Məhkəmə qərarları › İş №2(031)-552/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-552/2025

19.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-552/2025 19.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilərək alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları rəsmi qaydada pozulmuşdur. Birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 adlı uşaqları anadan otmuşdur. xx.xx.2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır. Onlar hal-hazırda cavabdehlə birgə yaşamırlar. Cavabdeh övladları ilə maraqlanmır. Bu günə qədər övladlarının bütün təminatlarını özü ödəyir, ancaq ona bir ana kimi çətin olur. Övladının bəzi xərclərini çatdıra bilmir. Cavabdehin imkanı yaxşıdır, lakin ailəsinə baxmır və övladlarının qayğısına qalmır. Bu da onun üçün maddi cəhətdən çox çətin olur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-439/2024 saylı qətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2009-cu il təvəllüdlü X2 üçün İddiaçı himayəsinə verilməsi qət etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X6 anadan otmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 475632 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan "AZEMİS" Məhkəmə Elektron İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də işləyir, aylıq 898,29 manat əmək haqqı alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh sessiyada iştirak etməmiş, İddiaçı tərəfindən Qusar 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində rüsum ödənilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Hülövlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Xaçmaz rayonu, Rəhimoba kəndində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81, 82 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndini rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında ər-arvad münasibətlər pozulmuş, ayrılmışlar, uşaq hazırda ananın yanında yaşayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarının 3.1.-ci yarımbəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,54 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-235, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,54 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar