Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-203/2023 17.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2013-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa görə 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu ildə ailə qurmuşlar, nikahlarını xx.xx.2010-cu ildə rəsmiləşdirmişlər. Həmin nikahdan xx.xx.2013-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuş, cavabdeh uşağına baxmır və ona maddi yardım belə etmir. Cavabdehlə ailə münasibətləri ilk vaxtlarda normal olsada sonradan baş vermiş ziddiyyətlər ailənin dayaqlarını sarsıtmışdır və hazırda kirayədə yaşayır. Özünün və uşağın artan tələbatlarını təkbaşına təmin edə bilmir. Cavabdehin gəliri qeyri müntəzəm və dəyişən xarakterlidir. Birgə yaşayış dövründən o, kifayət qədər pul qazanmaq imkanına malikdir. İddiaçı iddiasını müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ilə 01 oktyabr 2010-cu il tarixdə rəsmi nikah münasibətinə girməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2013ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə münasibətləri yaxşı olmuşdur, sonradan Türkanın anası və bacısı onların ailə münasibətlərinə müdaxilə etməyə başladılar. Uşaqlarının atasız böyüməsini istəmir. O, atası, anası, xalası 10 dəfə onların evinə barışmağa getmişlər. Türkanın anası və bacısı onların barışmasına imkan vermədilər. Qizı Rüqəyya xəstədir, belində onurğa əyriliyi var, ona müalicə lazımdır. Türkan 11 aydır evdən gedib, uşaqları ilə ünsiyyət saxlamasına imkan vermirlər. Yoldaşı Türkan onunla barışmaq istəyir. Hal-hazırda heç bir yerdə işləmir. Hər ay atası Arifin köməyi ilə hər uşağa 100 manat, iki uşağa 200 manat aliment verə bilər. Əgər gələcəkdə imkanı olsa uşaqlarına, ailəsinə yaxşı köməklik edəcəkdir. Hal-hazırda 386 manat aliment ödəməyə imkanı yoxdur. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 01 oktyabr 2010-cu ildə Şirvan şəhər Qeydiyyat şöbəsində 468 № ilə qeydə alınmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhməkəyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3cü maddəsinə əsasən uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Göründüyü kimi adı çəkilən Beynəlxalq konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının tələbini, cavabdehin iddianı qismən qəbul etmə mövqeyini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alır və belə hesab edir ki, xx.xx.2013-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa 150 manat, cəmi 300 manat alimentin tutulması mümkündür. Məhkəmə alimentin məbləğini müəyyən edərkən işin hallarını, tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini nəzərə alır və belə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablanmaqla xx.xx.1992-ci ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh hər uşağa görə hər ay 150 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə qəbul edildikdən dərhal sonra icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdehdən dövlət nəfinə alınmalıdır. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq cavabdehdən 56 manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablanmaqla xx.xx.1992-ci ildə ünvan 2 ünvanında yaşayan Cavabdeh hər uşağa görə hər ay 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə qəbul edildikdən darhal sonra icra olunsun. Tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin, 56 (əlli altı) manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-203/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-203/2023
17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver