Məhkəmə qərarları › İş №2(032)-815/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-815/2025

13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-815/2025 13.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 246 manat olmaqla, cəmi 492 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. Sonradan cavabdehlə ailə münasibətləri pozulduğundan Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1056/2024 nömrəli qətnaməsi ilə və hər iki uşağın onun himayəsində saxlanılması qət edilmişdir. Rəsmi nikahlarından olan uşaqla hazırda onunla yaşayırlar. Cavabdeh rəsmi nikahımızdan doğulmuş uşaqların maddi təminatının ödənilməsinə köməklik göstərmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, tutulmalardan sonra əmək haqqı 450 manat təşkil edir. Həmin əmək haqqının ümumilkdə 250 manatı aliment olaraq ödəməyə razıdır. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-1056/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X8 arasında Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanılmış 16 aprel 2012-ci il tarixdə, 159 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 anası – X4 himayəsində saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsində qeydiyyaçı vəzifəsində işləyir aylıq əmək haqqı 568,50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində satıcı vəzifəsində işləyir aylıq əmək haqqı 500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Sabirabad 1 saylı Mediasiya təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024-01080 nömrəli barışıq sazişinin surətində qeyd edilmişdir ki, “ 1.Mən X1 Mirzəağa Teyyub oğlu ilə birgə nikahımızdan anadan olmuş, xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2017-ci il tarixdə X5 ilə atası Cavabdeh istənilən vaxt telefonla danışmasına heç bir manə törətməyəcəyimə şərait yaradacağım barədə öz üzərimə öhdəlik götürürəm. Mənim himayəmdə olduğu müddət ərzində övladlarım xx.xx.2013-cü il tarixdə X7, xx.xx.2017-ci il tarixdə X5 ilə ataları Cavabdeh hər 6-cı gün ünsiyyət saxlaya bilər və 6-cı gün uşaqlarla ünsiyyət hər hansısa bir səbəbdən yaratmaq mümkün olmayan halda başqa günə ataları dəyişə bilər. Uşaqlarla ataları Cavabdeh ilə bu görüşün baş tutmasına heç bir maneəçilik törətməyəcəm. Könüllü olaraq razılıq verirəm. Başqa heç bir iddiam və tələbim yoxdur. Mən Cavabdeh övladlarımızın saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2013-cü il tarixdə X7, xx.xx.2017-ci il tarixdə X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa 100 manat sabit pul məbləğində olmaqla, cəmi 200 manat aliment hər ayın 10-dək X6 verməyi öz öhdəliyimə götürürəm. Başqa heç bir iddia və tələbim yoxdur.” Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə iddiaçının iddia cavabdehdən alimentin tutulması tələbinə qiymət verərək hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı uşaqların saxlanılması üçün hər ay 246 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin işin faktiki hallarından göründüyü kimi cavabadeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində satıcı vəzifəsində işləyir aylıq əmək haqqı 500 manat təşkil edir. Eyni zamanda cavabdeh iddia tələbini qismən qəbul edərək hər ay əmək haqqının ümumilikdə 250 manat (hər uşağa 125 manat) məbləğində aliment ödəməyə imkanı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə yuxarıda qeyd edilənləri, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq aliment ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməklə tutulmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına yeni əlavə edilmiş 8.4-1-ci yarımbəndə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğini və hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 160x12=1920 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 58,40 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 58,40 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 mart 2025-ci il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay (2025-ci il tarixə) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0.40 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 58,40 (əlli səkkiz manat qırx qəpik) dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar