Məhkəmə qərarları › İş №2(032)-146/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-146/2023

07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-146/2023 07.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh və nümayəndəsi-vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 500 manat olmaqla, iki uşağa görə 1000 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2018-ci ildə faktiki nikah münasibətlərinə girib təsərrüfatı birgə idarə etməklə ərarvad kimi yaşamışlar. Lakin nikahlarını isə rəsmiləşdirməmişdirlər. Cavabdehlə faktiki nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X16 adlı uşaqları anadan olmuşdur. Hal-hazırda həmin uşaqlar sağ-salamat olmaqla onun himayəsində yaşayır. Cavabdeh ilə faktiki nikahlarından olan övladlarına atalıq vermişdir. Rəşad ona və uşaqlarına bir ailə kimi baxmır, hazırda uşaqları saxlamaqda çox çətinlik çəkir, heç bir maddi yardım göstərmir. Özü heç bir yerdə işləmir.Cavabdeh isə aliment ödəmək istəmir.Bundan başqa Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yüksək səviyyədə gəlirlər əldə edir, Şirvna ərazisində bir neçə obyektlər işlədir. İdarə etdiyi avtomobil “Toyota Camry” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşı X4 adına xx.xx.2021-ci il tarixdə rəsmiləşsə də, həyat yoldaşı Qumru Abdullayeva isə xx.xx.2021-ci il tarixdə etibarnamə əsasında Cavabdeh istifadəsinə verilmişdir. Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı və nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh və onun nümayəndəsi-vəkili X12 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli, 16(032)-55/2022 saylı qərardadı ilə ərizə qismən təmin edilərək işə mahiyyəti üzrə baxılıb həll edilənədək xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün əvvəli ərizə verildiyi gündən yəni, xx.xx.2022-ci ildən hesablanmaqla xx.xx.1980-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh Niyatxan oğlundan hər ay sabit pul məbləğindğ bi uşağa 130 manat, iki uşağa görə 260 məbləğində aliment tutularaq İddiaçı verilməsini qərara alınmışdır. Məhkəmə iddianın gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti təminat tədbiri barədə ərizəni qismən təmin etməkdə əsaslı olmamışdır. İddiaçı müvəqqəti təminat tədbiri barədə məhkəməyə ərizə verərək Cavabdeh ilə 2018-ci ildən faktiki nikahda olduqlarını bildirmişdir. Hansı ki, cavabdeh X13 ilə nikaha girmiş, xx.xx.2004-cü ildə bu nigah 93 nömrəli qeydlə həmin nikah rəsmiləşdirilmiş və bu barədə AZ-İ № 078676 saylı “X14” verilmiş və həmin nikahdan xx.xx.2005-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2009-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Cavabdeh ailəsinə bağlı olmaqla geniş ailəsini tək olaraq öz halal zəhməti ilə dolandırır. Bundan başqa cavabdehin qızı Abdullayeva Lamiyə Azərbaycan Dillər Universitetində ödənişli ali təhsil alır. Cavabdehin yaşlı və xəstə valideyinləridə onun himayəsindədir. İddiaçı ilə heç bir vaxt ailə olaraq yaşamamışdır. Uşaq dünyaya gətirməklə bağlı cavabdehin razılığı heç vaxt olmayıb. Cavabdehin həmin an üçün artıq ailəsi və uşaqları var idi. Bu məhsuliyyətin altına girə bilməzdi. İddiaçı məhz bütün bunlara rəğmən dünyaya gətirdiyi uşaqların cavabdehliyini öz üzərinə gütürmüş və bu qərarı yalnız qəbul etmişdir. Buna baxmayaraq cavabdeh uşaqlar anadan olduğu vaxt doğuma çəkilən xərcləri və bu günə qədər nəinki uşaqların azuqəsi iddiaçının ailəsinin maddi cəhətdən saxlanılmasında böyük köməklikləri olmuş və bu günə qədərdə bunu davam etdirir. İddiaçının həm özünün, həm cavabdehlə birgə olan uşaqlarının, həmdə iddiaçının ailəsi üçün əvvəllər çəkilmiş xərclərin cavabdeh tərəfindən ödənilmiş, son 2021-ci ilin noyabr ayından 2022-ci il dekabr ayına qədər 3660 manat uşaqların saxlanılması üçün iddiaçının hesabına cavabdeh tərəfindən ödənilmişdir. Həmin ödənişlərin qəbzləri cavabdehdədir. İddiaçının yalnız uşaqlar üçün bu məbləğin istəməsi də qeyri-səmimidir. Bu tələbdən yalnız özü üçün yararlanmaq istəyi vardır. Uşaqların baxımlılığıda tam ürəkaçan deyil. Müalicə və digər tələbatları cavabdeh tərəfindən ödənilir. Sadalanan halların həm vaxtı ilə ödənilən məbləğlərin, həm də bu günə qədər olan ödəmələr iddiaçının səs yazısıda təsdiq olunur. İddiaçının işsiz olması ilə bağlıda məhkəməyə bildirdiyi hallarda qeyri-rəsmi olmaqla sübut olunur, düzdür rəsmi iş yeri yoxdur amma Şirvan şəhərində yerləşən Paris ətriyyat dükanı bacısı Elvinazın adına icarəyə götürülsə də real olaraq həm dükanın sahibi, həm də satıcısı iddiaçı özüdür və o bu fəaliyyətindən yaxşı gəliri götürür. Bu halların da görüntüləri vardır. İddiaçının adına xx.xx.2019- cu ildən 2014cü il buraxışlı “Hyundai Elantra” markalı, ** NO *** qeydiyyat nişanlı minik maşını vardır. İddiaçı hal-hazırda ana evində qalmaqla adna Şirvan şəhərində "xxxx" MMC-də müqavilə üzrə 3 otaqlı mənzili vardır. Bu vaxta qədər iddiaçı həmin məzilin müqavilə üzrə alınması üçün 50000 manat pul ödəmişdir. Hal-hazırda həmin mənzili tam təmir etdirmişdir. Mənzilin qiyməti hal-hazırda 70000 manatdan çoxdur. İddiaçı hər ay bir uşağa 500 manat, iki uşağa görə 1.000 məbləğində aliment tutulması barədə xahiş edərək ərizənin təmin əsası kimi bildirmişdir ki, cavabdeh aliment ödəmir, bir neçə obyekti var, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək səviyyədə gəliri var. Hansı ki, bu sadalananlar heç bir halda sübut olunmur. İddiaçı dəfələrlə cavabdehin ailə üzüvlərinə zəng vuraraq narahat etməklə çoxlu miqdarda pul istəmiş və cavabdehin ailəsində qalmaqallar yaratmaqla yaşlı ata və anasına mənəvi ziyan vurmuşdur. Buradanda görünür ki, iddiaçı gələcəkdə məhkəmə qətnaməsi ilə qət ediləcək məbləğin ödənilməsində şəxsi həyatını daha yaxşı hala gətirməklə cavabdehin ailəsində çətinliklər yaratmaq məqsədindədir. Cavabdeh Niyatxan oğlundan xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay bir uşağa 100 manat, iki uşağa görə 200 manat məbləğ alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X7 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 61 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur, ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********852100 № məktubunda göstərilmişdir ki, Cavabdeh xx.xx.2008-ci il tarixində vergi ödəyicisi kimi uçota alınmışdır. Əsas fəaliyyət növü “Kişi geyimlərinin pərakəndə satışı” kimi qeydiyyata alınmışdır. Hal-hazırda fəaliyyət aktiv vəziyyətdədir. Dövlət Reyestrində Cavabdeh hər hansı hüquqi şəxsin rəhbəri olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, 016- 306-5940-1222 № məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə “TOYOTA Camry” markalı **-NR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şirvan şəhəri, Xanlar küçəsi, döngə 1, ev 7A-da yaşayan vətəndaş X4 adına rəsmiləşdirilmiş və xx.xx.2021-ci il tarixdə etibarnamə ilə vətəndaş Cavabdeh istifadəsinə verilmişdir. X14nin surətindən görünür ki, Cavabdeh ilə X13 arasında nikah xx.xx.2004-cü ildə Əli- Bayramlı şəhər Nikah evində 93 № ilə qeydə alınmışdır, X13 nikaha daxil olaraq “Abdullayeva” soyadını qəbul etmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********759400 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək vergi tutulan dövriyyəsi 43500 manat olmuşdur. Ona 870 manat vergi hesablanmış, və 740 manat vergi məbləği dövlət büdcəsinə ödənilmişdir. Şirvan şəhər məhkəməsinin 16(032)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün əvvəli ərizə verildiyi gündən yəni, xx.xx.2022-ci ildən hesablanmaqla xx.xx.1980-cı ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 130 (bir yüz otuz) manat, iki uşağa görə 260 (iki yüz altımış) məbləğində aliment tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmə iclasında cavabdeh tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, iddiaçını işlədiyi maqazanın daimi müştərisi kimi tanıyıb, münasibətləri yaxşı olub. X25 görüb bəyənmiş və onun vasitəsilə tanış olmuşlar. Özü Əsmərə ilk dəfədən demişdir ki, Rəşad evlidir, ailəsi var. Əsmər isə buna etiraz etməmişdir. Rabitəbank ASC tərəfindən daxil olmuş RB-02/177 nömrəli, xx.xx.2023 tarixli məktubunda Cavabdeh bankda hesaba malik olduğu, hesabda hazırda 102, 24 AZN olduğu müəyyən olunmuşdur. Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Tarverdiyev Əli həkim tərəfindən müayinə olunmuş və sağ testisdə maye miqdarının artması müşahidə edilir. Ona sağ tərəfli hirosele diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunmuş fotoşəkillərədn müəyyən olunur ki, tərəflər ailə münasibətlərində omuşlar. Vatsap proqramı vasitəsilə aparılan yazışmaların foto şəkillərində tərəflər gündəlik məsələlər ilə əlaqədar söhbət edirlər və cavabdeh iddiaçıya dükanı Climberdə oturduğunu, Elit Ticarət Mərkəzində tez-tez olması barədə məlumat verir, orada olan ticarət yerini 1 aylıq bağladıqlarını, axşam saat 5-də gedib Elitdə olan ticarət yerinə baş çəkdiyini bildirir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhməkəyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3cü maddəsinə əsasən uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Göründüyü kimi adı çəkilən Beynəlxalq konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bildirir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə alimentin məbləğini müəyyən edərkən işin hallarını, tərəflərin maddi vəziyyətini, cavabdehin ticarətlə məşğul olaraq kifayət qədər qazanc əldə etməsini, onun faktiki olaraq bir neçə ayrı-ayrı məkanlarda ticarətlə məşğul olmasını, uşaqların mənafeyini, onların yaşını nəzərə alır və belə hesab edir ki, cavabdehdən hər uşağa görə 250 manat alimentin tutulması mümkündür. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 06 dekabr 2022-ci ildən hesablanmaqla xx.xx.1980-cı ildə ünvan 2 ünvanında yaşayan Cavabdeh hər ay hər uşağa görə 250 manat, iki uşağa görə 500 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə qəbul edildikdən dərhal sonra icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdehdən dövlət nəfinə alınmalıdır. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq cavabdehdən 80 manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 06 dekabr 2022-ci ildən hesablanmaqla xx.xx.1980-cı ildə ünvan 2 ünvanında yaşayan Cavabdeh hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, iki uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilsin. Qətnamə qəbul edildikdən darhal sonra icra olunsun. Müvəqqəti alimentin tutulmasına dair Şirvan şəhər Məhkəməsinin 16(032)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınaraq İddiaçı, dövlət rüsumu kimi 45 manat pul isə dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar