Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1399/2023 01.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh Şirvan şəhər 12 saylı tam orta məktəbin direktoru Cavabdeh, Müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin Şirvan X4 nümayəndəsi Nümayəndə Əlinizam qızının iştirakları ilə, İddiaçı Şirvan şəhər 12 saylı tam orta məktəbə və direktoru Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Şirvan şəhər 12 saylı tam orta məktəbin direktoru Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Şirvan şəhər 12 saylı tam orta məktəbin direktoru Cavabdeh onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 68 nömrəli əmrinin ləğv edilməsinə, Şirvan şəhər 12 saylı tam orta məktəbdə tutmuş olduğu təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə yenidən qaytarılmasına və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhər 12 saylı tam orta məktəbin direktoru Cavabdeh xx.xx.2023-cü il tarixli, 35 nömrəli əmrinə əsasən həmin məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə 3 aylıq sınaq müddəti ilə təyin olunmuşdur. İşə başladığı vaxtdan məktəbin daxili təsərrüfatının abadlaşdırılmasında yaxından iştirak etmiş və kollektiv daxilində daima fəallıq göstərmişdir. Bu barədə məktəb rəhbərliyi tərəfindən ona xasiyyətnamə verilmiş və həmin xasiyyətnamə ərizəsinə əlavə edilmişdir. İşə təyin olunduğu vaxtdan etibarən hər gün vaxtlı-vaxtında işə gəlib tabelə imza etmişdir. Lakin işlədiyi müddətdən 3 ay keçdikdən sonra məktəb direktoru xx.xx.2023-cü il tarixli, 68 nömrəli əmri ilə onun sınaq müddətinin başa çatmasına görə ona heç bir məlumat vermədən heç bir əsas olmadan əmək müqaviləsinə xitam vermişdir. Lakin bundan onun xəbəri olmamış və hər gün işə gələrək tabelə imza atmışdır. Bundan bir müddət sonra isə məktəb direktoru şifahi surətdə ona demişdir ki, “sən işdən azad olunmusan”. Hansı əsasla işdən azad olunmağı barədə məktəb direktorundan soruşarkən ona cavab vermişdir ki, “bu mənim iradəmdən asılı olmayan bir haldırki, onu da mənə yuxarı instansiyadan tapşırmışlar ki, səni işdən azad edim”. Bundan sonra naəlac qalaraq pozulmuş əmək hüququnun bərpasından ötrü X3 ərizə ilə şikayət etdi. Ərizəsi əsasında əmək müfəttişliyi tərəfindən məktəbdə yoxlama aparılmış və qanun pozuntuları aşkarlanmışdır. Belə ki, X6 Xidmətinin X1 rəyində onun əmək müqaviləsinə xitam verilməsi, əmək və istifadə edilməmiş məzuniyyət günlərinin hesablanması və eləcə də sonuncu haqq-hesaı düzgün hesablanmayaraq ödənilməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83 və 144-cü maddələrinin 2-ci hissələrinin tələbləri pozulduğundan işəgötürən Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmiş, məhkəmənin gedişatında ərizə təqdim edərək cavabdeh qismində həm Şirvan şəhər 12 saylı tam orta məktəbi, həm də direktoru Cavabdeh göstərdiyini bildirmişdir. Vermiş olduğu izahatında onunla 3 aylıq sınaq müddəti ilə müqavilə bağlandığını, sonradan 09 iyun tarixdə müsahibədə iştirak etməsini, 13 iyun 2023-cü il tarixədək davamiyyət jurnalına imza etməsini, 12 iyun gecə saatlarında məktəb direktorunun ona zəng edərək müsahibədə kobud danışdığına görə onu işdən azad edilməsini bildirmiş, arxa tarixlə əmrləşdirib onu işdən çıxarmışdır. Əmək kitabçasında onun sınaq müddətinin bitməsi səbəbindən işdən çıxarılması qeyd olunsa da əmrdə müddətli müqavilənin bitməsi, həmçinin tarixlərin də səhv göstərilməsi, ona 13 iyun tarixlərində işləyən şəxs kimi müsbət xasiyyətnamələrin verilməsi sübuta yetirir ki, onu qanunsuz olaraq işdən çıxarıblar. Məhkəmə iddiaçının hər iki cavabdehin cəlb edilməsi ilə əlaqədar ərizəsini nəzərə alır. Cavabdeh Şirvan şəhər 12 saylı tam orta məktəbin direktoru Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı etiraf etməyərək bildirmişdir ki, İddiaçı Şirvan şəhər 12 nömrəli tam orta məktəbdə vakantda olan təsərrüfat müdiri vəzifəsinə 3 aylıq müqavilə ilə işə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu haqda ona 3 gün öncədən məlumat verilmişdir. Etiraz ərizəsi təqdim edərək iddianın əsassız olduğunu və rədd edilməsini xahiş etdi. Həmçinin Şirvan şəhər 12 saylı tam orta məktəbin direktoru Cavabdeh izahatında əmrdə və əmək kitabçasında həm tarix həm müddətli və sınaq müddətli müqavilənin qeyd edilməsinin, xitam verilməsinə dair əmrlərin müxtəlif tarixlərdə göstərilməsinin texniki səhv olmasını bildirdi, həmçinin əmək müqaviləsinə xitam verilməsinin 06 iyun tarixdə deyil, xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilməsini də etiraf etmiş, iddiaçının davamiyyət jurnalına onların xəbəri olmadan imza etməsini bildirmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs X6 Xidmətinin Şirvan X4 nümayəndəsi Nümayəndə Əlinizam qızı məhkəməyə mülahizə təqdim etdi və məhkəmə iclasında izahat verərək bildirdi ki, Şirvan şəhər 12 nömrəli tam orta məktəbdən daxil olmuş sənədlər əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq məktəbə Təsərrüfat işləri üzrə direktor müavini işinə qəbul edilmişdir. İddiaçı əmək müqavilsinə xx.xx.2023-cü il tarixdə sınaq müddəti başa çatdığına görə heç bir xəbərdarlıq edilmədən işdən azad edildiyini, 2023-cü ilin iyun ayının 13-nə kimi işə davamiyyət jurnalına qol çəkdiyini bildirmişdir. İddiaçı ilə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq məktəbə təsərrüfat işləri üzrə direktor müavini işinə qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində göstərilən qaydada xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən gün İddiaçı son haqq-hesab ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı sonuncu iş günü işçiyə verilməli olduğu halda İddiaçı son haqq-hesab gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Son haqqhesab ödənilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasında asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İddiaçı işlədiyi 3 aylıq dövrə münasibətdə istifadə edilmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İddiaçı işlədiyi 3 aylıq dövrə münasibətdə istifadə edilməyən 8 məzuniyyət günü əvəzinə istifadə edilməmiş 5 məzuniyyət günü üçün pul əvəzi ödənilmişdir. Məktəb direktoru tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü və 144-cü maddələrinin 2-ci hissəsinin tələbləri pozulduğundan işəgötürən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, 24 iyul 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərara əsasən 700 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmçinin, İddiaçı ödənilməli olan son haqq-hesabın qalıq məbləğinin ödənilməsi barədə Şirvan şəhər 12 nömrəli tam orta məktəbinin direktoruna 25 iyul 2023-cü il tarixli göstəriş verilmişdir. Şikayət ərizəsində qaldırılan digər məsələişçinin xx.xx.2023-cü il tarixdə işdən çıxmasına baxmayaraq iyun ayının 13-nə kimi işə davamiyyət juranllarına imza atması iddiası ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin və 294-cü maddəsinin 1-ci hissəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı işə bərpa tələbinə dair bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və həmin maddənin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüququdur və həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər 12 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli 35 nömrəli əmrdə göstərilmişdir ki, məktəbdə vakantda olan təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə İddiaçı təyin edilsin və onunla xx.xx.2023-cü il tarixdən 3 aylıq müddətli əmək müqaviləsi bağlansın. Əsas Salyan Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-34/2-475/2023 nömrəli məktubu. Şirvan şəhər 12 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 35 nömrəli əmrin surətindən görünür ki, məktəbin vakantda olan təsərrüfat işləri direktor müavini vəzifəsi İddiaçı xx.xx.2023-cü il tarixdən 3 aylıq müddətinə həvalə edilmişdir. Şirvan şəhər 12 nömrəli tam orta məktəbin müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 68 nömrəli əmrdə göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndini rəhbər tutaraq əmr etmişdir: 1.Məktəbin təsərrüfat müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 05 iyun 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin və tutduğu vəzifədən azad edilsin. 2.Tapşırılsın məktəbin mühasibi Xəyalə Səmədzadəyə, İddiaçı ilə son haqq-hesabın aparılmasını təmin etsin. 3. İddiaçı əmək kitabçaüsı sonuncu iş günü işçiyə təhvil verilsin. Əsas ƏM 68-ci maddəsinin İİ hissəsinin B bəndi olmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müddətli olaraq təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə isə sistemə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron İnformasiya sisteminə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası 68.2 b.müddətin qurtarması qeyd edilmişdir. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 35 nömrəli əmrlə Şirvan şəhər 12 nömrəli tam orta məktəb üzrə vakantda olan təsərrüfat işləri direktor müavini vəzifəsinə İddiaçı təyin edilsin və onunla xx.xx.2023-cü il tarixdən 3 aylıq əmək müqaviləsi bağlanılsın. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 68 nömrəli əmrlə Şirvan şəhər 12 nömrəli tam orta məktəb üzrə vakantda olan təsərrüfat işləri direktor müavini vəzifəsinə təyin edilmiş İddiaçı 3 aylıq sınaq müddəti tamamlandığı üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli müsahibə komissiyasının rəyində göstərilmişdir ki, İddiaçı müsahibə nəticələri üzrə yekun balı uyğun hesab edilməmişdir. xx.xx.2023-cü il tarixli, Şirvan şəhər 12 saylı məktəbin direktoru Cavabdeh tərəfindən imzalanmış xasiyyətnamədən görünür ki, İddiaçı 2023-cü ilin mart ayının 6-da Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli tərəfindən 3 ay sınaq müddətinə Hacıqəhrəmanlı qəsəbəsində yerləşən 12 saylı tam orta məktəbə təsərrüfat işləri üzrə direktorun müavini təyin edilmişdir. Şirvan şəhər 12 saylı tam orta məktəbin xx.xx.2023-cü il tarixli aktında göstərilmişdir ki, təsərrüfat müdiri vəzifəsini 3 aylıq müddətli müqavilə ilə icra edən İddiaçı xx.xx.2023-cü il tarixdə işinə xitam verilməsinə və ona xəbərdarlıq edilməsinə baxmayaraq, məktəb rəhbərliyini sonradan hədələmək məqsədi ilə texiki işçilərin işə davamiyyət jurnalına öz adını yazmış və xx.xx.2023-cü il tarixə qədər imza etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhər 12 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 39 nömrəli məktubundan görünür ki, İddiaçı Şirvan şəhər 12 nömrəli tam orta məktəbdə vakantda olan Təsərrüfat müdiri vəzifəsinə 3 aylıq müqavilə ilə işə qəbul ounmuşdur. Vətəndaşla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023cü il tarixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu haqda ona 3 gün öncədən məlumat verilmişdir. Bastanov keçirilmiş imtahanın müsahibə mərhələsindən keçmədiyi üçün yenidən işə bərpa edilməmiş və əmək haqqısı tarif cədvəlinə uyğun ödənilmişdir. xx.xx.2023-cü il tarixli 36 nömrəli xasiyyətnamənin surətində göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi X5 tərəfindən Şirvan şəhər 12 nömrəli tam orta məktəbdə 3 aylıq sınaq olunduğu kollektivin və tabeliyində olan işçilərin hörmət və ehtiramını qazanmışdır. Vəzifəsinin ona verdiyi səlahiyyətlərindən düzgün istifadə edir, bacarır, işin təşkilini düzgün qurmağı bacarır. Əxlaqlı, savadlı, idarəetməni bacaran yüksək səviyyəli bir kadrdır. Pedaqoji şuranın bütün iclaslarına dəvət alır, fikir mübadiləsi aparmağı bacarır. Məktəbdə təşkil olunan dövlətdaxili tədbirlərin texniki işlərini yüksək səviyyədə təşkil edir.Ona edilmiş müraciətlərə laqeyd qalmır. İşlədiyi sınaq müddəti ərzində rəhbərliyə onun haqqında heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Şirvan-Salyan egional Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, onunla Şirvan şəhər 12 nömrəli tam orta məktəbdən daxil olmuş sənədlər əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (3 aylıq) müddətli əmək müqaviləsi bağlanaraq məktəbə Təsərrüfat işləri üzrə direktor müavini işinə qəbul edilmişdir. Əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində göstərilən qaydada xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən gün ona son haqq-hesab ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin2-ci hissəsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, əmək kitabçası və işəgötürənin son haqqhesabı sonuncu iş günü verilməli olduğu halda, bu ona son haqq-hesab gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Son haqq-hesab ödənilən zaman Azərbaycan respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinı görə pul əvəzi ödənilməlidir. İşlədiyi 3 aylıq dövrə münasibətdə istifadə edilməyən 8 məzuniyyət günü əvəzinə istifadə edilməmiş 5 məzuniyyət günü üçün pul əvəzi ödənilmişdir. Məktəb direktoru tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü və 144-cü maddələrinin 2-ci hissəsinin tələbləri pozulduğundan işəgötürən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və 24 iyul 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona ödənilməli olan son haqq-hesabın qalıq məbləğinin (72 manat 30 qəpik) ödənilməsi barədə Şirvan şəhər 12 nömrəli tam orta məktəbin direktoruna 25 iyul 2023-cü il tarixli, 3-17-5/2-Ə- 27611/2023 nömrəli göstəriş verilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş Şahid3 ifadəsində atasının 3 aylıq sınaq müddətilə Şirvan şəhər 12 nömrəli tam orta məktəbə işə götürülməsini, xx.xx.2023-cü il tarixdə axşam saatlarında direktor Şəbnəm xanımın atasına zəng edərək onu işdən çıxarmağını deməsini bildirdi. Məhkəmə iclasında cavabdehin vəsatətilə dindirilmiş Şahid2 məktəb üzrə Həmkarlar İttifaqının sədri olduğunu, iddiaçıın yaxşı işçi olmasını, sonradan 3 aylıq müqaviləsinin bitməsi səbəbindən işdən çıxarılmasını bildirmişdir. Məhkəmə iclasında cavabdehin vəsatətilə dindirilmiş Şahid1 iddiaçının müddətli müqavilə əsasında işə götürülməsini, yaxşı işçi və kollektivlə yaxşı münasibətlərdə olmasını, sonradan isə onun müsahibədən keşməməsini, müqaviləsinin müddəti bitməsinə görə işdən çıxarılmasını bildirdi. İddiaçının sualına cavab olaraq kömək məqsədilə ona əmək məcəlləsində sınaq müddəti ilə işə götürülən işçilərə aid maddənin telefonuna atmasını bildirmişdir. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyası 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsi 2-ci maddəsi əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 12-ci maddəsinin tələbinə görə fəmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biri hesab edilir. 11-ci maddəsinin “g” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək hüquqları vardır. 51-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. 53-cü maddəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. 68.1-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinin d)bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda ləğv edilə bilər. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ insanların digər konstitusion hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin həm bağlanması, həm də ləğv edilməsi zamanı işəgötürənin üzərinə mühüm vəzifələr qoymuşdur. Bu sahədə işəgötürənin əmri qanunvericilikdə nəzərədə tutulmuş maddi və formal tələblərə cavab verməlidir. Hazırki mülki işin araşdırılması zamanı iddiaçının qanunsuz olaraq işdən çıxarılması iddiasını irəli sürməsində haqlı olması müəyyən olunur. İlk öncə məhkəmə yuxarıda qeyd olunan və iş üçün əhəmiyyətli olan sənədlərdəki ziddiyyətli məqamları qabarıq göstərmək üçün onları bir daha sadalamağı vacib bilir:
1. xx.xx.2023-cü il tarixli 35 nömrəli əmrdə məktəbdə vakantda olan təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə İddiaçı təyin edilməsi və onunla xx.xx.2023-cü il tarixdən 3 aylıq müddətli əmək müqaviləsi bağlanması göstərilmişdir.
2. xx.xx.2023-cü il tarixli 68 nömrəli əmrdə məktəbin təsərrüfat müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 05 iyun 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir.
3. İddiaçı məxsus əmək kitabçasının surətində xx.xx.2023-cü il tarixli, 68 nömrəli əmrlə Şirvan şəhər 12 nömrəli tam orta məktəb üzrə vakantda olan təsərrüfat işləri direktor müavini vəzifəsinə təyin edilmiş İddiaçı 3 aylıq sınaq müddəti tamamlandığı üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi göstərilmişdir.
4. xx.xx.2023-cü il tarixli, Şirvan şəhər 12 saylı məktəbin direktoru Cavabdeh tərəfindən imzalanmış xasiyyətnamədən görünür ki, İddiaçı 2023-cü ilin mart ayının 6-da Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli tərəfindən 3 ay sınaq müddətinə Hacıqəhrəmanlı qəsəbəsində yerləşən 12 saylı tam orta məktəbə təsərrüfat işləri üzrə direktorun müavini təyin edilmişdir.
5. xx.xx.2023-cü il tarixli 36 nömrəli xasiyyətnamədə İddiaçı xx.xx.2023-cü il tarixdən Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi X5 tərəfindən Şirvan şəhər 12 nömrəli tam orta məktəbdə 3 aylıq sınaq olunduğu kollektivin və tabeliyində olan işçilərin hörmət və ehtiramını qazanması, işlədiyi sınaq müddəti ərzində özünü doğrultmağı göstərilmişdir.
6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi, bildirişin xx.xx.2023-cü il tarixdə elektron informasiya sisteminə daxil edilməsi göstərilmişdir. İddiaçı cavabdeh təşkilatla “müddətli” əmək müqaviləsinin bağlanmasını qəbul etmir, onların arasında sınaq müddəti müəyyən edilmiş müqavilənin bağlandığını qeyd edir, və bildirir ki, 3 aylıq sınaq müddəti ilə işə götürülmüş, sınaq müddəti bitmiş, sınaqdan keçdiyinə görə əmək münasibətləri davam etmiş (davamiyyət jurnalına xx.xx.2023-cü il tarixədək imza etməsi, həm iddiaçının özü, həm də regional təhsil idarəsi və məktəbin tərtib etdiyi aktlarla təsdiq edilir), ona müsbət xasiyyətnamələr verilmiş, xasiyyətnamələrin məzmununda (vəzifəsinin ona verdiyi səlahiyyətlərindən düzgün istifadə edir, işin təşkilini düzgün qurmağı bacarır) şəxsin hazırda da məktəbdə işləməsi və sözügedən vəzifəni tutması müəyyən olunmuşdur. İddiaçının işlədiyi zamanda müsahibədə iştirak etməsi (xx.xx.2023-cü il), müsahibədən qeyri-məqbul çıxmasından sonra ona direktor tərəfindən məlumat verilməsi (xx.xx.2023-cü il) və arxa tarixnən işdən çıxarılması (elektron sistemə əmək müqaviləsinin xx.xx.2023-cü il tarxidə daxil edilməsi, sənədlərdə isə xx.xx.2023-cü il, bəzilərində xx.xx.2023-cü il göstərilməsi) barədə dedikləri əldə edilən və tədqiq sənədlərlə tam şəkildə təsdiq edilir. Həmçinin iddiaçının işə götürülməsi ilə əlaqədar əmrdə müddətli əmək müqaviləsi ilə işə götürülməsi, işdən azad edilməsinə dair əmək kitabçasında qeyd edilmiş əmrdə əmək münasibətlərinə son qoyulmasının səbəbi kimi sınaq müddətinin bitməsi, direktorun imzaladığı əmrində isə müddətli əmək müqaviləsinin bitməsi, iddiaçıya verilmiş və səlahiyyətli şəxslər olan regional təhsil idarəsinin rəisi, məktəbin direktoru, həmkarlar ittifaqının rəhbəri və sair tərəfindən imzalanmış bütün xasiyyətnamələrdə şəxsin sınaq müddəti ilə işləməsi, sınaq müddətində özünü doğrultması qeyd edilmişdir. Göstərilən ziddiyyətlərlə əlaqədar məktəb direktorunun izahatı isə bu halların “onun katibəsi” tərəfindən yol verilmiş texniki səhv olması bildirilmişdir. Həmçinin iddiaçının işdən çıxma vaxtının gah xx.xx.2023-cü il tarix, gah da xx.xx.2023-cü il tarix kimi göstərilməsi, bundan əlavə şəxsin 05 iyun 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixində buna dair məlumatın kənar müdaxilənin mümkün olmadığı elektron sistemə daxil edilməsi iddiaçının xx.xx.2023-cü il tarixədək məktəblə əmək münasibətlərinin davam etməsini, onun sonradan müsahibədə qeyri-məqbul nəticə göstərməsi səbəbilə arxa tarixnən, yəni xx.xx.2023-cü il tarixi göstərilməsinə dair bildirdikərinin həqiqət olmasını sübuta yetirir. Adı çəkilən - əmr, əmrlər kitabı, əmək kitabçası, xasiyyətnamə kimi rəsmi sənədlərdə isə vəzifəli bir şəxs kimi daşıdığı məsuliyyətin anlayışına malik regional təhsil idarəsinin rəhbərliyinin, o cümlədən də məktəb direktorunun dəfələrlə “texniki səhv”lərə yol vermələri inandırıcı hesab edilə bilməz. Həmçinin əmək qanunvericiliyi sınaq müddəti ilə işə götürülmüş işçinin sınaq dövrü ərzində özünü doğrultmaması səbəbindən işdən çıxarılmasını (70-ci maddənin d bəndi) və çıxarılmasının imperativ prosedurunu (53.1-ci maddə - 3 gün əvvəl yazılı xəbərdarlıq) müəyyən etmişdir. Hazırda isə qarşı tərəf regional təhsil idarəsinin məktubunu təqdim etməklə şəxsi 3 gün əvvəl müqavilənin xitam verilməsi barədə məlumatlandırdığını bildirsə də bunu nə iddiaçı təsdiq edir, nə də ki, qarşı tərəf təsdiqedici bir sübut təqdim etmir. Bundan əlavə müddətli əmək müqaviləsi bağladığını iddia edən cavabdehin qanunvericiliklə sınaq müddətinin bitməsi və işçinin özünü doğrultmaması halında onu 3 gün əvvəl məlumatlandırması prosedurunu həyata keçirməsini bildirməklə özü də ziddiyyətli bir mövqedə olmasını məhkəmə qarşısında biruzə verir. Məhkəmə təqdim edilən və tədqiq edilən sübutlara əsasən cavabdehin iddiaçını müddətli müqavilə ilə işə götürməsi halına da münasibət bildirməyi vacib hesab edir və bu halda da cavabdehə əmək qanunvericiliyinin müddətli müqavilə və ona xitam verilmə qaydası ilə əlaqədar nəzərdə tutulmuş müddəaları baxımından özü bildirdiyi “texniki səhv”lərə yol verməklə işəgötürən kimi qanunvericiliyin müddəalarını pozmuş olmasını qeyd edir. Məlum olduğu kimi müddətli əmək müqaviləsinə müəyyən olunmuş müddət bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin faktiki hallarından da göründüyü kimi müqavilənin 05 iyun 2023-cü il tarixdə müddəti bitməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixədək iddiaçının davamiyyət jurnalına imza etməsi, xx.xx.2023-cü il tarixdə onun regional təhsil idarəsinin təşkil etdiyi müsahibədə iştirak etməsi, əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilməsi özü-özlüyündə cavabdehin bildirdiyi kimi müddətli əmək müqaviləsindən irəli gələn münasibətlərdə olması halında belə artıq müddəti tamam olduqdan sonra 1 həftə ərzində əmək münasibətlərinin davam etməsini, sözügedən müqavilənin artıq yenidən uzadılmış hesab edilməsini və tərəflərin davamlı əmək münasibətlərində olmasına dəlalət edir. Təbii ki, işçi və işəgötürən – hər ikisi qanunvericiliklə müvafiq qaydada vəzifə daşımalı və bu vəzifələri vicdanla yerinə yetirməlidirlər. Əmək müqaviləsinin tərəfləri artıq mülki qanunvericiliklə tam anlaqlı və fəaliyyət qabiliyyətli şəxslərdir. Lakin düşünürük ki, tabeçiliyində digər şəxslərin əməyindən istifadə etməklə müəyyən iş fəaliyyətini quran istehsal və ya digər sahədə fəaliyyətə rəhbərlik edən işəgötürən qanunvericiliyin ona vermiş olduğu səlahiyyətlərdən irəli gələrək bu münasibətlərin düzgün qurulmasında və rəsmiləşmə içlərinin qanuna riayət edilməsində işçidən bir qədər artıq məsuliyyət və birbaşa cavabdehlik daşıyır. Hazırki mülki işə baxılması zamanı məhkəmə tərəflərin irəli sürmüş olduğu tələb və etiraz hallarını ətraflı araşdıraraq istər sınaqla istərsə də müddətlə müəyyən edilmiş müqavilənin bağlandığı halında belə iddiaçının əmək qanunvericiliyinə zidd olaraq işdən çıxarılmasını müəyyən etdi. Həmçinin əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq məhkəmə qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin müəyyən etdiyi normalarının tələblərinə ciddi əməl edilməlidir. Məhkəmə bir işəgötürən kimi cavabdehin aşkar edilmiş əmək qanunvericiliyinin pozulması hallarına “texniki səhv” kimi don geydirməsini yolverilməz, bu hallardan əziyyət çəkən işçini isə öz iddiasında haqlı hesab edir. Göstərilənlərə əsasən məhkəmənin son qənaəti belədir ki, iddia təmin edilməli, Şirvan şəhər 12 saylı tam orta məktəbin İddiaçı haqqında olan xx.xx.2023-cü il tarixli, 68 nömrəli əmri ləğv olunmaqla o, Şirvan şəhər 12 saylı tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunmalı, ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Şirvan şəhər 12 saylı tam orta məktəbin İddiaçı haqqında olan xx.xx.2023-cü il tarixli, 68 nömrəli əmri ləğv olunsun və İddiaçı Şirvan şəhər 12 saylı tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunsun, ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səidə Məmmədova