Məhkəmə qərarları › İş №2(032)-1258/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1258/2025

04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1258/2025 04.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər bir uşağa 246 manat, cəmi 492 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya üçün ödədiyi 50 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X9 ilə 2011-ci il tarixdə nikahlarını qəsmi qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra X5 valideynləri olan X2 və Cavabdeh yaşadıqları ünvan 1 ünvanına gəlin köçmüşdür. Ailə qurduqdan sonra mehriban yaşamışlar. xx.xx.2021-ci il tarixdə həyat yoldaşı X9 qaraciyər çatışmamazlığından vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra övladlarının saxlanması maddi və mənəvi tələbatlarının ödənilməsi yükü onun üzərində qalmışdır. X2 və Cavabdeh övladları ilə birlikdə onu evdən məcburi çıxarmışlar. 2 il müddətində kirayədə yaşamaqla həyat yoldaşının yaxınları tərəfindən heç bir köməklik göstərilməmişdir. X1 ilə əlaqədar müalicələr aldığından və mənəvi əzab çəkdiyindən 2024-cü ilin avqust ayında onları evinə yaşamaq üçün dəvət etmişdirr. 2024-cü ilin sentyabr ayında X2 onkoloji xəstəlikdən dünyasını dəyişmişdir. Hazırda cavabdeh ona və nəvələrinə heç bir köməklik göstərmir. Övladları ilə onu evdən çıxarmaq istəyir. Dəfələrlə ailədaxili mübahisələr baş vermişdir. Bu müddət ərzində cavabdeh uşaqların saxlanması barədə tutulacaq alimentin məbləği barəsində də cavabdehlə aralarında saziş bağlanılmamış, yaxud da ümumi razılıq əldə olunmamışdır. İddiaçı məhkəmənin hazırlıq iclasında iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz etdiyini, maddi imkanı olmadığını, süpürgəçi işlədiyini bildirərəki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 ilə İddiaçı birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2021ci il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021ci ilin 11 ayının 11 günündə 556 nömrə ilə qeyd edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsini əsas göstərməklə qeyd etmişdir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Odur ki, yetkinlik yaşına çatmayan uşağın atası aliment öhdəliyini icra etməkdən yayınaraq ölkə hüdudlarına getdiyini əsas gətirməklə nənəsi X3 aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X8 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Qeyd edilməlidir ki, ailə qanunvericiliyində uşaqların müstəqil subyekt kimi tanınması Konstitusiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın və digər beynəlxalq hüquqi aktların tələblərindən irəli gəlir. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: - könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); - məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Həmin məcəllənin 15-ci fəslində olan 89-cu maddəsində qeyd edilmişdir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Ailə Məcəlləsinin 89-cu maddəsinin dispozitiv şərtlərindən də görünür ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə və buna zəruri vəsaiti olan nənədən aliment almaq hüququna malikdirlər. İşin mübahisəsiz halı ondan ibraətdir ki, yetkinlik yaşına çatmayan Hüseyn Şahgəldiyev və Pünhan Şahgəldiyev anası İddiaçı himayəsindədir və övladlarına baxmaq və onların qayğısına qalmaq həmçinin ananın borcudur. Bundan başqa Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh sosial işçi, ictimai işlərdə işləməklə əmək haqqı alır və onun əmək haqqısı 400 manat təşkil edir. Məhkəmə hal-hazırda yaşayış minimumunun 2025-ci il üçün 232 manat olmasını, yaşını və əmək haqqısının 400 manat məbləğində olmasını aydınlaşdıraraq həmin məbləğin aliment veriləcək qədər zəruri vəsait olması kimi hesab etmir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyun 2016-cı il tarixli qərarı) Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmənin mövqeyi: Məhkəmə işin hallarını, təqdim olunmuş sübutları və tətbiq edilməli olan hüquqi normaları nəzərə alaraq aşağıdakı qənaətə gəlir: İddiaçı tərəfindən Cavabdeh qarşı qaldırılmış iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsi göstərilmişdir. Həmin maddəyə görə, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr yalnız o halda nənə və babadan aliment tələb edə bilərlər ki, birincisi – onların valideynləri tərəfindən saxlanmaları mümkün olmasın, ikincisi – cavabdeh olan nənə və ya babanın aliment verməyə zəruri vəsaiti olsun. İş üzrə müəyyən olunmuş və tərəflər arasında mübahisə doğurmayan hal ondan ibarətdir ki, uşaqların atası X9 vəfat etmişdir və hazırda azyaşlı uşaqlar yalnız anaları İddiaçı himayəsində yaşayırlar. Valideynlərdən biri – ata vəfat etdiyindən, qanunvericiliyin tələbinə əsasən uşaqların saxlanılması ilə bağlı öhdəlik yalnız sağ qalmış valideynin, yəni ananın üzərinə düşür. Uşağın valideyni olan ananın üzərinə uşaqların saxlanılması ilə bağlı vəzifələrin düşməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrindən irəli gəlir. Məhkəmə qeyd olunan konstitusion və müvafiq məcəllədəki normaları nəzərə almaqla belə nəticəyə gəlir ki, nənənin alimentlə öhdəliyi yalnız istisna hal kimi, müvafiq hüquqi şərtlər daxilində mümkündür. Həmin şərtlər sırasında nənənin aliment ödəmək üçün “zəruri vəsaitə malik olması” əsas tələblərdəndir. Halbuki, iş üzrə araşdırmalarla müəyyən olunmuşdur ki, Cavabdeh sadə vətəndaş kimi, “süpürgəçi” vəzifəsində ictimai işlərdə çalışmaqla, cəmi 400 manat məbləğində aylıq gəlir əldə edir. Ölkədə 2025-ci il üçün müəyyən edilmiş yaşayış minimumunun 305 manat olduğu şəraitdə, cavabdehin ümumi gəliri onun öz minimum ehtiyaclarını belə çətinliklə qarşılamağa imkan verir. Bu məbləğ, ailə qanunvericiliyində nəzərdə tutulan “zəruri vəsaitə malik olmaq” meyarına cavab vermir. Əmək fəaliyyəti və maddi imkan baxımından cavabdehin sosial statusu, onun aliment vermək iqtidarında olmadığını nümayiş etdirir. Məhkəmə cavabdehin maddi vəziyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun 2 azyaşlı nəvənin aylıq saxlanma xərclərini ödəməsi real və hüquqi baxımdan mümkün deyildir. Qeyd edilməlidir ki, aliment öhdəliyi ailə münasibətlərindən doğan, qarşılıqlı razılığa və ya qanunla müəyyən edilmiş məcburi əsaslara söykənən bir hüquqi münasibətdir. Konstitusiya Məhkəməsinin 27 iyun 2016-cı il tarixli qərarında da vurğulanmışdır ki, aliment öhdəliyi yalnız o halda məcburiyyətə çevrilə bilər ki, həmin şəxsin (bu halda – cavabdehin) aliment ödəmək üçün real maddi imkanı mövcud olsun. Bu baxımdan, mövcud iş üzrə iddia tələbinin təmin olunması cavabdehin real imkanlarını aşan, onu daha da ağır sosial vəziyyətə salan, nəticə etibarilə hüququn insani məqsədindən uzaqlaşan bir qərar olardı. Məhkəmə belə hesab edir ki, ərini və oğlunu itirmiş, özü isə cəmiyyətin ən zəhmətkeş təbəqəsində çalışan nənənin – yeganə gəliri olan 400 manat əmək haqqı ilə həm özünə, həm də başqalarına baxması tələb oluna bilməz. Ədalət prinsipləri baxımından belə bir öhdəliyin ona yüklənməsi nə hüquq qarşısında, nə də vicdan qarşısında qəbul edilə biləcək nəticə doğurmazdı. Beləliklə yetkinlik yaşına çatmayan uşaqların qayğısına qalmağın valideyn üzərinə qoyulan vəzifə olmasını, nənənin zəruri vəsaitə malik olmadığını, faktiki olaraq uşağın ananın yanında saxlanmasını və uşağın qayğısına qalmalı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar