Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-336/2024 01.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ilə faktiki nikahdan xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə 2019-cu il tarixində el adətinə uyğun olaraq toy edərək ailə həyatı qurmuşdur. Onların rəsmi nikahı olmamışdır. Faktiki nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 adlı 1 övladı anadan olmuşdur. Cavabdeh faktiki nikahdan doğulmuş uşağa atalıq vermişdir. Ailə həyatı qurduqdan bir müddət sonra cavabdehin günahı ucbatından ailə münasibətləri pozulmuşdur. Buna görə də 2023-cü ilin dekabrın ortalarında onlar ayrılmışlar. Hal-hazırda o uşağı ilə bərabər anasının himayəsində yaşayır. Cavabdeh hal-hazırda faktiki nikahdan doğulmuş uşağın maddi təminatının ödənilməsinə heç bir köməklik göstərmir. Uşağı azyaşlı olduğundan o heç bir yerdə işləyə bilmir və əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən də əmək fəaliyyəti ilə məşğul olaraq heç bir qazanc əldə edə bilmir. Cavabdeh uşağın saxlanılması ilə bağlı çəkilmiş xərclərdə iştirak etmir. Mübahisənin məhkəmədən kənar qaydada həll edə bilmədiyimdən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, birgə yaşayışdan xx.xx.2020-ci il tarixdə X2 adlı övladı doğulmuşdur. Cavabdeh birgə faktiki nikah dövründə anadan olmuş uşağın saxlanması ilə əlaqədar maddi cəhətdən köməklik göstərmədiyindən və cavabdehin təklif etdiyi 100 manat miqdarında alimentlə razı olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan : Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Sabirabad regional “ASAN xidmət” mərkəzi tərəfindən 22 may 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 431424 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 atası Cavabdeh, anası İddiaçıdır . Sabirabad 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm,dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa,habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı,çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda,uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi,uşağa qulluq,onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən aliment ödəməli olan Cavabdeh uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinin olmasını, habelə əmlak vəziyyətini nəzərə alıb, hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (200 manat, 200 x 12 = 2400 manat, 2400-1000=1400; 1400 x 1%= 14; 30+14=44) 1000 mantdan çox olduğundan, cavabdehdən 44 manat dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı X2 dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib Cavabdeh alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE**********00********) keçirilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220, 234.2-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 yanvar 2024-cü il tarixdən başlayaraq birgə nikahdan xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi rədd edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 44 manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-336/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-336/2024
01.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver