Məhkəmə qərarları › İş №2(032)-1199/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1199/2023

06.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1199/2023 06.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı X2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-127/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X9 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay alınaraq ona verilməsi qət edilmş hər ay qazancının ¼ hissəsi məbləğində olan alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nigaha girərək evlənmişlər. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9 adında uşaqları anadan olmuşdur. Belə ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən nigahları pozulmuş və uşağ ananın himayəsinə verilmişdir. Lakin Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(032)-631/2012 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 87 manat cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Lakin bu müddət ərzində cavabdehə qarşı baxmayaraq ki, uşağların maddi rifahının yüksəlməsi ilə bağlı alimenti hər il artırılması dair cənab prezidentin sərancamı vardır, amma cavabdehə qarşı iddia irəli sürməmişdir ki, cavabdeh qazancının əsasında uşağın maddi təminatının yaxşılaşdırılması baxımından aliment ödəməyi bir ata kimi vəzifə borcunu dərk edərək həyata keçirtsin. Lakin sonradan cavabdehin əmək haqqısının artması və əlavə qazancı müəyyən edildiyindən və hal-hazırda ödənilən aliment uşağın ehtiyaclarını ödəmədiyindən və ən əsası uşağ təhsil aldığına görə təlabatları artdığına görə təxminən 10 il keçdiydən sonra yenidən alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(032)- 631/2012 saylı qərarına əsasən hər ay bir uşağa 87 manat aliment müəyyən edilməklə aliment tutulması qət edilsə də, lakin hal-hazırda cavabdehin maddi rifahının yaxşı olması və qazancı yüksək olduğundan, bundan başqa maddi imkanının çox yaxşı olması, onu məcbur etdi ki, hər il inflyasiya uyğun olaraq uşağın maddi və sosial ehtiyacları artığından və hazırki şəraitdə bir uşağın saxlanılması üçün 87 manat real məbləğ sayıla bilməz. Bundan əlavə ayrıca təsərrüfatının olmamasına əsasən cavabdehdən 01 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin sərancamına əsasən uşağın yaşayış minimumu üzrə 193 manat müəyyən edilməsini əsas götürərək, övladı xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 manat müəyyənləşdirildiyi halda, cavabdehdən alimentin tutulub mən iddiaçıya verilməsinə əsaslar olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Çünki, cavabdeh Sumqayıt Summetal MMC (El metal QSC MMC) işləməklə aylıq qazancı 900 manat əmək haqqından çoxdur və bundan başqa əlavə olaraq fərdi iş əsasında qazanc əldə edir. Bu baxımdan cavabdehin əmək haqqı və əlavə qazancı ilə birgə ümumilkdə aylıq qazancı təxminən 1000-1200 manat arası dəyişir. Bu baxımdan cavabdehin qazancının və maddi imkanının yaxşı olmasına görə ondan uşağın saxlanması üçün hər ay bir uşağa görə 193 manat olmaqla, həmçinin qazancının ¼ hissəsi miqdarında aliment tutulması barədə iddia tələbi üzrə məhkəməyə müraciət etmişdir. Cavabdeh ola bilsin ki, bütün bu söylənilən faktlara öz qərəzli etirazını bildirsin, lakin belə olan halda cavabdeh maliyyə vəsaitlərinin, digər sosial və maddi tələbatlarının ödənilməsi üçün vəsaitin sərf edilməsinə görə məbləği və digər tələbatları nə ilə ödəyir, halbuki, həmin təlabatlar cavabdeh tərəfindən təbii ki, müəyyən vəsait əsasında olduğunu bildirməsi, hesab edirəm ki, özünə haqqı qazandırmaq kimi başa düşülməlidir. Belə ki, bütün bunlara maddi imkanı çatır. Bu səbəbdən də cavabdehdən bir valideyn və ən əsası ata kimi öz üzərinə düşən valideynlik vəzifələrini layiqincə yerinə yetirməsinin tələbi olaraq övladımın lazım olan təlabatlarını ödəsin. Çünki, cavabdeh bilir ki, gündəlik öz ehtiyaclarını ödəmək nə qədər tələbat tələb etdiyindən, eləcədə uşağın saxlanması üçün onun maddi və sosial xərclərini ödəmək və digər təlabatlarını ödəmək bir o qədər xərc tələb edir və bu gün həmin tələbatları ödəmək onun maddi imkanlarına əsasən çox çətindir. Ona görə də uşağın maddi rifahlarının yüksəlməsi üçün cavabdehdən hər ay uşağın yetkinlik yaşına çatana kimi 193 manat olmaqla sabit pul məbləğində və həmçinin qazancının ¼ hissəsi miqdarında aliment tutulub ona verilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ olduğundan, bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Övladı xx.xx.2008-ci il təvəllüdlü X9 anadan gəlmə “ağciyərlərin damar bronx güclənməsi əlamətləri və braxinal-asma” xəstəliyindən əziyyət çəkir və hər ay mütamadi olaraq müalicə götürür. Həmin xəstəliyin müalicəsi üçün mütəmadi xərc tələb etdiyindən, ona görə də cavabdehin aliment verərəkən də uşağın əlavə xərclərə cəlb edilməlidir. Hal-hazırda da həmin xəsətəliyi üzrə xəsətliyin ağırlıq dərəcəsinə mütamadi terapiv müalicələr almaqdadır. Bu səbəbdən də hesab edirəm ki, cavabdeh ata olaraq üzərinə düşən alimentin ödənilməsi öhdəliyi ilə yanaşı müalicə olunması ilə bağlı əlavə xərclərə də cəlb edilməlidir. İddiaçı X6 məhkəmə iclasında iştirak edərək və iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək oğlu Cavabdeh işləmədiyi üçün aylıq 170-180 manat məbləğində aliment ödəməyə maddi imkanı çatdığını bildirmiş və buna dair ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X8 ilə bağlanmış nikahı xx.xx.2011-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 70 № ilə qeyd edilmişdir. Müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Şirvan şəhər Məhkəməsinin 17 may 2011-ci il tarixli, 2(032)-364/2011 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X5 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış nikahın pozulması, onların birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X7 cavabdeh X3 öhdəliyində saxlanması, həmin uşağın saxlanması üçün əvvəli xx.xx.2011-ci ildən başlayaraq iddiaçı Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(032)-631/2012 saylı qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 17 may 2011-ci il tarixli, 2(032)-364/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 87 manat sabit pul məbləğində aliment 03 sentyabr 2012-ci il tarixdən başlayaraq tutularaq X4 verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-127/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaq Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. ƏƏSMN X1 sistemi Məşğulluq haqqında xx.xx.2023-cü il tarixli, ********** nömrəli arayışdan görünür ki, Cavabdeh Şirvan-Salyan regional Məşğulluq filialında işaxtaran kimi qeydə alınmışdır. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İş üzrə məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəflərin mövqeyini və gətirdiyi dəlilləri incəliyərkən müəyyən edir ki, hər iki tərəfin öz tələb və etirazlarında haqlı olduğu məqamlar mövcuddur. Belə ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini, cavabdehin hazırki zamanda işsiz olmasını və rəsmi gəlirə malik olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin sabit pul məbləğində müəyyən edilməsinə dair iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Çünki tələb üzrə irəli sürülmüş və işin faktiki hallarına, tərəflərin maddi vəziyyətinə uyğun görsənməyən yüksək məbləğin müəyyən edilməsi, artıq və ödənilməsi real olmayan aliment məbləği ilə cavabdehi yükləməklə bərabər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının da gələcəkdə icrasız vəziyyətdə qalmasına şərait yaratmış olacaq. Lakin artıq bildirdiyimiz kimi, məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından məlum olur ki, cavabdeh hazırda işsizdir və məhkəmədə onun mütəmadi və rəsmi qazanca malik olması barədə heç bir məlumat yoxdur. Təbii ki, bu hal onun bir valideyn kimi uşağını saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad etmir. Lakin artıq bildirdiyimiz kimi təyin ediləcək alimentin məbləğinin müəyyən edilməsi zamanı diqqətə alınacaq bir haldır. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək məhkəmənin qənaəti belədir ki, iddia qismən edilməli, xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli hazırki qətnamə qüvvəyə mindiyi vaxtdan hesablanmaqla (məhkəməyə müraciət etdiyi gün) ünvan 1 ünvanda yaşayan xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdehdən dövlət nəfinə alınmalıdır. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq cavabdehdən 42 manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli hazırki qətnamə qüvvəyə mindikdən sonra ünvan 1 ünvanda yaşayan xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınaraq İddiaçı, dövlət rüsumu kimi 42 manat pul isə cavabdehdən alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar