Məhkəmə qərarları › İş №2(032)-1155/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1155/2025

22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1155/2025 22.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment növünün dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan alimentin hər ay sabit pul məbləğində tutulması növünün dəyişdirilərək alimentin aylıq qazancının (gəlirlərinin) 1/3-i həcmində tutulması növü ilə əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şirvan şəhər Məhkəməsinin 2(032)- 621/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh azyaşlı iki övladının yetkinlik yaşlarına çatana qədər saxlanması üçün tərəfindən hər ay hər bir uşaqlarına görə 100 manat sabit pul məbləğində, cəmi 200 manat pul ödəyir. Məhkəmə alimentin məbləğini müəyyən edərkən uşaqlarının hər biri üçün cavabdehin ayda 60 manat məbləğində çörək pulu aldığını da nəzərə almışdır. Məhkəmənin bu qətnaməsi çıxarılarkən xəstəliyi ilə bağlı işləmirdi. Alimenti ödəmək üçün məcbur olub yüngül ara işlərində çalışırdı. Gündəlik qazandığı pullarla alimentin hamısını çatdırıb ödəyə bilmirdi. 2023-cü ilin oktyabr ayından Şirvanda ev tikintisində gözətçi işinə düzəlmiş, bu işi rəsmidir, hazırda əmək haqqı 400 manatdır, 200 manatını aylıq aliment borcu kimi, 80 manatını isə yığılmış aliment borcuna görə işindən tutub cavabdehə verirlər. Qalan 120 manat və birdə hər ay aldığı 60 manat çörək pulu ilə çətinliklə dolanır. Elə gün olur ki, heç çörəyi almağa pulu olmur. Soğanla, meyvə, göyərti ilə çörək yeyir. Bu çətin dolanışıq dururmda da imkanı daxilində uşaqlara içkilər, meyvələr, məktəbli ləvazimatları, az da olsa xərclik verir. Pulsuzluqdan müalicə oluna bilmir. Ağrıkəsici dərmanlara, digər müalicə və təbii müalicələri etməyə pul tapmır. Həqiqətən dolanışıq vəziyyəti ağırdır. Bir ata kimi övladlarının firavan yaşamasını istəyir. Yığılan aliment borcunda heç zaman qərəzli olmamışdır. Qətnamə çıxarılarkən işləməməyi səbəbindən alimentin məbləği sabit pul məbləğində təyin edilmişdir. Hazırda isə onun maddi durumunda dəyişiklik olub və rəsmi işdə işləyir. Qazancı müntəzəmdir, dəyişməzdir. Hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan alimentin hər ay sabit pul məbləğində tutulması növü dəyişdirilməli və aylıq qazancının (gəlirlərinin) 1/3-ü həcmində tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, 12 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı ilə nikahı Əli Bayramlı şəhər VVADQ şöbəsində 02 dekabr 2005-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 552 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahından 26 sentyabr 2009-cu il tarixdə anadan olmuş X4 və 05 oktyabr 2010-cu il tarixdə anadan olmuş X6 anası X1 yanında qalmasının müəyyən edilməsi, cavabdeh İddiaçı 26 sentyabr 2009-cu il tarixdə anadan olmuş X4 və 05 oktyabr 2010-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq uşaqların anası X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Şirvan şəhəri və İsmayıllı rayonu Mənzil-Kommunal İstismar Sahəsinin 232 nömrəli, 13 may 2025-ci il tarixli arayışdan görünür ki, Laçın rayonundan məcburi köçkün İddiaçı ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Elektron informasiya sistemində şəxsin gəlir məlumatlarından görünür ki, İddiaçı "xxxx" MMC-də gözətçi vəzifəsində işləyir, aylıq əmək haqqısı 441.14 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 02 dekabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur, onların birgə nikahlarından iki uşaqları vardır. xx.xx.2023-cü il tarixdə tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahlarından olan uşaqlar cavabdeh X1 yanında saxlanmış, uşaqların saxlanması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay, hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda İddiaçı alimentin tutulma qaydasının dəyişdirilərək, hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maximum təsir etməməsinə yönəlmişdir. Məhkəmə iddiaçının əmək haqqısının 400 manat təşkil etməsini, həmin puldan 200 manatı aylıq aliment pulu, 80 manatı isə yığılmış aliment borcuna tutulduğu, qalan 120 manatı və aldığı 60 manat çörək pulu ilə çətinliklə dolandığını əsas gətirərək uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarının dəyişdirilərək azaldılması və qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2018-ci il) qəbul edilməsindən 7 ildən çox müddət ötmüş, o cümlədən uşaqların valideynlərdən birinin himayəsində olması, onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsinə, onların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və iddiaçının qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi həddində aliment müəyyən edilməsinə dair iddiası əsassız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi uşaqların saxlanılması üçün təyin edilmiş aliment hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı təyin edilmiş alimentin dəyişdirilərək əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməsini xahiş edir. Alimentin şəxsin əmək haqqına münasibətdə dəyişdiriləcəyi təqdirdə alimentin tutulması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun tənzmlənməlidir. Tərəflərin birgə nikahlarından iki uşaqları olduğundan aliment dəyişdiriləcəyi təqdirdə sözügedən məcəllənin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Şəxsin əmək haqqı 441.14 manat təşkil etdiyindən əmək haqqının 1/3 hissəsi (441.14:3=147.04:2=73.52) hər uşağa münasibtədə 73.52 manat təşkil edəcəkdir ki, bu isə öz növbəsində həm mövcud olan qətnamə ilə təyin edilmiş alimentdən, həm də hazırkı dövrə ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu miqdarından aşağı olması ilə nətcələnəcəkdir. Alimentin təyinin isə əsas məqsədi uşaqların qanunla və digər vasitələrlə sosial müdafiəsinin təmin olunması, onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməsidir. Odur ki, sadalanan halların iddiaçının övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təyin edilmiş alimentin dəyişdirilərək, əmək haqqının 1/3 hissəsi həcmində tutulması uşaqların əvvəlki təminat səviyəsinin təmin edilməsinə imkan vermir. Beləliklə məhkəmə hesab edir ki, müəyyən edilmiş alimentin dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığından, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qızına qarşı Şirvan şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan alimentin hər ay sabit pul məbləğində tutulması növünün dəyişdirilərək alimentin aylıq qazancının (gəlirlərinin) üçdə bir həcmində tutulması növü ilə əvəz edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar