Məhkəmə qərarları › İş №2(032)-1713/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1713/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1713/2024 10.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikah münasibətlərini Salyan rayon Yenikənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə xx.xx.2024-cü il tarixdə X3 adlı bir övladı anadan olmuşdur. Uşaq hazırda onun himayəsindədir. Cavabdehlə ailə münasibətləri kəskinləşdiyindən ailə münasibətləri 28 08.2023-cü il tarixdən pozulmuşdur. Hamiləlik müddətində və övladının doğulmasından sonra Cavabdeh övladının saxlanması ilə əlaqədar maddi cəhətdən köməklik göstərmədiyindən, aliment məbləğinin tutulması ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən mediatora müraciət etmişdir. Mediasiya prosesində cavabdehlə barışıq əlidə edilmədiyindən mediasiya prosesinin keçirilməsindən imtina edilmişdir. Uşağın saxlanmasında çox çətinlik çəkir. Bu səbəbdən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat aparmadıqlarından uşağın saxlanmasında çətinlikləri vardır. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır və uşağın saxlanması üçün heç bir zəruri maddi yardım göstərmir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Hazırda valideyinlərinin maddi və mənəvi dəstəyi ilə övladını saxlayır. Uşağın qayğı, ehtiyac və tələbatı artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Özü valideyinlərinin himayəsində yaşamaqla, uşağın saxlanılmasında maddi çətinlik çəkir. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində yalnışlıq olaraq övladı Fateh Sadıqzadənin ata qrafasında ”Bəhquz” kimi qeyd edildiyini, odur ki, “Bəhquz” sözünün “Bəhruz” kimi oxunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq iddianı qismən qəbul etdiklərini, hər ay xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinik yaşına çatana qədər saxlanılması üçün 200 manat aliment verməyə razı olduqlarını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli, 3-16-5/8-69/220/2024 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı 24 iyun 2023-cü il tarixdə Salyan rayon Yenikənd icra nümayəndəliyində nikaha daxil olmuş və bu barədə nikah haqqında akt qeydi kitabında 07 nömrəli akt tərtib edilmişdir. Nikahdan sonra arvada Sadıqzadə soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı hər ay uşaq üçün 250 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cavabdeh tərəf ərizəsində hər ay uşağın saxlanılması üçün 200 manat məbləğində alimentin ödnilməsinə etirazı olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 200x12=2400 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 44 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 44 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, mediasiya ilə bağlı İddiaçı tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Mediasiya ilə bağlı olaraq ödənilmiş 50 (əlli) manat rüsum Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən sonra aliment hissəsində dərhal icra olunsun. Tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar