Məhkəmə qərarları › İş №2(032)-135/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-135/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-135/2023 25.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Fiziki şəxs “X1” ilə Cavabdeh arasında bağlanmış RM-1192 saylı xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1399 manat dəyərində “Aqua 1” modelli su təmizləmə sistemi hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürüb. Fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyət göstərən Cavabdeh ilə İddiaçı MMC-i arasında 12 fevral 2021-ci il tarixli N-001 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. İddiaçı MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 319 manat məbləğində pulun tutulmasını və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Şirvan şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi İddiaçı MMC-nin ünvanına göndərilməsinə baxmayaraq nümayəndə məhkəməyə gəlməmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh qeydiyyatda olduğu Şirvan şəhəri, Xəqani küçəsi 2, 96 saylı evinə poçt vasitəsilə göndərilmiş, zərfin üzərində vəfat edib qeyd edilərək bildiriş geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş Şirvan şəhər Qeydiyyat Şöbəsindən daxil olmuş ölüm haqqında akt qeydinə əsasən Cavabdeh xx.xx.2021-ci ildə Şirvan şəhərində ölmüşdür. İş materiallarından isə görünür ki, İddiaçı MMC-nin hazırki iddia ərizəsi ilə 30 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı MMC-nin məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2021-ci il tarixdə vəfat etmiş, mülki iddia isə xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, bununla da Cavabdeh iş üzrə cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iş üzrə icraata xitam verilməli və iddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi ilə əlaqədar İddiaçı MMC-i tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 261.0.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı MMC-i tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu qaytarılsın. Qərardaddan 10 gün müddətinə Şirvan şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar