Məhkəmə qərarları › İş №2(032)-327/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-327/2025

03.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-327/2025 03.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Cavabdeh Həbibova (Dərgahova) Aynurə Vidadi qızının nümayəndəsi-vəkili Nümayəndə1 Aftandil oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Həbibova (Dərgahova) Aynurə Vidadi qızına qarşı cavabdeh Həbibova (Dərgahova) AynurəVidadi qızının və cehiz əmlakının ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evindən öz vəsaitləri hesabına çıxarılmasıtələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Həbibova (Dərgahova) Aynurə Vidadi qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Həbibova (Dərgahova) Aynurə Vidadi qızını və cehiz əmlakını ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evindən öz vəsaitləri hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında fərdi yaşayış evində yaşayır. İstilik idarəsində işlədiyi müddət ərzində yəni, 1991-ci ildə ailə vəziyyətini və yaşayış sahəsini nəzərə alaraq, Əli-Bayramlı şəhər XDS İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə 6 sot torpaq sahəsi şəhərin A.Əhmədov (indiki Mahir Mirzəyev) 1F sahədə ayrılması və yaşayış sahəsi 90 m², yardımçı sahəsi 35 m², eyvan hissəsi 18 m² olan fərdi yaşayış evi tikmək haqqında icazə verilmişdir. Qeyd edilən sahə üzrə tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Lakin maddi imkansızlıq səbəbindən hüquqları DƏDRX-də qeydiyyata alınmamışdır. X14 Zǝkulla oğlu ailə qurduqdan sonra onunla, yəni, ünvan 3 ünvanında yaşadıqları fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamışdır. Daha sonra ailə üzvlərinin çoxluğunu nəzərə alaraq, oğlu Zaur Həbibovu ailəsi ilə birlikdə Mahir Mirzəyev küçəsi, ev 1F/129 ünvanında inşa etdiyi fərdi yaşayış evinə köçürmüşdür. Həbibov Zaur Zǝkulla oğlunun cavabdeh Həbibova (Dərgahova) Aynurə Vidadi qızı ilə nikahları Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən 24 yanvar 2009-cu il tarixdə 25 nömrəli qeyd ilə qeydə alınmışdır. Onların birgə nikahlarından 23 iyul 2010-cu il təvəllüdlü X8 adlı bir övladları anadan olmuşdur. Tərəflər arasında baş vermiş fikir ayrılığından nikahları Şirvan Şəhər Məhkəməsinin 2(032)-902/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Ailə qurandan sonra cavabdeh cehiz əmlakını ünvan 3 ünvanda yaşadıqları evə gətirmişdir. Daha sonra tərəflər cehiz əmlakını Mahir Mirzəyev küçəsi, ev 1F/129 ünvanında inşa etdiyi fərdi yaşayış evinə köçürmüşlər. Tərəflər arasında nikah münasibətləri pozulduğu vaxtdan, yəni, 2024-cü ilin iyul ayından X14 Zǝkulla oğlu cavabdehlə birgə ünvanda yaşamır. Dəfələrlə cavabdehə cehiz əmlakı ilə birgə fərdi yaşayış evindən çıxması ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən müxtəlif bəhanələr gətirməklə çıxmaq istəmir. Hər dəfə müxtəlif bəhanə və yalan işlədərək bir mülkiyyətçi kimi onu incidir. Cavabdehə məxsus olan 1 dəst yataq dəsti, 1 ədəd masa, 6 ədəd stul, 1 ədəd divan, 1 ədəd jurnalni masa, 1 ədəd çilçıraq, 2 ədəd xalça, 1 ədəd güzgülü kamot, 1 ədəd qazan dəsti, 1 ədəd soyuducu, mətbəx ləvazimatları, qablar, yorğan, döşək taxt üçün olan cehiz əmlakları mülkiyyətində olan fərdi yaşayış evində qalmaqdadır. İddiaçı izahatında göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış evinin tikintisini əsasən özü həyata keçirmişdir. Ev, onun adına olan torpaq sahəsində inşa olunub. Cavabdehin ailəsi tərəfindən müəyyən qədər maddi dəstək göstərilib, tikinti materiallarının bir hissəsi təmin olunub. Lakin bu hal evin bütövlükdə onlar tərəfindən tikilməsi anlamına gəlmir. Evin tikintisində əsas işi özləri – yəni, o və yaxınları görmüşdür. Cavabdehin atası tərəfindən müəyyən vaxtlarda tikinti materialları gətirilsə də, bu sadəcə kömək xarakteri daşıyıb və onların evi tikməsi ilə bağlı deyildir. Əgər cavabdeh tərəf bu gün evə nə qədər vəsait xərclədiyini əsaslandıra bilsə, həmin məbləği ödəməyə hazır olduğunu qeyd etmişdir. Ev yüksək dəyərə malik deyil, şəhər mərkəzindən kənarda yerləşən torpaq sahəsində inşa olunub və ailə şəraiti üçün tikilmiş sadə yaşayış evidir. Bu baxımdan, ev hələ tam tikilib istifadəyə verilməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə2 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Zaur onun oğludur və cavabdeh ilə 2009-cu ildə rəsmi nikah əsasında ailə həyatı qurublar. Ailə qurduqdan sonra bir müddət onun evində birlikdə yaşayıblar. 2010-cu ildə oğlu ailəsini də götürərək Rusiyaya Federasiyasına – gəlininin qohumlarının yanına işləməyə getmişdir. Məqsədi isə Şirvan şəhərində ailəsi üçün ev tikmək və həyat şəraitini yaxşılaşdırmaq olmuşdur. O, bir müddət orada çalışaraq qazandığı vəsaiti məhz həmin evin tikintisinə yönəltmişdir. 2013-cü ildə isə Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən həmin yaşayış evi tikilmişdir. Evin tikintisi zamanı gəlinin, yəni cavabdehin atası müəyyən dərəcədə maddi dəstək göstərsə də, evin əsas tikintisi və xərcləri bilavasitə oğlunun qazancı hesabına qarşılanmışdır. Tikinti prosesində bütün təşəbbüs və məsuliyyət oğlunun üzərində olmuş, o həm maddi, həm fiziki, həm də təşkilati baxımdan bu işin əsas aparıcısı olmuşdur. Bu səbəbdən evin yalnız cavabdeh tərəfin vəsaiti hesabına tikildiyi barədə deyilənlər əsassızdır. Ev ailə birliyinin dövründə, oğlunun əməyi və qazancı ilə inşa olunmuşdur. Cavabdeh Həbibova (Dərgahova) Aynurə Vidadi qızının nümayəndəsi-vəkili Nümayəndə1 əvvəlki məhkəmə iclasında ünvan 5 ünvanda yerləşən evin dəyərinin yarısı olan 17500 manat pul vəsaitinin İddiaçı və X2 müştərək qaydada tutularaq Həbibova (Dərgahova) Aynurə Vidadi qızına ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-327/2025 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. xx.xx.2025-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının qərardadı ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(032)-327/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Həbibova (Dərgahova) Aynurə Vidadi qızının nümayəndəsi-vəkili Nümayəndə1 iddia ərizəsinə münasibət bildirərək göstərmişdir ki, iddia ərizəsində mübahisə predmeti kimi göstərilən ünvan 6 ünvanında yerləşən yaşayış evi iddia ərizəsində iddiaçı tərəfindən guya onun vəsaiti hesabına inşa edilmiş kimi təqdim edilsə də, bu hal həqiqətə uyğun deyildir. Nümayəndə qeyd etmişdir ki, iddia ərizəsində öz əksini tapdığı kimi Cavabdeh ünvan 7 ünvanda yaşamış, daha sonra övladlarının dünyaya gəlməsi və mövcud mənzil sahəsinin balaca olması səbəbindən İddiaçı tərəfindən onlara ünvan 4 ünvanında yerləşən torpaq sahəsi hədiyyə edilmişdir. Nümayəndə əlavə etmişdir ki, həmin torpaq sahəsinin üzərində evin inşası da Cavabdeh atası və qardaşı tərəfindən 2010–2011-ci illərdə edilən maddi dəstəyin nəticəsində həyata keçirilmiş, yaşayış evi ailə həyatının yaxşılaşdırılması məqsədilə tam olaraq cavabdehin yaxın qohumları tərəfindən tikilmişdir. Bu baxımdan mənzilin tikintisinin iddiaçının vəsaiti hesabına aparılması barədə iddialar əsassızdır. Nümayəndə diqqətə çatdırmışdır ki, iddiaçı tərəfindən irəli sürülən “qeyri-rəsmi olaraq birgə yaşayış” faktı həmin tikilinin ailənin ümumi mülkiyyəti kimi qiymətləndirilməməsi üçün hüquqi əsas yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 5.7-ci bəndinə uyğun olaraq ailənin, o cümlədən uşaqların rifahı, gənc ailənin yaşayış şəraitinin yaxşılaşdırılması üçün valideynlər və ya yaxın qohumlar tərəfindən edilən maddi yardım və tikinti xərcləri bağışlama kimi qiymətləndirilir və bu kimi hallarda əmlak bağışlanmış şəxsin fərdi mülkiyyəti hesab olunur. Nümayəndə həmçinin izah etmişdir ki, Plenumun 4.11-ci bəndinə uyğun olaraq özbaşına tikinti aparmış şəxsin həmin tikintiyə mülkiyyət hüququ yaranmadığından, belə tikili ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi predmeti də ola bilməz. Buna görə də mübahisə edilən obyekt real dəyəri cavabdehin və onun qohumlarının vəsaiti hesabına formalaşmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında göstərmişdir ki, mübahisə predmeti olan evin tikintisi üçün qayınatası tərəfindən müəyyən maddi dəstək göstərilmişdir. O, bəzi tikinti materiallarını təmin etmişdir. Lakin evin tikintisi əsasən onun və yaxınlarının– xüsusilə ata və digər qohumlarımın köməyi ilə həyata keçirilmişdir. Atası peşəkar usta olmuş və evin əsas hissəsi – xüsusilə hörgü işləri birbaşa atası tərəfindən yerinə yetirilmişdir. Tikinti prosesi zamanı özü də fəal iştirak etmiş və tikintinin ümumi təşkili, nəzarəti, işçilərin təminatı və digər məsələləri birbaşa özü həll etmişdir. Qayınatasının evin tikintisinə müəyyən dəstəyi olsa da, bu dəstək yalnız məhdud xarakter daşımış və evin tikintisinin əsas yükü onun və ailəsinin üzərinə düşmüşdür. Şahid1 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, cavabdeh onun bacısıdır. Bacısı 2009-cu ildə iddiaçı ilə ailə həyatı qurmuşdur. Onların toyları olmuş, bir müddət valideyn evində yaşamışlar. Təxminən 2011-ci ildə Şirvan şəhərində yerləşən evin fundamenti tökülmüş və tikintisinə başlanılmışdır. Evin tikintisi zamanı atası – ailə başçımız – “KamAZ” markalı yük avtomobili idarə edir və ev üçün lazım olan bütün tikinti materiallarını şəxsən özü bu avtomobillə daşımışdır. Dam örtüyü, sement, kərpic, armatur, qum və digər tikinti ləvazimatları məhz atası tərəfindən alınmış və gətirilmişdir. Evin bir otağı hazır olandan sonra bacısı və ailəsi oraya köçmüşdür. Bacısı musiqi müəlliməsi kimi çalışmış, onun əmək haqqı uzun müddət ərzində ailənin xərclərinə, o cümlədən evin tikintisinə sərf olunmuşdur. Bu müddət ərzində bacısının maddi dəstəyi az olmamış, üstəlik qohumları da usta kimi tikintidə iştirak etmişlər. Evin tikintisi prosesi, materialların alınması və kimin tərəfindən maliyyələşdirildiyi ilə bağlı bütün bu halların şəxsən şahididir. Bu ev təkcə iddiaçının deyil, əsasən bacısı və ailəsinin maddi və mənəvi dəstəyi ilə inşa olunmuşdur. Şahid3 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda uzun müddətdir qonşuluq edir. Həmin evin tikintisi dövründə evin tikinti prosesi və kimlərin iştirak etdiyinin birbaşa şahidi olmuşdur. Açıq şəkildə deyə bilər ki, evin inşası zamanı ancaq Cavabdeh atası və onun qohumları tikintidə iştirak edirdilər. Onlar evin hörgüsü, dam örtüyü, materialların daşınması və ümumilikdə tikinti prosesində fəal şəkildə iştirak edirdilər. Şəxsən iddiaçının və ya onun valideynlərinin tikinti zamanı orada hər hansı bir iştirakını görməmişdir. Qızın atası, yəni cavabdehin atası ev üçün lazım olan tikinti materiallarını özü şəxsən alıb gətirirdi, bu prosesin şahidi olmuşdur. Tez-tez yük maşını ilə material daşıyır, evin tikintisi ilə məşğul olurdu. Qeyd edir ki, bildiyinə görə, iddiaçı heç bir yerdə işləmir. İşləməyən bir şəxsin bu qədər xərc tələb edən bir tikintini aparması fikrincə, mümkün deyil. Buna görə hesab edir ki, evin tikintisi əsasən cavabdehin və onun ailəsinin vəsaiti və əməyilə həyata keçirilib. Şahid4 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, tibb bacısı işləyir və Cavabdeh uzun müddətdir tanıyır. Həmin dövrdə Aynurə ona bildirdi ki, evin tikintisi üçün maddi çətinlikləri var və bu səbəbdən öz qızıllarını satmaq məcburiyyətində qalıb. Ondan bu qərarının səbəbini soruşduqda, o, ev tikintisi üçün pula ehtiyac olduğunu dedi. Kömək məqsədilə mən onun bir ədəd qızıl boyunbağısını aldım. Bu hadisə mənim yaddaşımdadır və təsdiq edirəm ki, cavabdeh evin tikintisi üçün şəxsi zinət əşyalarını sataraq maddi dəstək əldə etməyə çalışıb. Bu da onun evin tikintisində aktiv iştirak etdiyini göstərir. Şahid5 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Cavabdeh onun qardaşı qızıdır. O, ailə qurduqdan bir müddət sonra ev tikmək qərarına gəlmişdir. Həmin evin tikintisində qardaşı (Aynurənin atası), o, həyat yoldaşı və digər qohumları həm maddi, həm də mənəvi dəstək göstərmişdirlər. Ev tikilən vaxt qardaşı həm dənizdə çalışıb, həm də avtobus sürərək qazanc əldə edərək evin bir otağını hazır etmişdir. Sonra evin digər hissələrinin tikintisi davam edib. Eyni zamanda, qardaşı Aynurə və yeznəsini – yəni iddiaçınının oğlunu Rusiyaya onların yanına göndərmişdir. Həyat yoldaşı yeznəyə iş tapmağa kömək etmiş və onların bir övladı Rusiyada anadan olmuşdur. Şahid X6 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, cavabdeh onun qızıdır və 2009-cu ildə iddiaçının oğlu Zaur ilə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra yaşadıqları evdə söz-söhbətlər yaranmışdır. O, ailənin böyüyü və ağsaqqalı kimi vəziyyətə müdaxilə edərək, iddiaçı ilə söhbət etmişdir ki, ata yurdunda torpaq sahəsi var, orada bir ev tiksinlər və qızı ailəsi ilə köçüb yaşayın. İddiaçı bildirmişdir ki, işləmədiyi üçün tikinti üçün vəsaiti yoxdur.O, kömək edəcəyinə söz vermiş həmin vaxt şəxsən özü 1600 manat nağd pul vermişdir ki, evin fundamentini töksün. O, qızı və yeznəsini Rusiyada yaşayan bacısının yanına göndərmişdir ki, orada işləyib evin tikintisinə dəstək olsunlar. Evin tikintisində özü, qohumları maddi və mənəvi iştirak etmişdir. Özü yük avtomobili (Kamaz) idarə edir və teztez evin tikintisi üçün lazım olan materialları öz maşınla daşımışdır. Evin dam örtüyü və digər hissələri üçün isə atasıgilin həyətində olan köhnə tikilidən çıxan materiallardan istifadə olunmuşdur. Qızının bütün qızılları da evin tikintisinə sərf olunmuşdur. Tikilmiş ev 3 otaq, bir zal və sanitar qovşaqdan ibarətdir. Hazırda bir otaq və zal tam təmirlidir. Qızının ailəsinə iddiaçının valideynləri tərəfindən heç bir maddi və ya mənəvi yardım edilməmişdir. Hətta ərzaqları belə əsasən o alıb vermişdir. Qeyd etmişdir ki, iddiaçı hal-hazırda aliment belə ödəmir, heç yerdə işləmir. Belə olan halda onun ev tikməsi real deyil. Ev əsasən qızının müəllimə kimi aldığı əmək haqqı və ailəsinin dəstəyi ilə inşa edilmişdir. Bütün bunlara əsasən hesab edirəm ki, bu ev iddiaçının deyil, qızının şəxsi mülkiyyəti sayılmalıdır. Şahid6 ifadəsində bildirmişdir ki, Cavabdeh onun qayınının qızıdır. Uzun illərdir Rusiyada yaşayıb işləyir. Qaynı qızını – yəni Aynurəni və onun həyat yoldaşını (iddiaçının oğlu Zauru ) işləmək məqsədilə yanına, Rusiyaya göndərmişdi. Gəldikdən sonra iddiaçını işlə təmin etmişdir. Aynurə ilə birlikdə Rusiyada qaldıqları müddətdə onlara həm maddi, həm də mənəvi dəstək göstərmişdilər. Onların uşaqlarından biri də Rusiyada dünyaya gəlmişdir. Qaynının ailəsinə əlavə dəstək olaraq, ona marşrut kimi istifadə etməsi üçün bir avtobus alıb vermişdir. Qaynı ona bildirmişdir ki, həmin avtobusdan əldə etdiyi gəliri qızının – Aynurənin evinin tikintisinə sərf edir. Bundan başqa, iddiaçı ölkəyə qayıdarkən evin tikintisinin yarımçıq qalmaması üçün şəxsən ona 2000 ABŞ dolları məbləğində pul vermişdir. Bütün bu göstərilən yardımları öz təşəbbüsləri ilə etmişdirlər ki, evin tikintisi başa çatdırılsın və ayrı olaraq Aynurə ailəsi ilə yaşamış olsun. İş materiallarına əlavə edilmiş: Belə ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-902/2024 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh Həbibova (Dərgahova) Aynurə Vidadi qızına qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5 anası Həbibova (Dərgahova) AynurəVidadi qızının himayəsində saxlanılması qət edilmişdir. Əli-Bayramlı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarında göstərilmişdir ki, A.Əhmədov 1F küçəsində ayrılan 6 sot torpaq sahəsində yaşayış sahəsi 90 m², yardımçı sahəsi 35 m², eyvan hissəsi 18 m² olan fərdi yaşayış evi tikmək haqqında icazə verilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələlərinin Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-450/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi barədə hər hansı məlumat Ərazi İdarəsində aşkar olunmadı. İddiaçının dəlillərini yoxlamaq məqsədi ilə Şirvan Şəhər Məhkəməsinin 28 aprel 2025ci il tarixli, 2(032)-327/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələlərinin Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-2788/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir: Mübahisə predmeti olan Şirvan şəhəri, A.Əhmədov (indiki Mahir Mirzəyev) 1F fərdi yaşayış evinin məhz iddiaçıya Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə ayrılmış 6 sot torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı Şirvan şəhəri. A.Əhmədov 1 F sahədə qeyd olunan qərardan artıq torpaq sahəsini istifadə etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6039 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 38/2-2788/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Mübahisə predmeti olan Şirvan şəhəri, A.Əhmədov (indiki Mahir Mirzəyev) 1F fərdi yaşayış evinin məhz iddiaçıya Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə ayrılmış 6 sot torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı Şirvan şəhəri. A.Əhmədov 1 F sahədə qeyd olunan qərardan artıq torpaq sahəsini istifadə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə qanuni və əsaslı müdaxilələri istisna etmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurlarıçərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” işüzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-nin 13.7-ci maddəsinəəsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəməüçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmənin mövqeyi və əsaslandırması: Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını, şahid ifadələrini, işə əlavə edilmiş sənədləri, o cümlədən Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlərinin Dövlət Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunu, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6039 saylı rəyini, habelə məhkəmə iclasının protokolunda əksini tapmış izahat və bəyanatları hərtərəfli, bir-biri ilə əlaqədə və MPM-nin tələblərinə uyğun olaraq qiymətləndirməklə müəyyən etmişdir ki, İddiaçı Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə A.Əhmədov (indiki Mahir Mirzəyev) 1F sahədə 6 sot torpaq sahəsi ayrılmış, həmin sahədə yaşayış sahəsi 90 m², yardımçı sahəsi 35 m², eyvan hissəsi 18 m² olan fərdi yaşayış evi tikməyə icazə verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlərinin Dövlət Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6039 saylı rəyindən aydın olur ki, mübahisə predmeti olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi məhz iddiaçıya yuxarıda göstərilən qərarla ayrılmış 6 sot torpaq sahəsində yerləşir və iddiaçı həmin qərarda nəzərdə tutulmuş sahədən artıq torpaq sahəsindən istifadə etməmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, göstərilən ünvan üzrə tikilinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmaması faktı vardır. Lakin MM-nin 139-1.1.8-ci maddəsinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş daşınmaz əmlak üzərində hüquqlar müvafiq icra hakimiyyəti orqanının sənədləri ilə təsdiq edilir və bu işdə belə sənəd Əli-Bayramlı şəhər XDS-nin xx.xx.1991-ci il tarixli qərarıdır. Məhkəmə iclas protokolunda da tərəflərin və şahidlərin izahatlarından görünür ki, iddiaçı uzun illər həmin torpaq sahəsinə sahibliyi həyata keçirmiş, tikinti onun razılığı və faktiki iştirakı ilə aparılmış, özünü həmin əmlakın sahibi kimi aparmışdır. Bu hallar Konstitusiyanın 13 və 29-cu maddələrində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətin toxunulmazlığı və mülkiyyətə maneəsiz sahiblik hüququ kontekstində iddiaçıda qeyd olunan torpaq sahəsi və onun üzərində inşa olunmuş yaşayış evi barəsində hüquqi cəhətdən qorunan qanuni gözlənti (legitim gözlənti) formalaşdırmışdır. Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarlarında da vurğulanmışdır ki, mülkiyyət hüququ yalnız dövlət reyestrində qeydiyyat faktı ilə məhdudlaşmır, hüququn yaranmasına əsas verən faktiki və hüquqi hallar məhkəmə tərəfindən qiymətləndirilərək mülkiyyətçinin qanuni gözləntisi müdafiə olunmalıdır. AR Mülki Məcəllənin 135.4 və 240.2-ci maddələrinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan tikili vahid daşınmaz əşya sayılır, torpaq sahəsinin mülkiyyətçisi, bir qayda olaraq, həmin sahədə ucaldılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Bu işdə torpaq sahəsinin ayrılması, iddiaçının sahibliyinin qanuni əsasları və mübahisəli tikilinin məhz həmin sahədə yerləşməsi ekspert rəyləri ilə dəqiqliklə təsdiq olunduğundan, iddiaçının bu tikiliyə münasibətdə həm mülkiyyət hüququnun, həm də qeyd edilən protokollarda və sənədlərdə təsdiqini tapmış qanuni gözləntisinin mövcud olduğu qənaətinə gəlmək üçün yetərli hüquqi və sübut bazası vardır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmaması bu gözləntini və mülkiyyətin mahiyyətini aradan qaldırmır, əksinə, MM-nin 139-1.1.8-ci maddəsi, Konstitusiya və AİHM-in “mülkiyyət” anlayışına dair təcrübəsi nəzərə alındıqda bu hallar məhkəmə qaydasında müdafiə olunmalı olan subyektiv hüquq və qanuni maraq təşkil edir. İş üzrə dindirilmiş cavabdeh, üçüncü şəxs və şahidlərdən X6, X7, Şahid5 Sərdar qızı, Şahid6 və digərlərinin ifadələrindən göründüyü kimi, mübahisə predmeti olan tikilinin inşası zamanı cavabdehin və onun yaxın qohumlarının – xüsusilə cavabdehin atasının – həm maddi, həm də fiziki əməyinin olduğu, müəyyən hallarda nağd vəsait verdikləri, tikinti materiallarını öz nəqliyyat vasitəsi ilə daşıdıqları, cavabdehin müəllimə kimi qazandığı vəsaitin və qızıl-zinət əşyalarının bir hissəsinin də tikintiyə yönəldildiyi sübuta yetirilir. Bu ifadələrdən belə nəticə çıxır ki, ev yalnız iddiaçının fərdi vəsaiti hesabına deyil, ailə birliyinin, o cümlədən cavabdeh tərəfin büdcəsi və maddi dəstəyi hesabına inşa edilmişdir. Bununla belə, Mülki Məcəllənin 152, 157, 169 və 240.2-ci maddələrinin sistemli təhlili göstərir ki, ər-arvadın və onların qohumlarının ailə rifahı üçün etdikləri xərclər və tikintidə iştirakı müvafiq ailə-mülki münasibətlər müstəvisində hüquqi əhəmiyyət kəsb etsə də, torpaq sahəsinin mülkiyyətçisi olan üçüncü şəxsin – bu halda iddiaçının – mülkiyyət hüququnu aradan qaldırmır və ona qarşı mülkiyyət tələbi üçün əsas yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 5.7-ci bəndində də qeyd edilir ki, valideyn və qohumlar tərəfindən gənc ailənin yaşayış şəraitinin yaxşılaşdırılması üçün edilən xərclər, əks sübut olmadıqda, bağışlama xarakterli yardım hesab olunur və bu cür iştirak tikilinin mülkiyyət subyektini avtomatik dəyişmir. Bu baxımdan, məhkəmə cavabdehin və onun ailə üzvlərinin evin tikintisində əhəmiyyətli maddi və fiziki töhfəsini fakt kimi nəzərə alır, lakin həmin töhfənin iddiaçıya məxsus torpaq sahəsində yerləşən tikili üzərində cavabdeh xeyrinə mülkiyyət hüququ yaratmadığını, bu töhfələrin ancaq ailə münasibətləri sistemində hüquqi qiymətə malik ola biləcəyini hesab edir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququdur. MM-nin 157.1, 157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyətçi mülkiyyət hüququnun tanınmasını, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etməyi, habelə əmlakdan istifadə etməyə digər hər cür maneələrin aradan qaldırılmasını tələb etmək ixtiyarına malikdir. İş materiallarından görünür ki, cavabdeh Həbibova (Dərgahova) AynurəVidadi qızı nikah münasibətləri pozulduqdan sonra da iddiaçıya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evində öz əşyalarını saxlamaqla mənzildən istifadədə çətinlik yaratmış, iddiaçının dəfələrlə şifahi müraciətlərinə baxmayaraq, qeyri-müəyyən müddət ərzində təhvil və tərk etməkdən imtina etmiş, bu yolla iddiaçının mülkiyyətinə maneə törətmişdir. Cavabdeh öz müdafiəsində həmin evdə yaşamaq üçün nə hər hansı icarə, nə ömürlük istifadə, nə də başqa mülki-hüquqi əsas təqdim etmişdir. Belə şəraitdə cavabdehin həmin ünvanda qalması iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə uyğun olaraq, mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması barədə tələblərə iddia müddəti şamil olunmadığından, iddiaçının bu tələbinin irəli sürülməsi də vaxt baxımından məhdudlaşdırılmır. Cehiz əmlakına gəldikdə, iş materiallarından, tərəflərin izahatlarından və məhkəmə iclasının protokollarında əks olunan bəyanatlardan görünür ki, cavabdeh tərəfdən gətirilmiş cehiz əşyalarının növü və sayı tərəflər arasında mübahisə predmeti deyil. İddia ərizəsində sadalanan 1 ədəd yataq dəsti, 1 ədəd masa, 6 ədəd stul, 1 ədəd divan, 1 ədəd jurnalni masa, 1 ədəd çilçıraq, 2 ədəd xalça, 1 ədəd güzgülü kamod, 1 ədəd qazan dəsti, 1 ədəd soyuducu, mətbəx ləvazimatları, qablar, yorğan-döşək və digər cehiz əşyalarının cavabdehə məxsus olması cavabdeh və onun nümayəndəsi tərəfindən də inkar olunmamış, bu siyahı və say göstəriciləri barəsində hər hansı etiraz irəli sürülməmişdir. Bu baxımdan, cavabdehin cehiz əmlakı üzərində mülkiyyət hüququ tanınmaqla, həmin əşyaların ona qaytarılması, lakin eyni zamanda iddiaçıya məxsus torpaq sahəsində yerləşən tikilidən cavabdehin bu cehizlə birlikdə çıxması məhkəmə tərəfindən mülkiyyət hüquqlarının məqbul balansı və proporsionallıq prinsipi baxımından ən optimal həll hesab olunur. Belə yanaşma Konstitusiyanın 13 və 29-cu maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnun, eləcə də 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan mülkiyyətin müdafiəsi tələblərinə uyğundur. MPM-nin 77.1, 80, 89.3 və 106.1-ci maddələrinə uyğun olaraq, məhkəmə yalnız iş üçün əhəmiyyət kəsb edən halları təsdiq edən sübutları nəzərə alır və sübutetmə yükü iddiasını və etirazını irəli sürən tərəfin üzərinə düşür. AİHM-in “Mahmudov Rusiyaya qarşı” işində ifadə olunan “affirmanti, non neganti incumbit probatio” prinsipi və “Qavazov Bolqarıstana qarşı” işində tətbiq olunan “əsaslı şübhədən kənar” sübut standartı da bunu tələb edir. Cavabdeh öz mövqeyini yalnız öz və qohumlarının tikintidə iştirakı ilə əsaslandırmış, lakin nə torpaq sahəsi, nə də tikili üzrə ona və ya ailə üzvlərinə məxsus mülkiyyət və ya başqa əşya hüququnu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Tikintidə maddi və fiziki iştirakı təsdiq edən şahid ifadələri qeyd edildiyi kimi, yalnız ailə münasibətlərinin maddi tərəfinə aid olub, iddiaçıya qarşı mülkiyyət tələbi üçün yetərli hüquqi əsas yaratmır. Bu hallar, eyni zamanda, ər-arvad arasında əmlak münasibətlərinin başqa hüquqi müstəvidə qiymətləndirilməsi imkanlarını istisna etmir, lakin mövcud mülkiyyət münasibətlərinə və iddiaçının mülkiyyət hüququnun müdafiəsi üzrə bu iş üzrə verilən qərara təsir göstərmir. Göstərilən bütün hüquqi və faktiki hallar, Konstitusiyanın 13 və 29-cu maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4, 139-1.1.8, 152, 157.1, 157.2, 157.4, 158.4, 166.3, 169.1, 240.2 və 384.0.4-cü maddələrinin, habelə MPM-nin 13.7, 14.2, 77.1, 80, 89.3, 106.1, 217.3 və 217.4-cü maddələrinin tələbləri əsasında qiymətləndirilməklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mülkiyyət hüququna və qanuni gözləntisinə cavabdehin davam edən qanunsuz müdaxiləsi mövcuddur, bu müdaxilənin aradan qaldırılması zəruridir, cavabdehin özünə məxsus cehiz əşyaları ilə birlikdə ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbi tam həcmdə təmin edilməlidir. Bu nəticə cavabdeh və onun yaxınlarının tikintidə maddi və fiziki iştirakının fakt kimi tanınması ilə yanaşı, iddiaçının torpaq sahəsi üzrə hüquq verən aktlara, uzunmüddətli faktiki sahiblik vəziyyətinə, ekspert rəyləri ilə təsdiqlənmiş ərazi müəyyənliyinə əsaslanan mülkiyyət mövqeyinin və qanuni gözləntisinin müdafiəsini təmin edir, tərəflərin əmlak hüquqları arasında zəruri tarazlığı qoruyur və gələcəkdə tərəflər arasında yarana biləcək digər mübahisələrin ayrıca hüquqi qaydada həllinə maneə yaratmır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Həbibova (Dərgahova) Aynurə Vidadi qızının və ona məxsus cehiz əşyalarının ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddiası təmin edilməli, cavabdehə məxsus cehiz əşyalarının sayı və siyahısı tərəflər arasında mübahisələndirilmədiyi üçün həmin əşyalar cavabdehin mülkiyyətində tanınmaqla, cavabdeh həmin cehiz əşyaları ilə birlikdə göstərilən ünvandan öz vəsaiti hesabına çıxarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh Həbibova (Dərgahova) Aynurə Vidadi qızı, həmçinin onun cehiz əmlakları ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evindən öz vəsaitləri hesabına çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdeh Həbibova (Dərgahova) Aynurə Vidadi qızından alınaraq Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar