Məhkəmə qərarları › İş №2(032)-166/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-166/2024

19.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-166/2024 19.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah münasibətlərinə girib evlənmişlər. Nikahlarını Rusiya Federasiyasında bağlamışlar. Evləndikdən sonra qısa bir müddət mehriban yaşasalarda, aralarında olan narazılığa görə 30 aprel 2023-cü il tarixdən ayrılmışlar. Həmin vaxtdan hal-hazıradək ayrı yaşayırlar. Cavabdehdən ayrıldığı vaxtdan hamilədir. Hal-hazırda 37 həftəlik hamilədir. Ayrıldıqları vaxtdan cavabdeh valideynlik borcunu yerinə yetirməyib, hamiləlik dövründə saxlanması üçün hər hansı bir maddi və mənəvi yardım göstərilməmişdir. Valideynlərinin yanında yaşayır və hamiləliyi dövründə bütün xərclərini valideynləri çəkir. Cavabdeh işləyir və yaxşı qazanc əldə edir. Hazırda heç bir yerdə işləmir və əlavə qazancı yoxdur, valideynlərinin himayəsində yaşayır. Maddi cəhətdən çox çətinlik çəkir. Məhkəmə gedişatı zamanı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı hamiləliyi dövründə və uşaq doğularkən maddi cəhətdən 1352,24 manat xərc çəkmişdir. Bu səbəbdən də iddia tələbini dəyişdirərək 11 dekabr 2023-cü il tarixdə doğulmuş X2 adlı uşağın saxlanması üçün aliment və İddiaçı hamiləliyi dövründə və uşaq doğularkən maddi cəhətdən xərclədiyi 1352,24 manat pulu tələb edirlər. Odur ki, 11 dekabr 2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 300 manat məbləğində alimentin və 1352,24 manat pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək uşağın saxlanması üçün hər ay 250 manat məbləğində aliment ödəməyə razı olduğunu, qalan hissədə isə imkanı olmadığını, gələcəkdə imkanı olduğu təqdirdə hissə-hissə ödəyəcəyini bildirmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək cavabdeh tərəfindən uşağın saxlanması üçün hər ay 250 manat məbləğində alimentin ödənilməsinə razı olduğunu, əlavə olaraq hamiləliyi və uşağın doğulması zamanı çəkilən 1261 (birinci hesabat zamanı texniki səhv olaraq 1352,24 göstərməsi səbəbindən) manat pulun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2022-ci il tarixdə Stavropolskovo vilayəti, Predqornom rayonunda bağlanmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarından xx.xx.2023-cü il tarixdə X2 anadan olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, hamiləlik və uşağın doğulması ilə əlaqədar iddiaçı tərəfindən çəkilən ümumi xərclər 1261 manat məbləğ təşkil edir. cavabdeh tədqiq edilmiş sənədlərlə tanış olmuş və qəbzlərin reallığını mübahisələndirməmişdir. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhməkəyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Göründüyü kimi adı çəkilən konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin mülki işlə bağlı mövqeyi və əsaslandığı hallar: Məhkəmə, aliment məbləğini müəyyən edərkən uşağın maddi-məişət tələbatının ödənilməsini, onun yaşını, ananın hazırkı vəziyyətdə uşağa qulluğa görə işləməməsini, ailə və digər qanunvericilik aktlarının tələblərini, cavabdehin 250 manat məbləğində aliment verməyə razı olduğunu və iddiaçının da həmin məbləğdə alimentin müəyyən edilməsinə razı olmasını nəzərə alaraq hesab edir ki, cavadehdən tutulacaq alimentin məbləğinin 250 (iki yüz əlli) manat təyin edilməsi mümkündür. Həmçinin məhkəmə tərəflərin alimentin məbləği hissəsində razılığa gəlmələrini, o cümlədən də işə qısa müddət ərzində baxılıb qərar qəbul edilməsi, prosessual qənaət prinsipi nöqteyi-nəzərdən azyaşlı uşağın mövqeyini diqqətə alaraq iddia tələbinin dəyişdirilməsindən sonra irəli sürülmüş yeni aliment tələbinə baxılması ilə əlaqədar «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl məcburi şəkildə ilkin mediasiya sessiyasının keçirilməsini zəruri hesab etməmiş və işə baxılmasına davam etmişdir. Məhkəmə iddiaçının tələblərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Hazırki halda Cavabdeh iddiaçının hamiləliyi və doğumla bağlı xərclərə dair 1261 manat xərcin tutulması” tələbinə münasibətdə uşağın doğulması ilə bağlı, həmçinin iddiaçının hamiləliyi ilə əlaqədar çəkilən xərclərə cəlb edilməsi qanunamüvafiqdir. O cümlədən məhkəmə tərəfindən tədqiq olunaraq sübuta yetirilən 1261 manat pulun hər iki valideynin eyni hüquq və vəzifələrə malik olması prinsipi baxımından, birgə nikah dövründə çəkilən xərclərə aid olması səbəbindən İddiaçı ilə Cavabdeh arasında bərabər bölünməsi ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunan sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahından anadan olmuş 11 dekabr 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 30 noyabr 2023-cü il tarixdən (məhkəməyə müraciət etdiyi vaxtdan) hesablanmaqla xx.xx.1990-cı ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, həmçinin uşağın doğulması və iddiaçının hamiləliyi ilə bağlı çəkilən xərclərin – yəni, 1261 manatın ½ hissəsi, yəni 630 manat 50 qəpik pul alınaraq İddiaçı verilməli, Azərbaycan Respublikası MPMin 234.2 və 234.2.1-ci maddəsinə əsasən aliment hissəsində qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri də təmin olunan hissəyə mütənasib olaraq 50 manat pul cavabdehdən alınaraq iddiaçıya, 56 manat cavabdehdən alınaraq dövlət nəfinə və 16 manat iddiaçıdan alınaraq dövlət nəfinə verilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından anadan olmuş 11 dekabr 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 30 noyabr 2023-cü il tarixdən (məhkəməyə müraciət etdiyi vaxtdan) hesablanmaqla xx.xx.1990-cı ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Uşağın doğulması və iddiaçının hamiləliyi ilə bağlı çəkilən 1261 manat xərcin ½ hissəsi, yəni 630 (altı yüz otuz) manat 50 (əlli) qəpik pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildikdən sonra aliment hissəsində dərhal icra olunsun. Tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır. Məhkəmə xərcləri kimi 50 manat pul Cavabdeh alınaraq İddiaçı, 56 manat pul Cavabdeh alınaraq dövlət nəfinə və 16 manat pul İddiaçı alınaraq dövlət nəfinə verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar