Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1683/2023 20.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbin direktoru X2 iştirakları ilə, İddiaçı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbinə qarşı əmək haqqının ödənilməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbi tərəfindən ona 2017-2022-ci illərə görə kəsilmiş dərs saatlarına görə ödənilməmiş 28512 manat əmək haqqının və ilkin mediasiya sesiyasında iştirakla bağlı ödənilmiş 50 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1994-1996-cı illər ərzində Gəncə şəhəri təsərrüfat hesablı Məişət Xidmət Kollecində təhsil almışdır. xx.xx.1996-cı il tarixdən bu günə qədər Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbdə ixtisası üzrə ibtidai sinif müəllimi vəzifəsində işləyir. 2015-ci ildə ilk dəfə X1 İmtahanında iştirak edərək 20 bal toplamışdır. Diaqnostik qiymətləndirməni keçəndən sonra müəllimlərin əmək haqqları ona uyğun olaraq artırılmış və ona dərs saatları və sinif rəhbərliyi buna uyğun verilmişdir. Lakin 2017-ci ildən dərs saatları bölünərkən ona məktəb direktoru Kamandar Rüstəmov tərəfindən cəmi 6 saat dərs yükü verildi. Halbuki həmin vaxta qədər onun 20 saat dərs yükü və sinif rəhbərliyi olurdu. Direktor tərəfində onun dərs saatlarının azaldılmasının səbəbi kimi onun ixtisas balının az olması göstərildi. xx.xx.2019-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş X7 İmtahanında iştirak edərək 28 bal toplamışdır. Yenidən məktəb direktoruna müraciət edərək ona əvvəlki dərs yükünün və sinif rəhbərliyinin verilməsini xahiş etdikdə ona bu dəfə başqa səbəb – diplomumun saxta olması və bu səbəbdən tələbinin əsassız olduğu bildirildi. Bundan sonra məhkəməyə müraciət etdi. Şirvan Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(106)1043/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi və onun 18 saat dərs yükü ilə təmin edilməyi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(102)-5791/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(106)- 1043/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2017-ci il tədris ilindən 2023-cü il tədris ilinə qədər 18 saat dərs yükü ilə təmin edilməli olduğu halda, 6 saat dərs yükü ilə təmin edilmiş və nəticədə 28512 manat əmək haqqından məhrum edilmişdir. Məhkəmə iclasında İddiaçı, eyni zamanda nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinə uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbin direktoru X4 iddia tələbini etiraf etməyərək iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, dərs saatların 6 saat olması problemi 2019-cu ildən 2023-cü ilə qədər davam edib. İddiaçı ilə qərəzli münasibəti olmayıb. Həmişə onun maksimum dərs yükünü vermişdir. Lakin 2015-ci ildə Azərbaycan Respublikasında müəllimlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə diaqnostik qiymətləndirmə aparılmış, X6 ixtisas balı 10, metodika 10 bal olaraq ümumilikdə 20 bal toplamışdır. Nazirlər Kabinetinin qərarına, eləcə də Təhsil Nazirliyinin əmrinə əsasən müəllimlərin dərs yükü diaqnostik qiymətləndirmədən topladığı ixtisas balına əsasən verilmişdir. Eyni zamanda Təhsil Nazirliyinin əmrinə əsasən ixtisas balı 10 və aşağı olan müəllimlərin dərs yükü 6 saata endirilmişdir. 2017-ci ildə təhsil müəsissələrində işləyən müəllimlərin sənədləri yoxlanılmış, Ülviyyə xanımın, o cümlədən 2700 yaxın müəllimin sənədi dövlət nümunəvi hesab edilməmişdir. Sonradan həmin müəllimlərə şans verilmiş və 6 saat dərs yükü ilə təmin edilmişdir. İddiaçı tərəfindən verilmiş iddia 2023-cü ilin fevral ayına kimi davam etmiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və İddiaçı diaqnostik qiymətləndirməyə əsasən dərs saatı verilmiş, lakin sinif rəhbəri hissədə iddia təmin edilməmişdir. Qətnamə icra olunan kimi iddiaçının dərs yükü 18 saata qaldırılmışdır. Həmin proses ərzində iddiaçının 18 saat dərs saatı olmayıb, 6 saat dərsi olub və bu jurnalda qeyd edilib, əmək haqqı da 6 saat dərs yükünə uyğun verilib. Hesab edirik ki, iddiaçı 18 saat dərsdə iştirak etmədiyindən ona keçmədiyi dərslərin pulu da ödənilə bilməz. Odur ki, iddia tələbini əsassız hesab edirik. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əli Bayramlı şəhər Təhsil şöbəsi üzrə xx.xx.2005-ci il tarixli, 63 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, Rüstəmov X5 şəhər 11 saylı orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2021-ci il tarixli 3 saylı pedaqoji şuranın protokolundan çıxarışda qeyd edilmişdir ki, 1. Şirvan şəhər məhkəməsinin ibtidai sinif müəllimi Orucova (Əzizova) Ülviyyə Əli qızının müraciəti ilə bağlı xx.xx.2020-ci il tarixli 2(032)-1467/2020 saylı qərarının müzakirəsi məsələsi haqqında məktəbin direktoru Rüstəmov Kamandar Adil oğlunun arayışı nəzərə alınsın. 2. Orucova (Əzizova) Ülviyyə Əli qızının 20 saat dərs yükü və sinif rəhbərliyinin verilməsi haqqında iddiası əsassız hesab olunsun. 3. Təhsil Nazirliyinin tövsiyyəsinə uyğun olaraq verilmiş 6 saat dərs yükü məqsədə müvafiq hesab edilsin. 4. Orucova (Əzizova) Ülviyyə Əli qızına tövsiyyə edilsin ki, orta ixtisas və ya ali təhsil müəssisələrində təhsilini davam etdirsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli xx-xx-1655/13 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə Məişət Xidməti Kolleci tərəfindən 1996-cı ildə X3 yazılmış AZ seriyalı 012907 nömrəli diplomu blankı dövlət nümunəli təhsil sənədi deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020ci il tarixli 09-09-474/2013 saylı məktubunda qeyd edilmişdir ki, ümumitəhsil müəssisələrində dərs yükü bölgüsü zamanı təhsil sənədi dövlət nümunəli olmayan müəllimlər üçün minimum dərs yükü 6 saat müəyyənləşdirilir. İş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-cil tarixli, 2(032)- 434/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin direktoru və Pedaqoji Şurasının sədri Rüstəmov Kamandar Adil oğlunun sədrliyi ilə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarının qanunsuz olduğu üçün ləğv edilməsi və qanuna uyğun olaraq 20 saat əvvəlki qaydada dərs saatlarının və sinif rəhbərliyinin verilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2249/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)- 434/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin direktoru və Pedaqoji Şurasının sədri Rüstəmov Kamandar Adil oğlunun sədrliyi ilə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın qanunsuz olduğu üçün ləğv edilməsi və qanuna uyğun olaraq 20 saat əvvəlki qaydada dərs saatlarının və sinif rəhbərliyinin verilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının üzərinə İddiaçı pedoqoji kadrların işə qəbulu və yerdəyişmə Qaydalarının və digər normativ sənədlərin tələbinə uyğun olaraq heç bir məhdudiyyət qoyulmadan müvafiq dərs saatları ilə təmin edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-1162/2022 saylı qərarından görünür ki, Cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2249/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1043/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-434/2021 saylı, xx.xx.2021-cil il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı 18 saat dərs yükü ilə təmin edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5791/2022 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1043/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2023cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1043/2022 saylı icra sənədi icra olunduğundan icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 215 saylı xx.xx.2010-cu il tarixli Qərarının 1-ci bəndinin 2-ci abzasına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü — 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan muəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşlar sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 270 saylı 11 iyul 2016-cı il tarixli qərarına əsasən Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü 18 saat olmalıdır. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoii kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə gostərdiyi nəticələri nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saat hesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçun təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Gəncə Məişət Xidməti Kolleci tərəfindən 1996-cı ildə yazılmış Az seriyalı 012907 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədi hesab edilməmişdir. İddiaçı sinif komplekti ilə təmin olunması ilə bağlı məsələyə Təhsil Nazirliyində baxılmış və ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı təhsil sənədi dövlət nümunəli olmayan müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirildiyindən İddiaçı mümkün dərs yükü (6 saat) verilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin direktoru və Pedaqoji Şurasının sədri Rüstəmov Kamandar Adil oğlunun sədrliyi ilə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarının qanunsuz olduğu üçün ləğv edilməsi və qanuna uyğun olaraq 20 saat əvvəlki qaydada dərs saatlarının və sinif rəhbərliyinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-cil tarixli, 2(032)-434/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2249/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının üzərinə İddiaçı pedoqoji kadrların işə qəbulu və yerdəyişmə Qaydalarının və digər normativ sənədlərin tələbinə uyğun olaraq heç bir məhdudiyyət qoyulmadan müvafiq dərs saatları ilə təmin edilməsi öhdəliyi qoyulmuşdur. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-1162/2022 saylı qərarı ilə Cavabdehin kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2249/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1043/2022 saylı qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin 2(032)- 434/2021 saylı, xx.xx.2021-cil il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı 18 saat dərs yükü ilə təmin edilmişdir. Məhkəmə araşdırması eyni zamanda müəyyən edildi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1043/2022 saylı icra sənədi icra olunduğundan Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı, cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbi tərəfindən ona 2017-2022-ci illərə görə kəsilmiş dərs saatlarına görə ödənilməmiş 28512 manat əmək haqqının ödənilməli olduğunu iddia edir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərək, Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin direktoru və Pedaqoji Şurasının sədri Rüstəmov Kamandar Adil oğlunun sədrliyi ilə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirmiş və həmin tələb üzrə işə mahiyyət üzrə baxılmış və yekun məhkəmə aktı olaraq Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı 18 saat dərs yükü ilə təmin edilmişdir. Lakin qəbul edilmiş edilmiş olan qətnamədə məhz buraxılmış olan müddətlərin nəzərə alınması və buraxılmış olan müddətə görə əmək haqqının hesablanmalı olması öz əksini tapmamışdır. İddiaçı 2017-2022-ci illərdə onun dərs saatlarının kəsilmiş olduğunu iddia etməsi hələ ona həmin dərs saatlarına görə əmək haqqının ödənilməli olması kimi qiymətləndirilməsinə rəvac vermir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının dərs saatlarının azaldılması Pedoqoji şuranın qərarı ilə olmuşdur və iddiaçı həmin qərarla razılaşmayaraq onu mübahisələndirmiş və mübahisəyə məhkəmə müstəvisində baxılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. Müəllimlərin tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəyyənləşdirilir. Məhkəmə yuxarıda qeyd etdiyi kimi iddiaçının hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməsi və tələbi üzrə işə baxılaraq qərar qəbul edilməsi onun əvvəlki illər üzrə iş saatının hesablanaraq ödənilməsi kimi qiymətləndirməyə əsas vermir. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi müəllimlərin dərs yükü (iş saatı) tədris ilinin əvvəlinə uyğun olaraq müəyyən edilir və müəllimlər arasında bölüşdürülür. İddiaçının iddia tələbinin təmin edilməsi isə sonda keçirilməmiş dərs saatlarına görə pulun ödənilməsi ilə nəticələnə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbinə qarşı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbi tərəfindən ona 2017-2022-ci illərə görə kəsilmiş dərs saatlarına görə ödənilməmiş 28512 manat əmək haqqının ödənilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbinə qarşı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbi tərəfindən ona 2017-2022-ci illərə görə kəsilmiş dərs saatlarına görə ödənilməmiş 28512 manat əmək haqqının və ilkin mediasiya sesiyasında iştirakla bağlı ödənilmiş 50 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-1683/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1683/2023
20.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver