Məhkəmə qərarları › İş №2(031)-88/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-88/2024

08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-88/2024 08.02.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 16 noyabr 2023-cü il tarixdə Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, onun Cavabdeh ilə xx.xx.2021- ci il tarixdə Xaçmaz rayonu qeydiyyat şöbəsində 539 saylı qeydlə bağlanmış rəsmi nikahlarının pozulması, xx.xx.2022-ci il təvəllüdlü X3 onun yanında saxlanılması, eləcə də uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment pulunun, 50 manat mediasiya xərcinin və 50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı X4 tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu qeydiyyat şöbəsində 539 saylı qeydlə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 1 (bir) övladları: xx.xx.2022-ci il təvəllüdlü X5 anadan olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan münasibətləri pisləşmişdir. Belə ki, cavabdeh ona və övladına laqeyd yanaşır, daim mübahisələri olur və ailə münasibətləri tamamilə pozulub. Cavabdehlə birgə təsərrüfat aparmırlar. Buna görə də onların nikahları hal-hazırda formal xarakter daşıyır. Cavabdehlə birgə yaşamaları və ailələrinin yenidən qorunub saxlanılması artıq qeyri mümkündür. Cavabdeh uşağına qarşı öz valideynlik borcunu yerinə yetirmir. Onun saxlanılması üçün heç bir köməklik etmir. Odur ki, hesab edir göstərdiyi hallar bir daha sübut edir ki, cavabdeh ailəsinə və övladına qarşı biganədir və bir valideyn, bir ailə kimi onlarla maraqlanmır. Xahiş edir, onun Cavabdeh ilə xx.xx.2021- ci il tarixdə Xaçmaz rayonu qeydiyyat şöbəsində 539 saylı qeydlə bağlanmış rəsmi nikahlarının pozulması, xx.xx.2022-ci il təvəllüdlü X3 onun yanında saxlanılması, eləcə də uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment pulunun, 50 manat mediasiya xərcinin və 50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılsın. İddiaçı X4 məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması tələbi ilə bağlı iddianı qəbul etdiklərini, barışıq üçün vaxt verilmədən nikahın pozulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mülki iş üzrə keçiriləcək növbəti məhkəmə iclasında iştirak edə bilməyəcək, həmin iş üzrə qətnamə qəbul edilməsini xahiş edir. İddianın nikahın pozulma hissəsini tam qəbul edir, amma aliment tələbi ilə bağlı olan hissəsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh ilə X4 nikahlarını 11 dekabr 2021-ci ildə rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İV seriyalı 813176 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci ildə İnci adlı uşaqları olmuşdur. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, iddiaçı nikahın pozulmasına dair ilkin mediasiya sessiyasına müraciət edərkən, 60 manat məbləğində mediasiya xərci ödəməklə yanaşı, dövlət rüsumu üçün 50 manat vəsait də sərf etmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, tərəflər xx.xx.2021-ci ildə rəsmi nikahla ailə qurmuşdur. Ər-arvad münasibətindən xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Tərəflər birgə yaşadıqları müddətdə aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuş, bu səbəbdən də ayrılmışlar. Birgə nikahlarından doğulmuş uşaq iddiaçının yanında yaşayır. Bundan sonra tərəflərin ailələrinin qorunub saxlanması qeyri-mümkündür. İddiaçı boşanmaqda təkidlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarında beynəlxalq hüquqi aktların və ailə qanunvericiliyinin normalarını təhlil edərək hesab etmişdir ki, nikahın könüllülüyü, nikaha daxil olan şəxslərin iradə ifadəsinin sərbəstliyi, ailənin möhkəmləndirilməsi zəruriyyəti, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və onların bu hüquqlarının məhkəmədə müdafiəsi imkanları, ər-arvadın hüquq bərabərliyi, ailə daxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinin müdafiəsi və s. prinsiplər nikahın bütün mərhələlərini (nikaha daxil olma, ailə münasibətlərini və nikaha xitam verilməsini) əhatə edir. Ailə qanunvericiyinin tələblərinə görə ailə münasibətlərinin qadın və kişinin könüllük prinsipi əsasında yarandığından və davam etməli olduğundan və hazırda iş üzrə tərəflər arasında belə bir könüllülük mövcud olmadığından məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının bu tələbi təmin edilməli, iş üzrə tərəflər arasındakı nikah pozulmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, qətnamənin nəticə hissəsində həmçinin nikahın pozulmasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında dövlət qeydiyyatı üçün zəruri olan məlumatlar da göstərilməlidir (pozulan nikahın nə vaxt, hansı orqanda qeydə alınması, akt qeydinin nömrəsi). Məhkəmə tərəflər arasında bağlanmış nikaha xitam verilməsi nəticəsinə gəldiyindən yekunda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq tərəflərə izah edir ki, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsinə dair məsələləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll etməsi məqsədəmüvafiqdir. İddiaçı X2 xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh aliment tələb etməsinə dair ərizəsinə hüquqi münasibət bildirməmişdən öncə məhkəmə onu da tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinin tələbinə əsasən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını və bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim etməzlərsə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin maddənin məzmunundan isə görünür ki, məhkəmə nikahın pozulması tələbinə dair işlərə baxarkən ər və ya arvadın tələbi olmadan iki halı, yəni boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən, hansı miqdarda tutulmalı olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinin tələblərini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə ilkin olaraq uşağın hansı valideynin yanında qalması müəyyən edildikdən sonra onun saxlanılması üçün alimentin hansı valideyndən, hansı miqdarda tutulmalı olması həll edilməlidir. İş materiallarından aydın olur ki, tərəflər məhkəməyə uşaqın hansı valideynin yanında qalması ilə bağlı saziş təqdim etməyib. Hazırki vəziyyətdə işdə işin faktiki hallarından aydın olur ki, onların birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X5 iddiaçının yanında qalır və cavabdeh isə bunu mübahisələndirmir. İşin bu faktiki halını nəzərə alan məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahdan olan X5 onlar arasında nikah pozulduqdan sonra anası X2 yanında qalmalıdır. Tərəflərin birgə nikahlarından olan uşaq iddiaçı X2 yanında qalmalı olduğundan onun saxlanılması üçün aliment isə qarşı tərəfdən, yəni Cavabdeh tutulmalıdır. İddiaçı isə övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tələb etmişdir. Məhkəmə işin bu mübahisəli halının həlli ilə bağlı istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsi nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini və nikahın pozulmasından sonra uşaqın ananın yanında qalması, uşaqa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, ananın işləməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, uşaqın saxlanması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutulması məqsədəmüvafiqdir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulmalıdır. Hazırki iş üzrə iddia ərizəsi isə Şabran Rayon Məhkəməsinə “16” noyabr 2023-cü ildə daxil olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində bağlanmış və nikah bağlanması haqqında akt qeydləri kitabında 539 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, boşanmadan sonra xx.xx.2022-ci il təvəllüdlü X5 İddiaçı yanında qalmalı, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh 50 manat mediasiya xərci və 50 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində bağlanmış və nikah bağlanması haqqında akt qeydləri kitabında 539 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Boşanmadan sonra xx.xx.2022-ci il təvəllüdlü X5 İddiaçı yanında qalsın. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 manat mediasiya xərci və 50 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar