Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1237/2025 22.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş əmlakın 27.152 manat pulun ona çatası 13.576 manat hissəsini və ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.1998-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından iki övladı olmuşdur. Aralarında olan nikah münasibətləri cavabdehin iddiası əsasında Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixdə olan aktı ilə pozulmuşdur. Sonradan cavabdeh ona qarşı ər-arvad arasında əmlak mübahisələri tələbinə dair Şirvan Şəhər Məhkəməsində iddia tələbi ilə müraciət etmişdir. Hazırda nikahı pozulmuşdur. Mahiyyəti üzrə bildirir ki, birgə nikah dövründə "xxxx" ASC-nin Şirvan filialında iddiaçı Cavabdeh adına 2021-ci il tarixdə 9000 manat əmanət qoyulmuş, xx.xx.2022-ci il tarixdə qoyulmuş əmanət üzrə müqavilə yenilənməklə 9855 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə ona məlum oldu ki, iddiaçı qoyulmuş əmanəti xəbəri və razılığı olmadan götürmüşdür. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialından 11500 manat məbləğində 36 ay müddətinə illik 18% olmaqla adına kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit məbləğinin götürülməsində məqsəd əvvəlki olan kredit borclarının ("xxxx" ASC-nin Şirvan filialında 3513 manat, "Kapital bank" Şirvan filialına 3251 manat qalıq borclar ödənilmişdir) ödənilməsi olmuşdur. "xxxx" ASC-nin Şirvan filialına 14141 manat məbləği xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Ailə münasibətləri pozulduğundan xx.xx.2022-ci il tarixdə cavabdeh evdən çıxmaqla 13055 manat (1200 nağd pul +2000 manat və +9855 manat kart hesabında olan) pul vəsaitini də götürüb getmişdir. "xxxx" ASC-nin Şirvan filialından 11500 manat məbləğində olan kredit müqaviləsi üzrə 14097.2 manat öhdəliyi "xxxx" ASC-dən 11000 manat kredit götürməklə öncəki kredit borcu üzrə ödəniş etməklə kredit müqaviləsi üzrə öhdəliyi vaxtından əvvəl icra etmişdir. Onun adına rəsmiləşdirilmiş "Unibank"a aid olan “Leo” kart hesabına qoyulmuş 2000 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən oğlu Nurlan Vəlizadə həqiqi hərbi xidmətdə olduğu müddətdə mənimsənilmişdir. Ümumilikdə kredit müqavilələri üzrə borclu olduğu və qismən ödənilən məbləğlərin cəmi 29302 manat təşkil edir. 2022-ci ilin dekabr ayında cavabdehin pulları mənimsəməsi məlum olmuşdur. Bu halları araşdırarkən cavabdeh pulların mənimsənilməsi barədə heç bir əsaslandırıcı səbəb deməmişdir. Bu səbəbdən aralarında olan nikah münasibətləri pozulmuşdur. Birgə nikah dövründə ümumilikdə kredit müqavilələri üzrə götürdüyü və sonradan həmin müqavilələr üzrə ödəniş etdiyi, habelə yuxarıda göstərilən xüsusatlarla da əlavə edilməklə ümumilikdə 27152 manat olan pulun yarsını, yəni 13576 manat hissəsini cavabdehdən alınaraq ona verilməsin xahiş edir. İddiaçı nümayəndəsi-vəkili X4 məhkəmə iclasında iştirak edərək iddiada qeyd edilən xüsusatların tələblərindən çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh hazırki məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq bunun səbəbi barəsində heç bir məlumat verməmiş, məhkəmə iclasına gəlməmiş və yuxarıda qeyd olunan qurumlara müraciət olunması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Həmçinin elektron məhkəmə portalı vasitəsilə cavabdehə məxsus mobil telefon nömrəsinə SMS xəbərdarlıq çatdırılmışdır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işə baxılması mümkündür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 262022-70517 nömrəli bank əmanəti müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X3 arasında illik 11% ödəmək şərti ilə, 12 ay müddətinə olmaqla qoyulmuş əmanət üzrə müqavilə yenilənməkə 9855 manat müəyyən edilmişdir. İş materiallarında xx.xx.2022-ci il tarixli, 500804-33843/8 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı illik 36 ay müddətinə, 18% dərəcəsi ilə 11.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı illik 24 ay müddətinə, 13,5% dərəcəsi ilə 1100 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına müxtəlif vaxtlarda çoxsaylı ödənişlər edilməsi öz əksini tapmışdır. Məhkəmənin tətbiq etdiyi hüquq normaları Azərbaycan respublikası Ailə Məcəlləsinin 32.2 əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. 36.7. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Maddə 41. Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun .1. Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. 3.2. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3.3. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir 4.7. Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. 4.9. Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, sərf olunmuş vəsaitin ailənin ümumi təsərrüfatından xərcləndiyi barədə prezumpsiyanın qüvvədə olması baxımından belə fəaliyyət nəticəsində əldə edilmiş aktivlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur. 4.10. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi əmlakına daxil olduğundan müxtəlif oyunlar, müsabiqələr, yarışmalar və sair oxşar tədbirlərdən əldə olunmuş aktivlər də ərarvadın birgə mülkiyyəti hesab olunur. 5.13. Qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir. 6.1. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi həm nikah dövründə, həm də nikah pozulduqdan sonra aparıla bilər. 6.2. Nikah davam etdiyi müddətdə bölünmənin predmeti daha əvvəl ər-arvadın bölüşdürmədiyi ümumi əmlak ola bilər. Çünki tərəflər hansısa predmetləri öz aralarında bölüşdürdükləri andan həmin əmlak üzərində birgə mülkiyyət halı aradan qalxmış olur. Bu baxımdan nikah dövründə üzərində ümumi mülkiyyət olan əmlak bölüşdürülür, bununla da həmin predmetlərə münasibətdə birgəlik aradan qalxır. Nikah dövründə bölüşdürülməmiş və nikahın davam etdiyi müddətdə əldə edilən digər əmlaka ümumi qaydada qanuni rejim tətbiq olunur. Bu səbəbdən, Ailə Məcəlləsinin 36.8-ci maddəsində göstərilmişdir ki, ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 6.3. Nikah pozulduqdan sonra isə bir qayda olaraq, qanuni rejimə daxil olan aktivlər və passivlər nəzərə alınmaqla, bütün əmlakın bölgüsü aparılır. Bununla belə, ər-arvad hansısa predmetləri bölgüyə daxil etmədən mövcud hüquqi rejimdə saxlaya bilər, yaxud konkret əmlak dəyər(lər)i üzərində paylarını müəyyən etməklə paylı mülkiyyətçi vəziyyətinə keçə bilərlər. Bunun üçün hər iki tərəfin (ərin-arvadın) razılığı tələb olunur. Onlardan birinin razılığı olmadıqda ümumi əmlaka daxil olan hər bir aktiv (passiv) bölünmənin predmeti olur. 6.4. Ər-arvadın ümumi əmlakının bölünməsi onlardan birinin (və ya hər ikisinin), eləcə də ödəməni ər-arvadın ümumi əmlakında onlardan birinin payına yönəltmək istəyən kreditorun (kreditorların) tələbi ilə həyata keçirilə bilər (Ailə Məcəlləsi, 36.1-ci maddə). 6.35. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.36. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. 6.39. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. 6.40. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.41. O da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci madəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119-cu və 220.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, məhkəmə xərcləri tərəflər arasında müvafiq qaydada, yəni tərəflərin irəli sürmüş olduğu tələblərin təmin olduğu həcmdə bölüşdürülməsini qanunamüvafiq hesab edir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və məhkəməyə təqdim olunmuş sənədləri çəkişmə və tərəflərin bərabərliyi prinsipləri əsasında hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı iddiasını əsaslandırmaq üçün göstərmişdir ki, nikah dövründə "xxxx" ASC-dən 11 500 manat məbləğində kredit götürmüş, həmin vəsaiti əvvəlki borcların ödənilməsinə yönəltmiş və sonradan xx.xx.2024-cü ildə başqa bankdan yeni kredit götürməklə bu öhdəliyi vaxtından əvvəl tam bağlamışdır. Bununla yanaşı, iddiaçı cavabdehin "xxxx" ASC-dəki 9 855 manat məbləğində depozit hesabını mənimsədiyini, eləcə də oğulları Nurlanın adına açılmış “Unibank”a aid “Leo” kartındakı 2 000 manatın cavabdeh tərəfindən götürüldüyünü iddia etmişdir. İddiaçı ümumilikdə 27 152 manat məbləğin birgə nikah dövründə formalaşmış ailə vəsaiti olduğunu göstərərək bu məbləğin yarısının – 13 576 manatın cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə işdəki materiallara və tətbiq ediləcək hüquq normalarına istinad etməklə qeyd edir ki, nikah dövründə əldə edilən əmlakın ər-arvadın ümumi mülkiyyəti olması barədə Ailə Məcəlləsinin 32-ci maddəsindən irəli gələn qanuni prezumpsiya mövcuddur. Lakin bu prezumpsiya yalnız ailənin ümumi aktivlərinə – yəni əldə edilmiş gəlirə və əşyalara şamil olunur. Kredit öhdəliklərinin ümumi öhdəlik kimi tanınması üçün isə həmin borc vəsaitinin ailə xərclərinə sərf edildiyi müəyyən edilməlidir. Bu isə Ailə Məcəlləsinin 41.2-ci maddəsinin birbaşa tələbidir. Ali Məhkəmənin Plenumunda formalaşdırılmış mövqeyə görə də, ər-arvadın birinin adına rəsmiləşdirilmiş kreditlər avtomatik olaraq ümumi borc sayılmır, yalnız ailənin ehtiyacları üçün istifadə edildiyi sübuta yetirilərsə bu borc ümumi öhdəlik hesab olunur. İş materiallarında olan sənədlər göstərir ki, xx.xx.2022-ci il tarixli "xxxx" kredit müqaviləsi əsasında iddiaçıya 11 500 manat məbləğində kredit verilmiş, bu kreditin bağlanması isə xx.xx.2024-cü ildə digər bankdan götürülən kredit hesabına həyata keçirilmişdir. Beləliklə, xx.xx.2024 tarixində yeni öhdəlik yaranmamış, sadəcə əvvəlki öhdəlik bağlanmışdır. Lakin bu halda da əsas məsələ kredit vəsaitinin hansı məqsədlərə yönəldilməsidir. İş materiallarında isə həmin məbləğin ailənin saxlanmasına, uşaqların təhsilinə, məişət və digər zəruri xərclərə xərcləndiyini təsdiq edən heç bir yazılı sübut təqdim edilməmişdir. Əksinə, iddiaçının öz izahatına görə bu kredit daha çox əvvəlki kredit borclarının ödənilməsinə yönəldilmişdir. Bu isə onun ümumi ailə xərclərinə yönəldilməsi anlamını ehtiva etmir. Belə olan halda Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tətbiqi üçün tələb olunan əsas şərt mövcud deyildir. Bundan başqa, nikahın xx.xx.2023 tarixli məhkəmə aktı ilə pozulduğu və faktiki olaraq tərəflərin xx.xx.2022 tarixdən ayrı yaşadıqları sübuta yetirilmişdir. Ayrı yaşama dövründə əldə edilən əmlak və ya ödənilən borclar isə Ailə Məcəlləsinin 36.5-ci maddəsinə görə artıq ümumi əmlaka aid edilmir. Bu baxımdan iddiaçının nikahın pozulmasından sonra 2024-cü ildə ödəmiş olduğu kredit məbləğlərinə görə cavabdehdən kompensasiya tələb etməsi hüquqi əsasdan məhrumdur. Depozitlə bağlı hissədə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə 9 855 manat məbləğində əmanətin mövcudluğu təsdiq edilsə də, bu məbləğin cavabdeh tərəfindən nağdlaşdırılaraq götürülməsi barədə işdə heç bir bank çıxarışı, kassadan nağdlaşdırma sənədi və ya əməliyyat tarixi təqdim olunmamışdır. İddiaçının sadəcə sözlərlə “xx.xx.2022 tarixində götürülüb” deməsi məhkəməyə həmin halı sübuta yetirilmiş fakt kimi qəbul etmək imkanı vermir. Bundan başqa məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli "xxxx" müqaviləsinin təqdim edilməsi faktın özündə depozit məbləğinin sonrakı taleyini – yəni konkret olaraq kimin tərəfindən, nə vaxt və hansı məbləğdə nağdlaşdırıldığını və ya köçürüldüyünü – sübut etmir. İddiaçının “xx.xx.2022-də qeyri-qanuni götürülüb” iddiası yalnız söz şəklində qalıb. Bankdan çıxarış, əməliyyat tarixçəsi, kassadan nağdlaşma qəbzi və ya kart hesabından köçürmə sənədləri təqdim edilməmişdir. Üstəlik, bölgünün predmeti kimi məhz identifikasiya olunan aktivin bölgüsü aparılmalıdır. Plenumun 6.2 və 6.3 müddəaları bölgünün mövcud aktivlər və passivlər üzrə aparıldığını vurğulayır. Məhkəmənin bölgü aparması üçün depozitin bölgü anındakı qalıq vəziyyəti, əməliyyat tarixi və mənbə göstəriciləri tələb olunur. Bu göstəricilər təqdim edilməsi lazımi və zəruri sübutların predmetinə aiddir və MPM-in 77.1, 81ci maddələrinin tələb etdiyi formada iddiaçı tərəfdən təqdim edilməmişdir. AR Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz iddiasını sübut etməyə borcludur və təqdim olunan sübutlar MPM-in 81-ci maddəsinə uyğun olaraq məhkəmənin tələblərinə cavab verməlidir. Bu baxımdan depozit üzrə tələb sübut olunmadığından təmin edilə bilməz. Oğlu Nurlanın adına olan “Unibank” “Leo” kartı üzrə 2 000 manat məbləğində vəsaitin cavabdeh tərəfindən mənimsənilməsi barədə iddia da sənədlərlə təsdiqini tapmamışdır. Hesab övladın adına açıldığından bu vəsaitin ümumi ailə vəsaiti olub-olmaması barədə hər hansı hüquqi əsas və ya təsdiqləyici sənəd təqdim edilməmişdir. Həmçinin həmin məbləğin kim tərəfindən və nə vaxt çıxarıldığını göstərən bank çıxarışları da iş materiallarına əlavə edilməmişdir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, iddiaçının istinad etdiyi hallar hüquqi baxımdan təsdiq olunmamışdır. Nə kredit öhdəliklərinin ümumi ailə borcu olması, nə depozit hesabındakı vəsaitin cavabdeh tərəfindən götürülməsi, nə də övladın hesabındakı pulun mənimsənilməsi sübuta yetirilmişdir. Ailə Məcəlləsinin 32, 36, 37 və 41-ci maddələri, Mülki Məcəllənin 225 və 500-cü maddələri, Konstitusiyanın 127-ci maddəsinin prinsipləri və İnsan Hüquqları və X1 haqqında Konvensiyanın 6-cı maddəsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün nə hüquqi, nə də faktiki əsas mövcuddur.Habelə, iddiaçının göstərdiyi ümumi 27 152 manatlıq vəsaəit haqqında yarı pay tələbi dəqiq hesab-uyğunluqla, cədvəllə və hər bir komponentin hüquqi mənsubiyyəti göstərilməklə əsaslandırılmamış, rəqəmlər arasında ziddiyyətlər aradan qaldırılmamışdır ki, bu da məhkəmənin qanuni və əsaslı qətnamə qəbul etməsi üçün zəruri olan sübutetmə standartını təmin etmir Məhkəmə belə qənaətə gəlir ki, iddia tam həcmdə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş 81.41 manat dövlət rüsumundan ibarətdir və məhkəmə hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın 27.152 manat pulun ona çatası 13.576 manat hissəsini və ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-1237/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1237/2025
22.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver