 2008-ci ildə ailə həyatı qurmuş və iki övladı var. Onların qayğıları da onun üzərindədir. Həmçinin bildirir ki, valideynləri yaşa görə dövlət tərəfindən müəyyən edilmiş miqdarda pensiya da alır. Xahiş edir, iddiaçıların (valideynlərinin) aliment iddia tələbini əmək haqqı və digər gəlirlərinin ¼ hissəsindən artıq olmayan həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasına məlum olmayan səbəbdən gəlməmişdir. Məhkəmə İddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar xx.xx.1952-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1954-cü il təvəllüdlü İddiaçı2 övladı Cavabdeh maddi vəziyyətlərinə görə onun aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. İş materiallarına əlavə edilmiş CMS "Azemis" Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı1 491,96 manat məbləğində pensiya alır. İş materiallarına əlavə edilmiş CMS "Azemis" Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı2 568,02 manat məbləğində pensiya alır. Məhkəmə hesab edir ki, 2024-cü ildə ölkədə yaşayış minimumu pensiyaçılar üçün 222 manat məbləğində müəyyən edilməsi nəzərə alınmalıdır. Eyni zamanda, iddiaçı Bayraməli Novruzov etiraf edir ki, o həyat yoldaşı ilə birlikdə aylıq 1000 manata yaxın müavinət alır. Belə olan halda məhkəmə hesab edir ki, 1000 manat aylıq müavinət ilə rayon yerində dolanmaq mümkündür. İddiaçılar maddi yardıma ehtiyaclarının olmasına dair məhkəməyə hər hansı sübut təqdim etmədiklərindən iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar