Məhkəmə qərarları › İş №2(032)-1252/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1252/2023

02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1252/2023 02.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 13 aprel 2013-cü il təvəllüdlü X2 və 26 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər birinə 220 manat ümumilikdə 440 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o, Cavabdeh ilə nikah münasibətlərini 26 oktyabr 2018-ci il tarixdə Şirvan şəhər Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 13 aprel 2013-cü il tarixdə X2 və 26 sentyabr 2017-ci il tarixdə X3 adlı iki övladları anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsindədirlər. Cavabdeh birgə nikah dövründə anadan olmuş uşaqların saxlanması ilə əlaqədar maddi cəhətdən köməklik göstərmədiyindən, aliment məbləğinin tutulması ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən mediatora müraciət etmişdir. Mediasiya prosesində tərəflər arasında barışıq əldə edilmədiyindən, mediasiya prosesinin keçirilməsindən imtina edilmişdir. Lakin xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat aparmadıqlarından uşaqların saxlanmasında çətinlikləri vardır. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır və uşaqların saxlanması üçün heç bir zəruri maddi yardım göstərmir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqların da atasına qarşı ehtiyac və tələbatı artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Özü valideyinlərinin himayəsində yaşamaqla, heç bir yerdə işləmir və başqa gəlir yeri yoxdur. Ona görə də uşaqların saxlanılmasında maddi çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmuna uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında 13 aprel 2013-cü il təvəllüdlü X2 və 26 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay iki uşağa görə 200 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə iclasında İddiaçı izahatında Cavabdeh tərəfindən hər ay iki uşağa görə 200 manat məbləğində alimentin tutularaq ona verilməsinə etiraz etmədiyini, qərar qəbul edərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 424 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin bigə nikahlarından 13 aprel 2013-cü il təvəllüdlü X2 və 26 sentyabr 2017-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş şəxsin gəlir məlumatlarından görünür ki, Cavabdeh “X4” MMC-də çilingər-yığıcı, turbinlər vəzifəsində çalışır, aylıq əmək haqqısı 648 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, uşağın saxlanılması üçün hər ay hər uşağa görə 220 manat alimentin tutulmasını tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddaçı İddiaçı məhkəməyə vermiş olduğu izahatında Cavabdeh tutulacaq alimentin ümumilikdə 200 manat olmasına razı olması, iddiaçının buna etirazının olmamasını, tərəflərin maddi və digər diqqətəlayiq olan halları nəzərə alaraq hesab edir ki, hazırki halda ilkin iddia üzrə cavabdehdən uşaqların saxlanılması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan (200x12=2400) çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçının mediasiya xərci 50 manat pulun tutularaq ona ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, mediasiya ilə bağlı İddiaçı tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi və mediasiya ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 13 aprel 2013-cü il təvəllüdlü X2 və 26 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 100 manat olmaqla, ümumilikdə iki uşağa görə 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya ilə bağlı olaraq ödənilmiş 50 (əlli) manat rüsum Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 15 avqust 2023-cü il tarixdən hesablansın. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar