Məhkəmə qərarları › İş №2(032)-1575/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1575/2023

13.10.2023 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1575/2023 13.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Şirvan Bələdiyyəsinin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Şirvan Bələdiyyəsinin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi Şirvan şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, əmrin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hazırki məhkəmə əmrini və əlavə olunmuş sənədləri nəzərdən keçirərkən məlum olur ki, kreditor borcludan əmlak və torpaq vergisi tələb etməsinə baxmayaraq, borcluya məxsus torpaq və əmlakın mövcudluğuna, onların rekvizitlərinə dair heç bir əsaslı və rəsmi sənədləri ərizəsinə əlavə etməmişdir. Bu isə öz növbəsində kreditorun irəli sürdüyü tələbini təsdiq edən heç bir sübutun olmaması kimi məhkəmə tərəfindən qiymətləndirilərək, tələbə məhkəmə əmri çərçivəsində baxılmasını istisna edir. Bundan əlavə ərizə mülki prosessual qanunvericiliyin tələbinə uyğun əmr icraatı qaydasında nəzərdə tutulmuş forma və məzmunda tətib olunmamış, tələb konkret göstərilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik birbaşa olaraq müəyyən etmişdir ki, tələbin məhkəmə əmri formasında irəli sürülməsi üçün əsas hal məhz kreditorun tələbinin aşkar olması və ya həmin tələbin borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Beləliklə, məhkəmə iddiaçı Şirvan Bələdiyyəsinin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, belə bir nəticəyə gəlir ki, məhkəmə əmrinin icraata qəbulundan imtina edilməlidir. Kreditora (ərizəçi) qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 278-ci maddəsini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: iddiaçı Şirvan Bələdiyyəsinin Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin icraata götürülməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar