Məhkəmə qərarları › İş №2(032)-594/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-594/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-594/2024 13.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikah münasibətlərini 26 iyul 2020-ci il tarixdə, Şirvan şəhər Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri kəskinləşdiyindən xx.xx.2023-cü il tarixdən etibarən valideyinlərinin himayəsindədir. Bu müddət ərzində Cavabdeh övladının saxlanması ilə əlaqədar maddi cəhətdən köməklik göstərmədiyindən, aliment məbləğinin tutulması ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən mediatora müraciət etdi. Mediasiya prosesində cavabdeh iştirak etmədiyindən mediasiya prosesinin keçirilməsindən imtina edilmişdir. Uşaq hazırda ananın himayəsindədir. Uşağın saxlanılmasında çox çətinliklər çəkir. Bu səbəbdən aliment tələbi ilə məhkəməyə müracət etmək məcburiyyətindədir. Xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat aparmadığından uşağın saxlanmasında çətinlik çəkir. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Cavabdeh ilə ümumiyyətlə maraqlanmır və uşağın saxlanması üçün heç bir zəruri maddi yardım göstərmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özüm çəkir. Heç bir yerdə işləmir. Hazırda valideyinlərinin maddi və mənəvi dəstəyi ilə övladını saxlayır. Böyüdükcə uşağın qayğı ehtiyac və tələbatı artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Heç bir yerdə işləmir və başqa gəlir yeri yoxdur. Ona görə də uşağın saxlanmasında maddi çətinliklər çəkir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə rəsmi nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Sonradan iddiaçının günahı ucbatından ailə münasibətləri pozulduğundan faktiki ayrılmışlar. İddiaçı evdən çıxıb gedərkən uşağı da özü ilə götürüb aparmışdır. İddiaçı ərizəsində göstərmişdir ki, guya uşaqla maraqlanmir və uşağın qayğısına qalmır. Amma hakbuki, o, mütəmadi olaraq uşağı ilə maraqlanaraq, onunla görüşüb qayğısına qalmaq istəyir. Lakin iddiaçı buna imkan vermir və uşaqla ünsiyyətinə, uşaqla görüşüb qayğısına qalmağına maneçilik törədir. Hər dəfə ondan şikayat edəcəyini bildirir. İddiaçını yalnız pul maraqlandırır, uşağı saxlamaq deyil. İddiaçı anasının təhriki ilə heç bir səbəb olmadan ayrılıb getmişdir. Evlilik dönəmində iddiaçıya və uşağa qarşı çox yaxşı olsa da, lakin iddiaçının onun deyil, anasının sözünü tutması ailə münasibətlərini pozmuşdur. Hazırda işləyir və hər ay 650 manat məbləğində əmək haqqı alır. Əmək haqqı stabil və dəyişilməzdir. Əmək haqqının ¼ hissasi isə 162 manat təşkil edir. Hazırda uşağın saxlanılmasından ötrü iddiaçıya yalnız hər ay 170 manat sabit pul məbləğində aliment ödəyə bilər. Çünki atası onkoloji xəstə və 1-ci qrup əlildir. Onun himayəsindədir və atasının bütün müayinə və müalicə xərcləridə onun öhdəsindədir. Belə olan halda isə uşağın saxlanılmasından ötrü iddiaçıya hər ay 235 manat sabit pul məbləğində aliment ödəməyə qətiyyən maddi imkanım yoxdur. Odur ki, ondan tutulacaq alimentin məbləğinin hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını araşdırıb, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı bir övladımız anadan olmuşdur. AZEMİS elektron portaldan çıxarışdan məlum olur ki, Cavabdeh "xxxx" QSC-də inspektor vəzifəsində işləyir və aylıq əmək haqqı 730 manat təşkil edir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhməkəyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3cü maddəsinə əsasən uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Göründüyü kimi adı çəkilən Beynəlxalq konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının tələbini, tərəflərin maddi vəziyyətini, azyaşlı uşağın mənafeyini, yaşını, mövcud ola biləcək maddi tələbatını, iddiaçı ananın hazırda azyaşlı uşağa qulluq göstərdiyinə görə işləməməsini, cavabdeh atanın aylıq məvacibini nəzərə alır və belə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 185 (bir yüz səksən beş) manat alimentin tutulması məqsədəmüvafiqdir. Məhkəmə alimentin məbləğini müəyyən edərkən işin hallarını, tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini nəzərə alır və belə hesab edir ki, iddia qismən təmin edilməli, birgə nikahlarından anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla xx.xx.1992-ci ildə anadan olmuş və Salyan rayonu, Qaraçala qəsəbəsi, Çadırlı kəndində yaşayan Cavabdeh hər ay uşağa görə 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə qəbul edildikdən dərhal sonra icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdehdən dövlət nəfinə alınmalıdır. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq cavabdehdən 41 manat 0.6 qəpik dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla xx.xx.1992-ci ildə anadan olmuş və Salyan rayonu, Qaraçala qəsəbəsi, Çadırlı kəndində yaşayan Cavabdeh hər ay uşağa görə 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə qəbul edildikdən darhal sonra icra olunsun. Tərəflərə izah olunsun ki, qətnamədən şikayətin verilməsi aliment hissəsində icrasını dayandırmır. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul cavabdehdən alınaraq iddiaçıya, dövlət rüsumu kimi 42 manat 0.2 qəpik pul isə dövlət nəfinə keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar