Məhkəmə qərarları › İş №2(032)-1085/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1085/2024

16.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1085/2024 16.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı , Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1235/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh 11 dekabr 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində tutulan alimentin formasının dəyişdirilərək hər ay əmək haqqının və əlavələrlə birlikdə 1/4 hissəsi miqdarında və əlavə olaraq hər ay 200 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini tələb etmişdir. Tələbini belə əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-7235/2019 saylı qətnaməsi ilə cavabdehlə olan rəsmi nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın yanında qalmaqla yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq verilməsi qət olunmuşdur. Lakin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği hal-hazırda uşağın saxlanılması üçün yetərli deyil, hal-hazırda uşaq onun himayəsində yaşayırlar. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edilərkən uşaq yaşı az olduğundan məktəbə getməmişdir. Hazırda isə o, məktəbdə təhsil alır və onun təhsili xeyli məbləğdə xərc tələb edir. Uşağın həmin vaxt geyimə, yeməyə olan tələbatı da hal-hazırkı tələbatından olduqca aşağı olmuşdur. Çünki uşaq böyüdükcə onun geyməyə, yeməyə və qayğıya olan tələbatları da artmışdır. Bu günkü həyat şəraitini, uşağın saxlanılmasını, təhsilini, qidalanmasını, müalicəsini və s. halları nəzərə alsalar, aliment məbləği dövrün tələbinə uyğun məbləğdə müəyyənləşdirilməlidir ki, uşaq yaşadığından, bu günə qədər sürdüyü həyat şəraitindən və malik olduğu təminatlardan aşağı səviyyəli həyat tərzi keçirməməlidir. Bu hal uşağın maddi təminatının artırılmasını zəruri edir. Hal-hazırda 160 manat məbləğində aliment hazırki şəraitində olduqca azlıq təşkil edir. Cavabdehin isə bu günkü maddi durumu aliment məbləğinin artırılmasına imkan verir. O, müddətdən artıq hərbi xidmətdədir və yüksək məbləğdə əmək haqqı alır. Qeyd etdiyi səbəbdən Şirvan şəhər Məhkəməsinin 05 sentyabr 2019-cu 10 tarixli, 2(032)-12355/2019 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 adlı övladının yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay alınaraq ona verilməsi qət olunmuş 160 manat sabit pul məbləğində olan alimentin dəyişdirilərək cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin dörddə bir məbləğində və əlavə olaraq hər ay 200 manat sabit pul məbləğində alimentin təyin olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı iddia tələbinin həcminin azadılmasına dair ərizə təqdim edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(052)-1255/2019 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9 adlı övladının yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay alınaraq ona verilməsi qət olunmuş 160 manat sabit pul məbləğində olan alimentin dəyişdirilərək cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində və əlavə olaraq hər ay 50 manat sabit pul məbləğində alimentin müəyyən edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın əsaslı olmasını nəzərə alıb təmin edilməsini xahiş etdi. Belə ki, əvvəlki aliment təyin olunanda cavabdeh işləmirdi, hazırda isə hərbi sahədə işləyir, əmək haqqı alır. Əlavə olaraq bildirdi ki, cavabdeh aldığı əmək haqqı barədə bilərəkdən hər hansı sənəd təqdim etməmişdir, belə ki, onun əmək haqqının ¼ hissəsi heç 235 manat etmir, daha çox edir. Bundan başqa cavabdeh ikinci dəfə ailə qurmamışdır . Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq İddiaçı nümayəndəsi və vəkili X3 məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, oğlu sonuncu dəfə 1100 manat əmək haqqı almışdır. Hazırda isə Şuşa şəhərində işləyir, aldığı əmək haqqı 700-800 manat olacaqdır. Bundan başqa oğlu ikinci dəfə ailə qurmağa hazırlaşır. Bu da onun xərclərinin artmasına səbəb olacaqdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatnı dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1235/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X1 Cavabdeh ilə Şirvan şəhər qeydiyyat şöbəsində 19 dekabr 2014-cü ildə 706№ ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2015-ci ildə anadan olmuş X5 iddiaçı X1 yanında qalmasının müəyyən olunması, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X2 verilməsi, alimentin tutulması hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. AZ-İİİ seriyalı 672872 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci ildə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İ seriyalı 354592 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahı Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Məmmədov, qadına Orucova soyadı verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 53 nömrə ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Bu arayış Mediasiya Şurası tərəfindən təyin edilmiş mediator X4 tərəfindən İddiaçı “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanunun 29.3-cü maddəsinə uyğun olaraq verilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddia tələbi qismən razıdırlar, uşağın saxlanılması üçün iddiaçıya hər ay 235 (iki yüz otuz beş) manat aliment ödəyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi ailə qanunvericiliyinin tələbinə görə aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, alimentin miqdarı sabit pul məbləğində müəyyən edilə bilər. Eyni zamanda sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin formasının dəyişdirilməsini əvvəllər müəyyən olunmuş alimentin cavabdeh tərəfindən vaxtı-vaxtında ödənilməməsi və aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur . Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini nəzərə alıb, hesab edir ki, bu hal İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Həmçinin Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)- 1235/2019 saylı qətnaməsi ilə aliment təyin olunarkən cavabdeh fərdi əməklə məşğul olmuş, əlavə qazanc yeri olmamışdır. Hazırda isə cavabdeh əmək haqqı almaqla hərbi sahədə işləyir. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia qismən təmin olunmalı, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)- 1235/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin forması dəyişdirilərək Cavabdeh 11 dekabr 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının (əlavələrlə birlikdə) 1/4 hissəsi miqdarında alınaraq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, iddia bu hissədə təmin olunmalıdır. İddianın əlavə olaraq sabit pul məbləğində alimentin təyin edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə sahib olması ilə əlaqədar məhkəməyə sübut təqdim edilməməsini, həmçinin cavabdehin maddi və ailə vəziyyətini nəzərə alaraq iddia bu hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın qiyməti (800x1/4= 200; 200-160 = 40; 40 x 12=480;) 1000 manatadək olduğundan , cavabdehdən 30 manat dövlət rüsumu dövlət nəfinə alınmalıdır . Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1235/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh 11 dekabr 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində tutulan alimentin forması dəyişdirilsin. Cavabdeh 11 dekabr 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınaraq İddiaçı verilsin . Miqdarı dəyişdirilmiş alimentin tutulmasını əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar