Məhkəmə qərarları › İş №2(032)-418/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-418/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-418/2024 13.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl zinət əşyaları tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək qızıl-zinət əşyalarının, onlar olmadığı təqdirdə 2280 manat pulun və ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən 06 dekabr 2019-cu il tarixdə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşamışlar. Sonradan cavabdehin ona qarşı münasibəti mənfi şəkildə dəyişməyə başlamışdır. Cavabdehlə aralarında olan nikah münasibətləri formal xarakter daşıdığından, aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuş və bundan sonra da barışıb bir ailədə yaşamaları qeyri-mümkün olduğundan, aralarında olan nikah münasibətləri Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah münasibətləri pozulduqdan sonra cehiz əmlakının bir çox hissəsi valideynləri tərəfindən götürülmüş, ona məxsus olan qızıl-zinət əşyaları tələb edilsə də, qaytarılmasından imtina edilmişdir. Ona hədiyyə edilmiş həmin qızıl-zinət əşyaları hazırda cavabdehdədir. Qızıl-zinət əşyaları komplekt dəst (qolbaq, boyunbağı, sırğa, üzük) 18 qram, 585 əyarlı 1710 manat, qızıl qadın üzükləri (1 tək qaşlı nişan üzüyü) 3+3 qram 585 əyarlı 570 manat, cəmi 2280 manatdan ibarətdir. İddiaçı və nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında əlavə olaraq cavabdehlə faktiki ailə münasibətlərinə iki il əvvəl son qoymasını, evdən valideynləri və əmisi ilə birlikdə çıxıb getməyini, özü ilə lazımı bir neçə paltar və əşya götürməsini, sonradan təxminən iki ay sonra cavabdehin evinə öz valideynləri ilə birlikdə gəlib bütün əşyalarını yığıb aparmasını bildirmişdir. Lakin cehiz əşyalarını apardıqdan dərhal sonra deyil, 2 il sonra qızıl zinyət tələbi ilə məhkəməyə müraciət etməsinin səbəblərini konkret izah edə bilmir, vəkilə bununla əlaqədar əvvəlcədən bildirdiyini qeyd edir. Cavabdeh nümayəndələri X6 məhkəmə iclasında iştirak edərək iddianı etiraf etmədi, izahatında bildirmişdir ki, qızıllar gəlinin özündədir. həmişə toya və valideynlərinin yanına gedəndə iddiaçı qızıllarını taxıb aparmışdır. İddiaçı ilk dəfə onların evini tərk edəndə də, sonradan da özü və anası evdən rahatlıqla bütün əşyalarını yığıb aparmışdır. Qızılları da iddiaçının özündədir. faktiki ayrıldıqdan iki il sonra belə bir iddianı irəli sürməkdə məqsədi isə onların qarşılığında uşaqla ünsiyyət tələbinə dair iddiaları və yığılan aliment borcu olmuşdur. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-130/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X2 ananın himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. “Şirvan Ticarət Mərkəzi”-nin zərgəri X5 tərəfindən verilmiş qiymətləndirmə aktında göstərilmişdir ki, hazırki gün üçün bazar qiyməti ilə qarnitur dəsti (qızıl qolbaq, boyunbağı və bir cüt sırğa) 585 əyarlı, 18 qram 1710 manat, qızıl qadın üzükləri 02 ədəd 585 əyarlı, hər biri 3 qram 570 manat məbləğində dəyərləndirilmişdir. İddiaçının vəsatətilə dindirilmiş Şahid ifadəsində bildirdi ki, ərizədə göstərilən qızılları qızına cavabdeh toyda hədiyyə edib. Sonradan həmişə cavabdehin anasında qalıb, evdən bütün əşyalarını, cehizlərini götürsələr də, qızılları cavabdehin anası verməkdən imtina etmiş, qızılların olmadığını bildirmişdir. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Hazırki mülki işə qiymət verərkən məhkəmə hesab edir ki, iddiaçı irəli sürmüş olduğu tələbinin əsaslılığını, hədiyyə olaraq ona verilmiş və hazırda tələb etdiyi qızılların Cavabdeh qanunsuz sahibliyində olmasını sübuta yetirə bilməməsi səbəbindən iddia rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin isə iddiaçının anası olmaqla yaxın qohumu kimi bildirdiklərinin nə dərəcədə həqiqəti əks etdirməsi isə şübhə doğurduğundan məhkəmə ifadəni sübut qismində qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 45 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı qızıl zinət əşyaları barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar