Məhkəmə qərarları › İş №2(032)-1247/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1247/2024

10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1247/2024 10.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcu ödəməkdən azad edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(032)- 621/2018 saylı icra vərəqəsinə əsasən əmələ gəlmiş 3150 manat məbləğində aliment üzrə borcu ödəməkdən azad edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2005-ci ildə ailə qurmuşlar. Bu ailədən qızları X7 26 sentyabr 2009-cu il təvəllüdlü və oğlu X9 05 oktyabr 2010-cu il təvəllüdlü anadan olmuşlar. 12 iyun 2018-ci il tarixdə cavabdehin iddiası əsasında məhkəmə yolu ilə boşanmışlar. Şirvan şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən azyaşlı uşaqları yetkinlik yaşlarına çatana qədər hər biri üçünhər ay 100 manat olmaqla, cəmi 200 manat məbləğində cavabdehin xeyrinə aliment ödəməyi müəyyən etmişdir. Məhkəmə bu zaman uşaqların köçkün kimi çörək pulu almalarını da nəzərə almışdı. Hazırda uşaqların hər biri üçün ayda 60 manat məbləğində cavabdeh çörək pulu alır. İşsiz olduğu üçün aliment ödənişində tez-tez borcu yaranırdı. Belində və qasıq nahiyyəsində əziyyətverici yırtıqlar olması səbəbindən ağır işlərdə işləyə bilmirdi. Yüngül iş tapa bilməyib. Dəfələrlə Dost xidmətinə (öncəki məşğulluq qurumuna) müraciət etsə, idarələrə getsə də yüngül iş tapa bilməmişdir. Ara işlərdə görməklə gündəlik qazandığı pullarla alimentin hamısını çatdırıb ödəyə bilmir, cavabdehə aliment borcu yaranmışdır. Uşaqlarını çox istəyir və onlar hər gün gəlib evində onunla söhbətləşir, onlara qulluq edir. Alimentdən əlavə pul xərcləyir. Uşaqaların təhsili ilə maraqlanır, onlara nəsihət verir. Buna baxmayaraq bir qədər aliment borcu yaranan kimi cavabdeh icra məmuruna müraciət edir, oda inzibati xəta törətməyi ilə bağlı protokol tərtib edib inzibati məsuliyyətə cəlb olunmağı üçün onu məhkəməyə verir. Artıq 5 dəfə müddəti 10 gün və 15 gün olmaqla həbs növündə inzibati tənbeh tədbiri cəzası almışdır. Nəhayət 2023-cü ilin oktyabr ayından Şirvanda tikinti meydanında qaravul işi taparaq ora işə düzəlmişdir. Maaşı 400 manatdır, 200 manatını aylıq aliment borcu kimi, 80 manatını isə yığılmış aliment borcuma görə iş yerindən tutub cavabdehə verilir. Qalan 120 manat və birdə köçkün kimi hər ay aldığı 60 manatla çox çətinliklə, demək olar ki, bir qarın ac, bir qarnı tox yaşayır. Elə gün olur ki, heç çörəyi almağa pulu olmur. Soğanla, meyvə ilə çörək yeyir. Hazırda cavabdehə 3150 manat olan borcu belindəki və qasıq nahiyyəsindəki yırtıqlara görə ağır işlərdə işləyə bilmədiyi və yüngül iş də uzun müddət tapa bilməməsi səbəbindən yaranmışdır. Həmçinin düşünmüşdür ki, alimentdən kənar uşaqlarına xərclədiyi pulları cavabdeh nəzərə alar, tez-tez onu inzibati qaydada həbs etdirməz. Ancaq o,bunları nəzərə almır, onun həbs olunmasına çalışır. Yığılan aliment borcun da heç zaman qərəzli olmamışdır. Bu borc gerçəkdən çətin maddi durumu və xəstəliyi ucundan yaranmışdır. Hazırda aldığı maaşla cavabdehə hər ay 200 manat aliment öhdəliyini vaxtlı-vaxtında ödəyəcəkdir. Ancaq yığılan borcu ödəmək ona çətin həyat yaşamı yaradır, xəstəlikləri arta bilər bu işidə itirə bilər. Cavabdehə olan borcu ağır xəstəliyikdən, işsizlikdən, çətin maddi vəziyyətindən yarandığını nəzərə alıb cavabdehə olan 3150 manat məbləğində aliment borcu ödəməkdən azad edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, 2005-ci il tarixdə ailə qurmuşlar, 2008-ci il tarixdə nikahları pozulmuşdur. Cavabdehdən alimentə görə ayda 200 manat, aliment üzrə yaranmış borca görə isə ayda 80 manat məbləğində pul tutulur. Hal-hazırda alimentin ödənilməsinə dair heç bir problem yoxdur. Lakin bununla yanaşı hesab edir ki, aliment üzrə yaranmış borc da ödənilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(032)- 621/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X1 cavabdeh İddiaçı ilə Əli-Bayramlı şəhər VVADQ şöbəsində 02 dekabr 2005-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 552 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 26 sentyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 05 oktyabr 2010-cu il tarixdə anadan olmuş X5 anası X1 yanında qalmasının müəyyən edilməsi, cavabdeh İddiaçı 26 sentyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 05 oktyabr 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq uşaqların anası X2 verilməsi, alimentin müvəqqəti tutulmasına dair Şirvan şəhər Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qərardadının ləğv edilməsi, qətnamənin alimentin alınması hissədə dərhal icra edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Əli Bayramlı şəhərində məskunlaşmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli X4 Mərkəzinin arayışından görünür ki, L4-L5 fəqərəarası diskin soltərəfli foramenal millimetrik qabarması (Bulqinq), L5-S1-fəqərəarası diskin arxa sağtərəfli lateral yırtığı (AP=7,0 mm), Onurğa sütununun bel-oma şöbəsində degeneraiv dəyişikliklər. İş materiallarında olan xx.xx.2014-cü il tarixli X4 Mərkəzinin arayışından görünür ki, L4-L5 fəqərəarası diskin periferik anulyar qabarması, L5-S1 fəqərəarasə diskin arxa sağtərəfli lateral (AP=7,2 mm), onurğa sütununun bel-oma şöbəsində degeneraiv dəyişikliklər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehden 26 sentyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 05 oktyabr 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehin 3150 manat aliment borcu vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini iddiaçı Cavabdeh maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, hesab edir ki, aliment şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Odur ki, alimentin borcunun tutulmasından azad olunması uşaqların hüquqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. Odur ki iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcu ödəməkdən azad edilmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar