Məhkəmə qərarları › İş №2(032)-23/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-23/2025

05.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-23/2025 05.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "ödənilməyən əmək haqqının və son haqq-hesabının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı "ödənilməyən əmək haqqının və son haqq-hesabının ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən son haqq-hesabının, cəmi 2500 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC şirkətində xx.xx.2022-ci il tarixindən baş mühasib vəzifəsində işləmişdir. Ona işlədiyi müddətdə ödənişli əmək məzuniyyəti verilməmişdir. xx.xx.2023-cü il tarixindən öz arzusu ilə işdən azad olmuşdur. Lakin bu günə kimi son haqq-hesabı ödənilməmişdir. O, Əmək müfətişliyinə müraciət etmişdir. Lakin hələ də ödəniş barədə heç bir məlumat olmamışdır. Cavabdeh MMC şirkətinin direktoruna son haqqhesabın ödənilməsi barədə müraciət etmişdir. Müraciət zamanı ona bildirilmişdir ki, “sən təhvil təslim etməliydin”. O da bildirmişdir ki, “heç bir təhvil-təslim edilməmişdir. Lakin istədiyiniz zaman təhvil verməyə hazıram. Xahiş edirəm son haqq hesabımın ödənilməsinə aydınlıq gətirəsiniz.” O, işdən çıxarılarkən onun xx.xx.2023-ci il ərzində yuxarıda qeyd olun aylar ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq-hesabı ödənilməmişdir. O, Cavabdeh MMC-nin qanunsuz hərəkətlərindən xx.xx.2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə şikayət etmişdir. Cavabdehlə dəfələrlə əlaqə yaradılsa da o hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilməyən əmək haqqı və son haqq-hesabını ödəməkdən boyun qaçırır. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək son haqq hesabın, mediasiya təşkilatına ödənilən 55 manat, dövlət rüsumu kimi ödənilmiş 55 manat pulun, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncinin ödənilməsi və əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna cavabdeh tərəfindən ödəməli olduğu lakin ödəmədiyi məbləğin həmin təşkilata köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişməsi barədə ərizə verərək ödənilməyən əmək haqqının və son haqq hesabının 2500 manat məbləğində pulun, mediasiya təşkilatına ödənilən 55 manat, dövlət rüsumu kimi ödənilmiş 55 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahat verərək bildirdi ki, işçi işdən azad olunduqdan sonra işçinin son haqq-hesab ödənilməlidir, eyni zamanda o, işlədiyi müddət ərzində əmək məzuniyyətinə çıxmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona ödənilməyən əmək haqqı və son haqq-hesaba görə cavabdeh tərəfindən 1500 (bir min beş yüz) manat verilməsi təqdirdə onlarla razılaşa biləcəyini bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi İddiaçı göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə verərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddianı qismən etiraf etdi , izahat verərək bildirdi ki , iddia ərizəsinə baxdıqda iddia ərizəsində qeyrimüəyyənlik var, əmək haqqının hansı aylar üzrə ödənilməməsi, aylıq əmək haqqının nə qədər olması müəyyən olunmur. İddiaçı işəgötürənin razılığı olmadan özü özünün işdən çıxamasını sistemə işləyərək, ərizəsini idarəyə qoyub getmişdir. Hazırda iddiaçı ilə razılağa gəlmək istədiklərini, iddiaçı da razılaşarsa ona ödənilməyən əmək haqqı və son haqq-hesaba görə 1500 (bir min beş yüz ) manat ödəniləcəyini bildirirərək iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh MMC-nin nümayəndəsinə verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, işçi müəyyən səbəbdən işlədiyi il üçün əmək məzuniyyətinə çıxmadıqda işçiyə kompensasiya ödənilir. İddiaçı kompensasiya ödənilməmişdir. Onun işlədiyi 1 il 5 ay ərzində işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə, yəni 17 ay üçün son haqq-hesab ödənilməlidir. İşçi ilə əmək müqaviləsi bağlandığı andan onun məzuniyyət hüququ yaranır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Şirvan-Salyan regional şöbəsinə göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: işəgötürən Cavabdeh MMC təsisçi X1 ilə işçi İddiaçı arasında bağlanılmış əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı baş mühasib, əsas, baş mühasib vəzifəsinə işə təyin edilmişdir. Həmin müqavilənin: 2.3-cü bəndinə görə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanılmışdır. 2.4-cü bəndinə görə işçi xx.xx.2022-ci il tarixdən işə başlayır. 4.1-ci bəndinə görə işçiyə hər ay 800 manat əmək haqqı ödənilir. 4.26-cı bəndinə görə işçinin iş ilini xx.xx.2022-xx.xx.2023 aylardan ibarət dövr edir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir. 4.27-ci bəndinə görə əsas məzuniyyətinin müddəit 30 təqvim günüdür. 4.28-ci bəndinə görə əmək stajına görə əlavə məzuniyyət müddəti 6 təqvim günü. 4.29-cu bəndinə görə əmək məzuniyyətinin ümumi müddəti 36 təqvim günü. Əmək müqaviləsinə dəyişlik edilməsi haqqında əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC-də baş mühasib vəzifəsində işləməklə 800 manat əmək haqqı almışdır. Əmək müqaviləsinin növü : müddətsiz. İşə başlama tarixi xx.xx.2022, Əmək müqaviləsinə dəyişlik edilməsi haqqında əmək müqaviləsi bildirişinin imzalandığı tarix xx.xx.2023. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 44 nömrəli əmrin surətindən görünür ki, 1. Baş mühasib bölməsində baş mühasib vəzifəsində işləyən İddiaçı Bəhman qızı ilə bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə , “ AR ƏM-nin 68.2 ”a”- tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilsin.

2. İşçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi həvalə edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertin vəsatətinə əsasən tələb olunan sənədlər Cavabdeh MMC-dən əldə edilərək xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuşdur. Məlumata əsasən, 2(032)-23/2025 No-li iş üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Hazırki iş Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə-mühasibat ekspertizasının keçirilməsi üçün ilk dəfə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Məhkəməyə məhkəməmühasibat ekspertizasının aparılması üçün əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli ekspert vəsatəti göndərilmiş və aşağıda göstərilən sənədlərin təqdim edilməsi xahiş olunmuşdur:

1. İddiaçı Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi dövrdə iş vaxtının tabel uçotu, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanmış ödənilmiş əmək haqqı barədə məlumat, (tam açıqlanması ilə-vergilərə, DSMF-yə, həmkarkar ittifaqına və digər tutulmalar göstərilməklə).

2. Əmək müqaviləsinin surəti və əmək müqaviləsinin bağlanması ilə bağlı elektron bildiriş,

3. Əmək müqaviləsinə xitam verilməsinə dair əmr.

4. Hesablanmış əlavə əmək haqqı barədə əmrdən çıxarış.

5. Şəxsi uçot vərəqəsi,

6. Məzuniyyətin başqa vaxta keçirilməsinin səbəbləri və bu haqda əmr.

7. Hesablanmış və ödənilmiş son haqq hesab barədə məlumat.

8. Bank hesabından çıxarış.

9. E-Sosial portalından çıxarış. Vəsatət təmin olunmadığından iş materialları ekspertiza keçirilmədən xx.xx.2024-cü il tarixdə məhkəməyə geri göndərilmişdir. Sonradan, iş materialları əlavə sənədlərlə ekspertizanın keçirilməsi üçün xx.xx.2025-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə yenidən daxil olmuşdur. İş materialları ilə tanışlıq zamani müəyyən olundu ki, vəsatətlə tələb olunan sənədlərin təqdim edilməsi təmin olunmamışdır. Yuxarıda qeyd edilən səbəblərdən, ekspertiza tədqiqatının keçirilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat” ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Sabirabad 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, hazırki mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “a” və “b” yarımbəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinin “ə” bəndinə əsasən əmək müqaviləsində işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması göstərilməlidir. Həmin Məcəllənin 54-cü maddəinin 1-ci hissəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsini təmin etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 154-cü maddəsinin birinci və ikinci hissəsinə əsasən əmək haqqımüvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən, yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 158-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixindən baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı (aylıq vəzifə maaşı) 800 manat olmuşdur. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi 1 il 5 ay müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə, yəni 17 ay üçün son haqq-hesab ödənilməməsi iş materialları ilə sübuta yetir. Belə ki, əməyin ödənilməsi dərəcələrinin düzgün müəyyən edilməsi işəgötürənin vəzifəsidir. İşdən də göründüyü kimi, cavabdehin nümayəndəsi məhkəmə iclasında İddiaçı ödənilməyən əmək haqqı və son haqq-hesaba görə 1500 (bir min beş yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə razılığa gəlmələrini bildirmişdir. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək və tərəflərin razılaşmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı əmək haqqı və son haqq-hesaba görə 1500 (bir min beş yüz) manat ödənilməsi öhdəliyi Cavabdeh MMCnin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM): 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən 45 (qırx beş) manat dövlət rüsumu və 55 (əlli beş) manat mediasiya xərci ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi qismən, 60% həcmində təmin edildiyinə görə ödənilməli olan 45 (qırx beş) manat dövlət rüsumunun 27 (iyirmi yeddi) manatı cavabdehdən tutulub dövlət büdcəsinin hesabına köçürülməlidir. MPM-in 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Məhkəmə həmçinin qeyd edir ki, dövlət rüsumu üçün artıq ödənilmiş 45 (qırx beş) manat məbləğində pul İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı əmək haqqı və son haqq-hesaba görə 1500 (bir min beş yüz) manat ödənilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh MMC-dən dövlət rüsumuna görə 27 (iyirmi yeddi) manat tutulub dövlət büdcəsinin hesabına köçürülsün. Ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli, 58572073 nömrəli qəbzə əsasən dövlət rüsumu kimi artıq ödənilmiş 45 (qırx beş) manat məbləğində pul İddiaçı geri qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar