Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-407/2025 17.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşağa 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin tutulması və tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya ödənişinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha girmişlər. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra münasibətləri yaxşı olsa da, lakin son illərdə cavabdehin günahı ucbatından ailə münasibətləri pozulmuşdur. Hazırda ayrı yaşayırlar. Uşaqlar hazırda ananın himayəsindədirlər. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi köməklik göstərmir. Özü heç bir yerdə işləmir. Valideynlərinin maddi köməkliyi ilə uşaqları saxlayır. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasına, atanın uşaqları ilə şənbə və bazar günləri saat 11:00-dan 15:00-dək ünsiyyətdə olmalarına etiraz etmir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, uşaqlarla hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 15:00-dək ünsiyyətdə olmasını istəyir, hər uşağa görə 125 manat, cəmi 250 manat sabit pul məbləğində aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah xx.xx.2018-ci ildə Şirvan şəhər Qeydiyyat Şöbəsində 397 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra arvada “Rəsulova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası FHN X4 Xidməti Şirvan şəhər X4 Dəstəsinin xx.xx.2025-ci il tarixli arayışında göstərilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası FHN X4 Xidməti Şirvan şəhər X4 Dəstəsinin 67 nömrəli X1 yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində xidmət edir və onun aylıq əmək haqqısı vergilər tutulduqdan sonra 653,79 manat təşkil edir. Kreditin ödəmə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən illik 20,9% olmaqla 48 ay müddətinə 12167 manat məbləğində kredit götürmüş, hər ay 376 manat 11 qəpik ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2028-ci il tarixə kimi ödəməlidir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə iddianın cavabdehən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı uşaqların saxlanılması üçün hər ay hər birinə 246 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə yuxarıda qeyd edilənləri, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının da artmasını, tərəflərin məhkəmə iclasında təqdim etdikləri ərizələrini, eləcə də, diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulacaq aliment ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməklə tutulması ədalətli və ağlabatandır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına yeni əlavə edilmiş 8.4-1-ci yarımbəndə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: - könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); - məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Məhkəmənin hazırlıq iclası zamanı iddiaçı iddinın həcmini dəqiqləşdirərək iki uşağa birlikdə 400 manat aliment tutulmasını tələb etsə də, cavabdeh tərəf iki uşağa ümumilikdə 250 manat aliment ödəməyə etiraz etmədiyinə dair münasibət bildirmişdir. Məhkəmə uşaqların mənafeyini, zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasını, mütərəqqi tələblər əsasında yaşamasını, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsini, əvvəllər yaşadıqları məişət şəraitindən tam təcrid olunmaması hallarını, həmçinin uşaqların qayğısına qalmağın hər iki valideynin borcu olmasını və hər iki valideynin ərizəsində aliment məbləği ilə bağlı münasibətlərinin ortaq həcmini nəzərə almağı diqqətəlayiq hal kimi müəyyən etmişdir. Cavabdeh Azərbaycan Respublikası FHN X4 Xidməti Şirvan şəhər X4 Dəstəsinin 67 nömrəli X1 yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində xidmət edir və onun aylıq əmək haqqısı vergilər tutulduqdan sonra 653,79 manat təşkil edir və məhkəmədən iki uşağa ümumilikdə aylıq gəlirinin 1/3 hissəsini tutulması ilə bağlı ilkin mövqeyinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, gəlirin 1/3 hissəsinin tutulmasının tələb hüququ iddiaçı tərəfin tələb hüququ kimi qanunvericilikdə öz əksini tapmış və iddiaçı tərəf həmin tələblə məhkəmədə çıxış etməmiş və sabit pul məbləğində pulun ödənilməsini tələb etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğini və hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə 21 yanvar 2025-ci il tarixdən başlayaraq 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0.40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Uşaqla ünsiyyət barədə münasibətlə bağlı məhkəmə hesab edir ki, tərəflər məhkəmənin hazırlıq iclası zamanı ərizə ilə məhkəməyə müraciət edərək atanın uşaqla ünsiyyətinə dair məsələyə münasibət bildirməsini xahiş etmişdir. Qeyd olunan xüsusatla bağlı məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynin ərizəsinə də mahiyyəti üzrə baxıb qətnamə qəbul etməsini zəruri hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İddiaçının ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 60 (altmış) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 21 yanvar 2025-ci il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa münasibətdə 0.40 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə iddiaçı tərəfindən ödənilmiş olan mediasiya xərci olaraq 60 (altmış) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə qəbul edildikdən sonra aliment hissəsində dərhal icra olunsun. Tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 15:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onun yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə və bazar günləri saat 11:00-da İddiaçı tərəfindən Cavabdeh, hər həftənin şənbə və bazar günləri saat 15:00-da isə eyni ünvanda Cavabdeh tərəfindən İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-407/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-407/2025
17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver