Məhkəmə qərarları › İş №2(032)-1398/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1398/2025

30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1398/2025 30.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi (azaldılması) tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(032)-634/2019 saylı qətnaməsi ilə 31 avqust 2009-cu il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğinin (indeksasiyadan sonra olan 1.15 misli miqdarında olanı) azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Hüseynala qızı ilə xx.xx.2004cü il tarixində rəsmi nikaha girməklə ailə həyatı qurmuş, birgə nikahlarından 07 fevral 2006-cı il təvəllüdlü X5 və 31 avqust 2009-cu il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Şirvan şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(032)-634/2019 saylı qətnaməsi ilə 07 fevral 2006-cı il təvəllüdlü X3 və 31 avqust 2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra iş üzrə həmin qətnamə qanuni qüvvəsini almış və icra mərhələsində olduğu bir vaxtda iş üzrə Cavabdeh həmin aliment məbləğinin indeksasiyası barədə ərizəsi Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadı ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşıma çatanadək saxlanılması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Həmin qərardaddan verdiyi şikayət Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)19/2025 saylı qərardadı ilə təmin edilməmişdir, şikayətə baxılması üçün aidiyyəti üzrə apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(106)-23/2025 saylı qərardadı ilə şikayəti təmin edilməmişdir. Hal-hazırda onların rəsmi nikahlarından olan 07 fevral 2006-cı il təvəllüdlü X5 2024-cü ilin fevral ayında yetkinlik yaşına çatmış, 31 avqust 2009-cu il təvəlldlü X6 isə iş üzrə cavabdehin himayəsində olmaqla 15 yaşındadır. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli həddində 460 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi onu həddindən artıq çətin vəziyyətə salmışdır. Səhhətinə görə işləyə bilmir. İş üzrə cavabdeh isə işləməsi ilə aylıq yaxşı qazanc əldə edir. İş üzrə Cavabdeh himayəsində olan xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödəməkdən boyun qaçırmır, amma 460 manat, bu alimenti ödəməyə maddi imkanı yoxdur. Hal-hazırda üzərinə xeyli borc yığılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı bərbər işliyir, obyekti var, qazanc əldə edir. Özü 270 manat əmək haqqı alır. Qeyd edilənlərə əsasən iddiaçının alimentin azaldılması barədə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X2r. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadından görünür ki, ərizə təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(106)- 23/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, Şirvan şəhər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Mcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat, uşaqların saxlanılması üçün minimum məbləğ isə 246 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından 07 fevral 2006-cı il təvəllüdlü X5 və 31 avqust 2009-cu il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Şirvan şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(032)-634/2019 saylı qətnaməsi ilə 07 fevral 2006-cı il təvəllüdlü X3 və 31 avqust 2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra hazırkı mlüki iş üzrə Cavabdeh təyin edilmiş aliment məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadı ilə təyin edilmiş alimentin indeksasiyası həyata keçirilərək xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşıma çatanadək saxlanılması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazrıda iddiaçı indeksasiya əsasında təyin edilmiş 460 manat alimentin ödənilməsinin onun üçün çətin olduğundan azaldılmalı olduğunu iddia edir. Məhkəmənin mövqeyi: Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin məbləği tərəflərin ailə və maddi vəziyyəti, habelə diqqətəlayiq digər hallar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər. Bu halda aliment məbləğinin indiki vəziyyətdə iddiaçının ödəmə imkanlarını aşması, onun səhhətinin ciddi şəkildə pozulması alimentin mövcud həddə saxlanmasının ədalət prinsipinə zidd olduğunu göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə və “Uşaq Hüquqları haqqında” Qanunun müvafiq müddəalarına görə, uşağın saxlanması hər iki valideynin bərabər vəzifəsidir və dövlət uşaqların zəruri şəraitdə böyüdülməsi üçün valideynlərin üzərinə bərabər öhdəlik qoyur. Aliment məbləği uşağın maraqlarını tam təmin etməklə yanaşı, aliment ödəyən valideynin maddi və sağlamlıq imkanlarına da proporsional olmalıdır. Avropa Məhkəməsinin “Elşolts Almaniyaya qarşı” və “Bronda İtaliyaya qarşı” işləri üzrə presedentlərində də vurğulanmışdır ki, uşağın maraqları üstün tutulmalı, lakin valideynlərin də hüquq və imkanları nəzərə alınaraq ədalətli tarazlıq təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ildən etibarən minimum aylıq əmək haqqı 400 manat, uşaqların saxlanılması üçün minimum məbləğ isə 246 manat olaraq müəyyən edilmişdir. Bu göstəricilərdən göründüyü kimi, hər bir uşaq üçün dövlət tərəfindən müəyyən edilmiş təminat həddi 246 manat təşkil edir. Alimentin də məhz bu həddə müəyyən edilməsi uşağın minimum ehtiyaclarının təmin olunmasına xidmət edir. Hazırda qüvvədə olan qərardadla alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli (460 manat) olaraq müəyyən edilmişdir ki, bu da iddiaçının mövcud vəziyyətini ağırlaşdırır. Məhkəmə hesab edir ki, uşağın mənafeyi təmin edilməklə yanaşı, iddiaçının da maddi vəziyyəti nəzərə alınmalıdır. Belə olan halda, alimentin miqdarı minimum əmək haqqının 280/400 nisbəti əsasında 0.7 misli həddində müəyyən edilməlidir. Bu məbləğ bir tərəfdən uşağın saxlanılması üçün dövlət tərəfindən təsbit edilmiş minimum təminat həddinə uyğun gəlir, digər tərəfdən iddiaçının ağır sağlamlıq və maliyyə vəziyyətini nəzərə almaqla ədalətli tarazlığı təmin edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, 31 avqust 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,7 misli həddində aliment tutularaq Cavabdeh ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-19/2025 saylı qərardadı ilə İddiaçı tutulmuş minimum əmək haqqının 1.15 misli həddində sabit pul məbləğində alimentin indeksi dəyişdirilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar