Məhkəmə qərarları › İş №2(032)-486/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-486/2025

03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-486/2025 03.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ilə faktiki nikahdan xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 246 manat, cəmi 492 manat olmaqla sabit pul məbləğində alimentin və mediasiya xərcinin alınaraq ona verilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixində el adətinə uyğun olaraq toy edərək ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikahı olmamışdır. Faktiki nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 adlı iki övladı anadan olmuşdur. Cavabdeh tərəfindən hər iki uşağa atalıq verilmişdir, ailə həyatı qurduqdan sonra münasibətləri yaxşı olsa da, lakin son illərdə cavabdehin günahı ucbatından ailə münasibətləri pozulmuşdur. Buna görə də 2024-cü ilin ortalarında cavabdehdən ayrılmışdır. Faktiki nikahdan doğulmuş iki uşaq hal-hazırda onun himayəsində yaşayırlar. Cavabdeh hal-hazırda faktiki nikahdan doğulmuş uşaqların maddi təminatının ödənilməsinə heç bir köməklik göstərmir. Cavabdeh uşaqların saxlanılması ilə bağlı çəkilmiş xərclərdə iştirak etmir. O heç bir yerdə işləmir və heç bir yerdən maddi gəliri yoxdur, uşaqların maddi təminatını ödəməkdə çox çətinlik çəkir, yalnız valideynlərinin maddi köməkliyi ilə uşaqlarını saxlayır. Mübahisənin məhkəmədən kənar qaydada həll edə bilmədiyindən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında təqdiq edilmiş: Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh xx.xx.2020-ci ildə vətəndaş İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh xx.xx.2022-ci ildə vətəndaş İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Şirvan şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞS/MT-023/2024- 02566 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” qanunun 29.3-ci maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (AM) təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AM-in 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına yeni əlavə edilmiş 8.4-1-ci yarımbəndə əsasən “Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, onun tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyi andan, yəni xx.xx.2025ci il tarixdən hesablanmalıdır. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli (400x0.47=188) sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq faktiki nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir . Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (376 manat, 376 x 12 = 4512 manat, 4512-1000=3512, 3512 x 1%= 35,12 ; 35,20 +30= 65 manat 12 qəpik) 1000 manatdan çox olduğundan, cavabdehdən 65 (altmış beş) manat 12 (on iki) qəpik dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh 65 (altmış beş) manat 12 (on iki) qəpik məbləğində pul vəsaiti alınaraq dövlət nəfinə keçirilməli, mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməldir. Məhkəmə qeyd olunanları və MPM-in 216-220, 234.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 04 fevral 2025-ci il tarixdən başlayaraq faktiki nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin . Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 65 (altmış beş) manat 12 (on iki) qəpik məbləğində pul vəsaiti alınaraq dövlət nəfinə keçirilsin. Mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar