Məhkəmə qərarları › İş №2(032)-1112/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1112/2025

01.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1112/2025 01.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı 2 uşağın yetkinlik yaşlarına çatana qədər saxlanmalarından ötrü təyin olunmuş alimentin məbləğinin dəyişdirilərək hər ay hər bir uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X4 ilə 25 avqust 2011-ci ildə rəsmi nikaha daxil olmuş, onların rəsmi nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı 2 uşaq doğulmuşdur. Sonradan cavabdehlə ailə münasibətləri pozulduğundan Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 425/2023 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-425/2023 saylı qətnaməsinə əsasən cavabdeh X4 ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşaqların anasının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarından ötəri hər ay hər bir uşağa görə 25 manat olmaqla, ümumilikdə 50 manat sabit pul məbləğində, həm də hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment ondan tutularaq cavabdehə verilməsi qət edilmişdir. Aliment təyin olunan vaxtdan maddi çətinliklərlə üzləşmişdir. Belə ki, banka 2 krediti vardır ki, onların aylıq ödənişləri hər ay 720 manat təşkil edir. Bundan əlavə anası ağır xəstədir. Onun himayəsində yaşayır. Onun bütün müalicə xərclərini özü ödəyir. Aliment, kreditlər və anasının dərmanlarına görə xərclənən məbləğ çıxıldıqdan sonra əmək haqqısından az miqdarda vəsait qalır ki, bu da indiki bazar qiymətləri şəraitində özünün şəxsi ehtiyaclarını ödəməyə belə çatmır. Bu hallar qətiyyən nəzərə alınmadan Şirvan şəhər məhkəməsi tərəfindən əsassız bir qətnamə qəbul edilmişdir. Hesab edir ki, hazırki maddi durumuna əsasən yüksək məbləğdə aliment ödəməyi tamamilə əsassızdır. Bu hal onun bir sıra həyati fəaliyyətlərini pozur və lazımı qaydada hər hansı bir lazımı xidmətlərdən istifadə etmək imkanlarından məhrum edir. Buna görə də, alimentin məbləğinin dəyişdirilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Məmmədova (Hüseynova) Fidan Əbilfəz qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Məmmədova (Hüseynova) Fidan Əbilfəz qızının məhkəməyə ünvanlamış olduğu iddia ərizəsinə etirazda göstərmişdir ki, İddiaçı oglu ilə aralarında olan 25 avqust 2011-ci il tarixli, 466 nömrəli nikah Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-425/2023 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş 15 sentyabr 2013-cü il təvəllüdlü X10 və 20 aprel 2015-ci il təvəllüdlü X11 nikah pozulduqdan sonra anaları X2 yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı X2 xeyrinə hər ay, hər uşağa görə 25 manat olmaqla, ümumilikdə 50 manat sabit pul məbləğində, həm də hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmə aliment təyin edərkən qətnamədə qeyd etmişdir: “Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin hal-hazırda ayrı yaşaması, onların yetkinlik yaşına çatmayan uşaqların analarının yanında qalması və onların saxlanılması üçün vəsait tələb olunduğu eyni zamandan cavabdehin bu hissədə iddianı qəbul etməsini, o cümlədən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşaqların böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməklə cavabdehdən hər uşağa görə eyni zamanda həm hər ay 25 manat, ümumilikdə 50 manat sabit pul məbləğində, həm də hər ay qazancın üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır”. İddiaçı qeyd edir ki, anası xəstədir, işləmir və onun himayəsindədir. İddiaçı bununla bağlı yalan deyir. Onun anası X8 1963-cü il təvəllüdlüdür və "xxxx" MMC-nin Şirvan Mərkəzi filialında işləyir, aylıq məvacib alır və eləcə də, işlədiyi halda pensiya da alır. Məhkəmə elektron məhkəmə sorğusu nəticəsində bu halı müəyyən edə bilər. Həmçinin qeyd etmişdir ki, iddiaçı çalışır ki, aliment onun maaşına yönəlməsin çünki maaş hər il artır və istəmir ki, qazancı artdığı alda artıq aliment ödəsin. Bu yolda çox çətinliklərlə üzləşmişdir. Şirvan icra məmuru Qalib adlı şəxs 5-6 ay alimenti borclunun əmək haqqısına yönəltməmişdir. Əlbəəl karta atmışdır. Çox saylı şikayətlərdən sonra borclu qeydiyyat ünvanını Şirvan şəhərindən Sabirabad rayonuna dəyişmişdir. İcra işi Sabirabad rayon icra şöbəsinə göndəriləndən sonra aliment borclunun əmək haqqısına yönəlmişdir. Halhazırda borclu 1500 manata qədər əmək haqqı alır. Həmçinin ailə qanunvericiliyinə görə sabit pul məbləgində aliment yalnız o halda təyin edilir ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması ücün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-425/2023 saylı qəmaməsi ilə iddiaçının rəsmi iş yeri, vəzifəsi və aylıq məvacibi elektron məhkəmə sorgusu ilə müəyyən edilmişdir ki, İddiaçı “Kapital Bank" ASC-də xəzinədar vəzifəsində çalışır, aylıq əmək haqqısı 1210 manatdır. Uşaqların aylıq kommunal, tibbi və sosial xərcləri günü gündən artır. Övladları məktəbli olduqları üçün məktəb ləvazimatları (məktəbli formalar, kitablar-dəftərlər, sınaq imtahanları və sair), geyim əşyalarına xeyli vəsait sərf olunur. Bundan başqa, uşaqları məktəb üzrə hazırlıq kurslarına gedirlər və ayda 80 manat hazırlığa xərci çıxır. Balaca qızı Səfurə Məmmədova astma-bronxit xəstəsidir və onun müalicələrinə, dərmanlarına da xeyli məbləğdə pulu çıxır. Bütün bu halları iddiaçı bilərək aliment ödənişini azlatmaq və mümkün qədər az aliment verməyə çalışmaqla uşaqların layiqli şəkildə saxlanılması xərclərindən yayınmaq istəyir. Qeyd edilənləri nəzərə alaraq iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2011ci il tarixdə 466 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 15 sentyabr 2013-cü il təvəllüdlü X10 və 20 aprel 2015-ci il təvəllüdlü X11 nikah pozulduqdan sonra anaları – X2 yanında saxlanılması, 15 sentyabr 2013-cü il təvəllüdlü X5 və 20 aprel 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı X2 xeyrinə hər ay, hər uşağa görə 25 manat olmaqla, ümumilikdə 50 sabit pul məbləğində, həm də hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. "xxxx" ASC-nin 13 may 2025-ci il tarixli, 33 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-də xx.xx.2022-ci il tarixli, BİKA5929624A163 müavilə nömrəli 13100 manat məbləğində işçi krediti mövcuddur və qalıq borcu cari tarixə 4611.58 manat təşkil edir. Aylıq ödəniş məbləği 357.98 manatdır. "xxxx" ASC-nin 15 may 2025-ci il tarixli, 021/99 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-nin Şirvan filialından xx.xx.2022-ci il tarixində 21060***-*******02 saylı kredit müqaviləsi üzrə 12000 manat məbləğində verilmiş kredit üzrə 4421.59 manat əsas borc qalığı qalmışdır və aylıq ödəniş isə 352.57 manatdır. Elektron informasiya sistemində şəxsin gəlir məlumatlarından görünür ki, İddiaçı "xxxx" ASC-də xəzinədar vəzifəsində işləyir, aylıq əmək haqqısı 1300 manatdır. Məhkəmə zamanı müəyyən edilmişdir ki, tərəflər 25 avqust 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur, onların birgə nikahlarından iki azyaşlı uşaqları vardır. xx.xx.2023-cü il tarixdə tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahlarından olan uşaqlar cavabdeh X1 yanında saxlanmış, uşaqların saxlanması üçün hər ay iddiaçıdan cavabdehin xeyrinə hər ay, hər uşağa görə 25 manat olmaqla, ümumilikdə 50 sabit pul məbləğində, həm də hər ay qazancın (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Hazırda İddiaçı alimentin tutulma qaydasının dəyişdirilərək, hər ay sabit pul məbləğində xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur. Həmçinin Ailə qanunvericiliyin tələblərindən göründüyü kimi aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda aliment sabit pul məbləğində tutulur. İşin faktiki hallarından isə qeyd edilən halların mövcud olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçı ondan tutulan alimentin tutulma qaydasının dəyişdirilməsini xahiş etsə də, aliment barədə qətnamə qəbul edildikdən sonra onun ailə və ya maddi vəziyyətində mühüm dəyişikliklərin baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarında olan əmək haqqı barədə çıxarışdan görünür ki, ötən müddət ərizində iddiaçının əmək haqqı 1210 manatdan artırılaraq 1300 manat təyin edilmişdir. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan isə İddiaçı qazancından (gəlirindən) müəyyən hissə kimi alimentin tutulmasının mümkün olmaması, çətinlik törətməsi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozması halı müəyyən edilməmişdir ki, alimentin iddiaçının qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması sabit pul məbləği ilə əvəz edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Sadalanan qanunvericilik normalarına və işin hallarına əsasən, məhkəmə hesab edir ki, alimentin sabit pul məbləğində və ya qazancın müəyyən hissəsi şəklində tutulmasını tələb etmək hüququ xeyrinə aliment ödənilən şəxsin hüququ olduğundan, həmçinin hazırkı iş üzrə iddiaçıdan tutulan alimentin miqdarının dəyişdirilməsi üçün Ailə Məcəlləsinin tələblərindən heç biri müəyyən edilmədiyindən və alimentin miqdarının dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Beləliklə də, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, müəyyən edilmiş alimentin iddiaçının qazancından müəyyən hissə kimi tutulması miqdarının sabit pul məbləğində müəyyən olunaraq dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığından, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X4 qızına qarşı cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2013cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı 2 uşağın yetkinlik yaşlarına çatana qədər saxlanmalarından ötrü təyin olunmuş alimentin məbləğinin dəyişdirilərək hər ay hər bir uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar