Məhkəmə qərarları › İş №2(032)-1209/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1209/2024

19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1209/2024 19.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh alimentin miqdarının artırılaraq hər ay uşağa 300 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi və dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh ilə el adəti ilə ailə həyatı quraraq nikahlarını 2020-ci İl tarixdə rəsmi qaydada Şirvan şəhər Qeydiyyat şöbəsində qeyd etdirmişlər və bu barədə onlara nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Şirvan şəhər Məhkəməsinin 2021-ci il tarixli qətnaməsinə əsasən onlar arasında olan 2020-ci il tarixli nikah ləğv edilmiş, xx.xx.2020-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması və 130 (yüz otuz) manat aliment müəyyən edilmişdir. Beləliklə Cavabdeh onun ümumi qazancından bir uşağa hər ay 130 manat pul tutulur və aliment hesablanaraq ödənilir. Bu isə uşağın saxlanılmasından ötəri həddindən artıq azdır. Uşağı saxlamaqda maddi cəhətdən çox çətinlik çəkir. İkinci dəfə ailə qurmuş, lakin yoldaşı vərəm xəstəliyindən əziyət çəkir və onun ikinci uşağı X7 adlı övladı dünyaya gəlib. Hal-hazırda iki yetkinlik yaşına çatmayan uşaqlar və maddi çəhətdən çətinlik çəkir. Hazırda ki, ailəsi yəni həyat yoldaşı xəstəxanada vərəm xəstəliyi ilə lakin hal-hazırda mübarizə aparır və valideynlərinin himayəsində iki azyaşlı uşaqla yaşayır. Cavabdeh işləyir, fərdi fəaliyyət göstərir bir neçə qeyri-rəsmi şəkildə şəxsi obyektlər işlədir. Cavabdehin bundan əlavə başqa gəlirləri olsa da, o, müəyyən edilmiş 130 manat alimentdən savayı uşağa başqa maddi yardım, eləcə də ərzaq, geyim əşyaları ilə uşağa əlavə heç bir yardım ödəmir. Bu pul ümumilikdə uşağın zəruri xərcinə çatmır, maddi cəhətdən əziyyət çəkir, dolana bilmir. Belə ki, onun maddi xərcləri, müalicə xərcləri çoxdur və maddi cəhətdən bu xərcləri qarşılaya bilmir. Özü isə iş olmadığına görə heç bir yerdə işləmir. Xərclərini müəyyən qədər valideynləri ata-anası kömək edərək ödəsələr də yenə də yaşayışları çətindir, maddi cəhətdən çox çətinlik çəkirlər. Hesab edir ki, Cavabdeh uşağın saxlanmasından ötəri həddindən artıq az aliment ödəyir, bu pul, yəni 130 manat hazırki dövrdə uşağın saxlanması üçün çox azdır, onun zəruri xərclərinə və ehtiyaclarının ödənilməsinə çatmır, bu səbəbdən də aliment miqdarının artırılmasını, uşağa hər ay 300 (üç yüz) manat miqdarında sabit pul məbləğində aliment təyin edilməsi barədə iddia qaldırmalı olmuş və hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(106)-2438/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 300 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya dair etiraz ərizəsində göstərmişdir ki, hər ay iddiaçı Xədicəyə 130 manat aliment ödəyir, eyni zamanda birinci evliliyindən olan Nağıyev İbrahim onun himayəsindədir. Hal-hazırda onun 235 manat aliment ödəyəcək qədər imkanı yoxdur. O, evliliyini bitirmək niyyətində olmamış, əksinə evliliyinə sahib çıxmağa çalışmış, ayrılmaq istəyən Xədicə olmuş, buna görə də boşanmışlar. Xədicə yeni ailə qurmuş, bu evliliyindən bir uşağı var. Birgə nikahdan olan övladına onun anası baxır, öz himayəsində saxlamır. Maddi imkanı yalnız 130 manat məbləğində alimenti ödəmək üçün yetərlidir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 2(032)-526/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və alimentin tutulması barədə iddia ərizəsi qismən təmin edilərək, X8 ilə Cavabdeh arasında xx.xx.2019-cu ildə Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 466 saylı nikah qeydi pozulması, onların birgə nikahından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X1 iddiaçı X4 himayəsində saxlanılması, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 15 mart 2021-ci ildən hesablanmaqla xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş və Sumqayıt şəhəri, 4-cü mkr, Bakı küçəsi, yataqxana 7, bina 25, mənzil 56-da qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, 9-cu mkr, ev 20/21, mənzil 2-də və həmçinin Sumqayıt şəhəri 10-cu mkr Kristal Abşeron binası mənzil 39-da yaşayan Cavabdeh hər ay sabit pul məbləğində uşağa görə 100 manat aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2438/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şirvan şəhər Məhkəməsinin 2(032)-526/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi alimentə dair hissədə dəyişdirilməsi, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat məbləğində aliment tutularaq X5 verilməsi qət edilmişdir. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 11 iyul 2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X6r. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. X3, anası X6r. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqaların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği ümumilikdə 50 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 600 manat (50x12=600) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 (otuz) manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021-cü il tarixli, 2(106)-2438/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar