Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-565/2025 23.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1560 manat dəyərində 585 əyyarlı qızıl qarnitur dəsti (sırğa, üzük, sep və qolbaq) qızıl-zinət əşyalarının, onlar olmadığı təqdirdə qimətləndirilən əmlak üzrə dəyərini və ödənilmiş dövlət rüsumunun alnaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy etməklə nikahları Şirvan şəhər Qeydiyat şöbəsi tərəfindən xx.xx.2022-ci ildə, 204 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X4 adlı bir övladları anadan olmuşdur. Övladı hazırda onun himayəsindədir. Cavabdehlə ailə qurduqdan 5-6 ay sonra nikah münasibətləri cavabdehin hərəkətləri nəticəsində pozulmuşdur. 2022-ci ilin may ayında qız toyu olmaqla 1560 manat dəyərində 585 əyyarlı qızıl qarnitur dəsti (sırğa, üzük, sep və qolbaq) hədiyyə edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə nikahları qeydə alınmış, xx.xx.2022-ci il tarixdə el adəti ilə oğlan toyu Şirvan şəhərində yerləşən Tural şadlıq sarayında keçirilmişdir. Toy mərasiminin sonunda cavabdeh gəlin gəldikləri evdə ona qızıl əşyalarının bir neçə günlük bacısının yoldaşı olan X6 vermək üçün ondan almışdır. Lakin bir neçə gün sonra cavabdehdən qızıllarını tələb etmişdir. Nikah münasibətləri dövründə cavabdehin qanunsuz əməlləri (oğurluq) nəticəsində ailələrində dəfələrlə söz-söhbət olmuş, onun adına olan əmək haqqı kartını tələb etməklə adına kredit götürülməsi tələb edilmişdir. Bu hadisələr nəticəsində cavabdeh barəsində CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı olmuşdur. Şirvan şəhər Məhkəməsinin 1(032)-292/2022 saylı iş üzrə ailəsinin qorunub saxlanması məqsədi ilə barışıq etmişdir. Cavabdehin qanunsuz əməllərinə son qoyulmaması nəticəsində hazırda CM-nin 177-ci maddəsi ilə həbsdədir. Cavabdeh qızılları Əvəz Rəcəbov tərəfindən qaytarılmadığını bildirmişdir. Yaxın günlərdə ona məlum olmuşdur ki, cavabdeh qızılları Əvəzdən almaqla pul lazım olduğundan girov qoymuşdur. Hazırda cehiz əmlakını başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia tələbində qeyd etdiyi qızıl-zinət əşyaları onun tərəfindən alınmış, özünə məxsus torpaq sahəsini sataraq həmin qızıl-zinət əşyalarına 1200 manat pul vermişdir. Qızıl-zinət əşyalarının dəyəri nə iddiaçının, nə də ki mütəxəsəssis rəyinin qeyd etdiyi məbləğdə deyildir. Qeyd edilənlərə əsasən iddiaçının iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı CÇM-də cəza cəkir. Məhkəmənin müvafiq sorğusuna əsasən həmin X7 iddia ərizəsinin surəti göndərilmişdir. Cavabdeh oğu məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı qızılzinət tələbinə dair iddia ərizəsini qəbul etmir, qızılı özü almış və İddiaçı səhhəti ilə bağlı lombard deyilən kredit evi kimi fəaliyyət göstərən yerə girov qoyub 500 manat pul götürmüşdür. Yoldaşı İddiaçı müalicəsinə xərcləmiş, ona alınan iki ədəd üzük 900 manat dəyərində X8 tərəfindən istənilmiş və qonşusu Gülnarəyə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 izahatında bildirmişdir ki, Xəyalə onun qonşusudur. Xəyalənin Tural şadlıq evində keçirilən toy məclisində ailə üzvləri ilə birlikdə iştirak etmiş, toy mərasimi qurtardıqdan sonra Xəyalə ilə birgə onların evinə kömək üçün getmişdir. Həyətdə olan zaman Ehtibar gətirib qızılları ona verərək bacısının yoldaşı Əvəzin gələcəyini, qızılları ona verməyini demişdir. Daha sonra Əvəz gəlmiş, o da həmin qızılları Əvəzə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 izahatında bildirdi ki, Xəyalə qaynı Ehtibarın keçmiş həyat yoldaşıdır. Ehtibar isə onun yoldaşının qardaşıdır. Ehtibarla Xəyalənin toy mərasimi Tural şadlıq evində keçirilmişdir. Toy qutardıqdan sonra götürülən ərzaq mallarının pulundan borclu qaldıqları üçün şadlıq evindən gəlinlə bəyin getməsinə icazə vermirdilər. Aralarında danışıqlar oldu ki, gəlinlə bəy getsinlər, məsələni yoluna qoyarlar. Həmin vaxt gəlin və bəylə Gülnarə adlı xanım da getmişdir. Sonra borcu necə ödəyəcəkləri barədə Ehtibarla danışmışlar. Həmin borc təxminən 1000 manat məbləğində idi. Gedib sələmə pul götürmək istəmiş, lakin həmin şəxs onları tanımadığı üçün qızıl istəmiş, o da Ehtibarla danışmış, o isə qızıl-zinət əşyası verməyə razı olduğunu, gəlib ondan götürməsini bildirmişdir. Daha sonra Ehtibargilin yaşadıqları binaya gələrək Gülnarədən qızılları götürmüş, sələmələ pul verən şəxsə vermişdir. Sonra Ehtibar özü pulu ödəyərək, qızılları götürmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, SV0169624-2022 nömrəli çərçivə kredit və girov müqaviləsi, habelə onun əlavəsi olan kredit və girov müqaviləsi üzrə girov biletinin surətindən görünür ki, Cavabdeh tərəfindən 445.50 manat dəyərində 585 əyyarlı qızıl qarnitur dəsti (sırğa, üzük, sep və qolbaq) qızıl-zinət əşyaları "xxxx" ASC-nin Şirvan filialına girov qoyulmuşdur. İş materiallarında olan Şirvan ticarət mərkəzinin qızıl satışı sektorunda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan, fərdi sahibkar və qızıl-zinət əşyalarının qiymətləndiricisi X5 tərəfindən tərtib edilmiş 07 fevral 2025-ci il tarixli qiymətləndirmə aktında qeyd edilmişdir ki, Şirvan şəhəri Neftçilər küçəsi ev 58-də qeydiyyatda olan İddiaçı bildirdiyi və təqdim etdiyi foto şəkillərdə ona toy hədiyyəsi verilən qızıl-zinət əşyalarının qiyməti Bakı istehsalı 585 əyarlı qarnitur dəsti (sırğa, üzü, sep, qolbaq) təxmini çəkisi 12.5 qr qiyməti 1560 manatdır. Şirvan şəhər Məhkəməsinin 1(032)-244/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 03 (üç) gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 11 (on bir ) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. "xxxx" ASC-nin Şirvan şəhər filialının direktoru Şöhrət Məmmədov tərəfindən məhkəməyə ünvanlanmış məlumatdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 1 ədəd qarnitur dəsti 8.10 qram girov predmeti olaraq təqdim edərək kredit götürmək üçün "xxxx" ASC-nin Şirvan filialına müraciət etmişdir və "xxxx" ASC ilə Cavabdeh arasında 24 noyabr 2022-ci il tarixində SV0169624-2022 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müştəriyə 500 manat 15 aylıq müddətinə, bitmə tarixi xx.xx.2024-cü il kredit rəsmiləşdirilmişdir. Müştəri qeyd olunmuş kredit üzrə xx.xx.2023-cü il tarixində 49.80 manat ödəniş etmişdir. Bundan sonra müştəri tərəfindən heç bir ödəniş daxil olmamışdır. Müştəriyə filialı tərəfindən dəfələrlə məlumat xarakterli zəng olunmuş və xəbərdarlıq məktubu göndərilərək rəsmi şəkildə qızılların satılacağı barədə məlumat verilmişdir. Buna baxmayaraq müştəri ödəniş olunması ilə bağlı heç bir tədbir görməmişdir və 113 gün gecikmə günü yarandığı üçün xx.xx.2023-cü il tarixində müştərinin qızılları satışa gedərək borcu ödənilmiş və kredit müqaviləsi bitmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-531/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 204 nömrə ilə qeydə alınmış nikah pozulması, birgə nikahdan xx.xx.2023-cü ildə anadan olmuş X4 iddiaçının (anasının) - İddiaçı yanında saxlanılması, Cavabdeh 06 fevral 2025-ci il tarixdən başlayaraq birgə nikahdan xx.xx.2023-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 19 avqust 2025-ci il tarixli, UNİ/A-58-496/25 nömrəli mütəxəssis rəyindən görünür ki, 1 ədəd əyarı 585 əyarlı, 20 qram olan qızıl qarniturun (sırğa, üzük, sep, qolbaq) hazırki vaxta bazar dəyəri 2200 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən göründüyü kimi nikah münasibətləri zamanı nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Həmin maddədən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddianın təmin edilməsi üçün iddiaçı tələb etdiyi əmlakın mövcudluğunu, birgə nikah dövründə əldə edildiyi və ya hədiyyə edildiyini, həmçinin tələb olunan qızıl-zinət əşyalarının hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu, habelə ona göstərilən məbləğdə maddi zərər vurulduğunu sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi verilmiş olan iddia tələbi üzrə müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Sübut hesab olunacaq məlumatlar sırasında isə şahidlərin ifadələri, işdə iştirak edən şəxslərin izahatları əsas götürülə bilər. Məhkəmə ilkin olaraq iddiaçı tərəfin iddia etmiş olduğu qızıl-zinət əşyalarına münasibətdə qeyd edir ki, məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfin verimiş olduğu izahatlarından iddianın predmetini təşkil edən qızıl-zinət əşyalarının mövcudluğu və iddiaçıya hədiyə olaraq verilmiş olduğu tərəflərin izahatı ilə müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfin və şahid qismində dindirilmiş şəxslərin izahatları ilə mübahisə predmeti olan əmlakın iddiaçının iradəsinə zidd olaraq ondan alınmış olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 585 əyyarlı qızıl qarnitur dəsti (sırğa, üzük, sep və qolbaq) qızıl-zinət əşyalarının cavabdehdən tələb olunması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 585 əyyarlı qızıl qarnitur dəsti (sırğa, üzük, sep və qolbaq) qızıl-zinət əşyalarının olmadığı təqdirdə dəyərinin cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən qızıl-zinət əşyalarının dəyəri 1560 manat dəyərləndirilmişdir. Həmin dəyər cavabdeh tərəfindən mübahisələndirildiyindən iş üzrə mütəxəssis rəyi alınmış və mütəxəssis rəyinə əsasən qızıl-zinət əşyalarının dəyəri 2200 manat müəyyənləşdirilmişdir. Tərəflər arsında nikahın 2022-ci il tarixdə bağlanmış olmasını, hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edilmiş olmasını və mütəxəssis rəyində qızıl-zinət əşyalarının dəyərinin 2025-ci il tarixə müəyyənləşdirilmiş olmasını, qızıl-zinət əşyaları üzrə dəyər artımın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının dəyəri ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş qiymət ağlabatandır. Eyni zamanda məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş mübahisə predmetinə daxil olan 585 əyarlı, çəkisi 12.5 qram olan qarnitur dəsti (sırğa, üzük, sep və qolbaq) olan qızıl-zinət əşyalarının dəyəri iddiaçı tərəfindən təqdim edilmiş 07 fevral 2025ci il tarixli qiymətləndirmə aktını əsas götürməklə 1560 manat məbləğində qiymətləndirilməsi daha ağlabatan və ədalətli hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 585 əyarlı, çəkisi 12.5 qram olan qarnitur dəsti (sırğa, üzük, sep və qolbaq) olmadıqda onların pul dəyəri olaraq 1560 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 36.60 (otuz altı manat altmış qəpik) manat məbləğində rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, həmçinin qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 585 əyarlı, çəkisi 12.5 qram olan qarnitur dəsti (sırğa, üzük, sep və qolbaq), olmadıqda onların pul dəyəri olaraq 1560 manat və ödənilmiş 36.60 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ37NABZ********************, KOD: 201296; SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-565/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-565/2025
23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver