Məhkəmə qərarları › İş №2(032)-548/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-548/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-548/2024 24.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(032)-1378/2022 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi hissəsində dəyişdirilərək artırılması, Cavabdeh hər ay uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 07 fevral 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin rəsmi nikahdan xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Bir müddət sonra aralarında olan nikah münasibətləri pozulmuş və Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-96/2019 saylı qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Həmin qətnamə ilə nikahlarından dünyaya gəlmiş hər iki uşağın onun yanında saxlanılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya və kassasiya şikayətləri verməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən məhkəmə qərarlarının qəbul olunmasından sonra, müvafiq aliment məbləğinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması üçün Şirvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1378/2022 saylı qətnaməsi ilə hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və hal-hazırda qüvvədədir. Qətnamənin qəbul edilməsindən sonra, bu günə qədər özü işləmir, cavabdeh isə Hacıqabul şəhər 10 saylı tam orta məktəbdə direktor vəzifəsində işləməklə, aylıq gəlirləri 1385 manat təşkil edir. Təyin edilmiş aliment məbləği ilə hazırki vəziyyətdə uşaqların saxlanılması, onların bir çox xərclərinin artması nəzərə alınsa, onlara baxılması maddi cəhətdən çətinliklər yaradır. Lakin cavabdehin gəlirləri artmış və tək nəfərdir. Bu məqsədlə, hazırki iddia tələbini məhkəməyə verməmişdən qabaq Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət etsə də, həmin təşkilatın xx.xx.2024-cü il tarixli, MŞS/MT023/2024-00144 nömrəli arayışına əsasən mediasiya prosesi baş tutmamışdır. Cavabdeh nümayəndəsi və vəkili məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh 879 manat əmək haqqı alır, həmin gəlirindən hal-hazırda iddiaçıya hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment verir. Bundan başqa cavabdeh kirayədə yaşamaqla, aylıq 300 manat kirayə pulu verir. Elektron kabinetə əlavə edilimiş "xxxx" ASC-dən götürülmüş kredit müqaviləsindən görünür ki, xx.xx.2026-cı ilə kimi aylıq 260 manat kredit ödəyir. Cavabdehin aylıq gəlirinin (879 manat əmək haqqı, 180 manat aliment, 300 manat kirayə haqqı, 260 manat aylıq kredit ödənişi) 157 manat olmasının nəzərə alınması xahiş etmişdir. İddiaçı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, mülki işin xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclası zamanı cavabdehin vəkili tərəfindən məhkəməyə müqavilələr təqdim edilmişdir. Yəni Cavabdeh guya ki, nə vaxtsa bankdan kreditlə pul götürmüş və hardasa kirayədə yaşamağı barəsində kirayə müqavilələri təqdim etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1378/2022 saylı mülki işdə çıxarılan qətnamədən açıq aydın görünür ki, cavabdeh alimentdən yayınmağa çalışır. 2(032)-548/2024 saylı mülki işdə cavabdehin vəkili tərəfindən verilən müqavilələrdən aydın görünür ki, xx.xx.2024-cü ildə məhkəməyə müraciət etdikdən dərhal sonra, yəni xx.xx.2024-cü ildə Cavabdeh yenə də əmisiqızı X8 ilə formal olaraq kirayə müqaviləsi bağlanmışdır. X8 cavabdehin əmisiqızı olduğunu şəxsən Cavabdeh özü 2(032)-1378/2022 saylı mülki iclasında etiraf etmişdir. Cavabdeh bildirir ki, guya qalmağa evi yoxdur, kirayədə qalır. Cavabdeh məhkəmənin fikrini yanıltmaq istəyir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-96/2019 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X10 cavabdeh İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1378/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli 05 avqust 2022-ci ildən hesablanmaqla Cavabdeh hər ay bir uşağa 90 manat, iki uşağa görə 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2837/2022 saylı qətnaməsi ilə iddiaçı X11 cavabdeh Şirvan şəhər Polis Şöbəsinə qarşı “Cavabdeh Şirvan şəhəri ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmiş, üçüncü şəxs Cavabdeh Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 588 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Şirvan şəhər Polis şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-20/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı (İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət (xx.xx.2021-ci il tarixə ödəniləcək icarə haqqı daxil olmaq şərti ilə) 1300 manat pul tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********803600 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı vergi orqanında vergi ödəyicisi kimi xx.xx.2014-cü il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmış və xx.xx.2016-cı il tarixdən vergi uçotu ləğv edilmişdir. 02 mart 2024-cü il tarixli, yaşayış sahəsinin kirayəsi haqqında müqaviləsinin surətindən görünür ki, kirayə verən X2 Cavabdeh Şirvan şəhəri, M.İbrahimov küçəsi ev 73 V mənzil kirayə verilmişdir. "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank borc alana alana illik faiz dərəcəsi 21% olmaqla, 42 ay müddətinə 7485 manat məbləğində kredit vermişdir. Kreditin ödəmə cədvəlindən görünür ki, borclu hər ay 254 manat ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2026-cı il tarixə kimi ödəməlidir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. X3 məxsus “Opel Astra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək İddiaçı istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan atanın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği ümumilikdə 80 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1200 manat (80x12=960) müəyyən edildilməklə iddianın qiyməti manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(032)-1378/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar