Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1021/2021 01.11.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7 və Cavabdeh1 nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək iddiaçının tələbi ilə razı olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 96,9 kv.m.-dən ibarət olan fərdi yaşayış evi **********79-10301 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun mülkiyyətindədir. Həmin çıxarışda hüquq sahibi olaraq onun payı tamdır, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 07.01.2020 qeyd olunmuşdur. Bu mənzilin texniki pasportunda da hüquq subyekti onun payı tam hissə olmaqla göstərilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun evində yaşamır, onlar faktiki olaraq başqa yerdə yaşayırlar. Zaqatala rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 50 saylı 24 avqust 2021-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh2 1996-cı ildən hal-hazırki günədək Zaqatala şəhəri F.Əmirov küçəsi ev 19, mənzil 30-da yaşayır. Cavabdeh1 isə 14 ildir ki, həmin evdə yaşamır. Uşağı ilə birlikdə Zaqatala şəhəri ərazisində yaşamış və hal-hazırda fərdi yaşayış evi alaraq Zaqatala şəhərində evində yaşayır. O, hələ həyat yoldaşı Məryəm Makarovun sağlığında hər iki qızına ona və həyat yoldaşına baxmaq üçün yalvarmışdır, hətta mərhum həyat yoldaşı da bu iki qızına demişdir ki, xəstədir gəlib ona baxsınlar. Lakin cavabdehlərdən heç biri gəlib ona və mərhum həyat yoldaşına baxmamışdır. Zaqatala RİHB-nın Danaçı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 818 saylı 25 avqust 2021-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh1 hal-hazırda Danaçı kəndində yoxdur. Zaqatala RPŞ-nin məktubunda qeyd olunmuşdur ki, Cavabdeh1 və Əhmədova X1 qeydiyyatdadır. Cavabdehlər onun evində yaşamadığı halda həmin bu evdə qeydiyyatda qalmışlar. Heç bir hüquqları olmadan cavabdehlərin onun mülkiyyətində olan evdə qeydiyyatda qalmaları onun daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarını pozur. Yəni mülkiyyətçi olduğu halda əmlak üzərində sərəncam vermək hüququ pozulur. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı və onun nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdilər, iddia tələbi əsaslı olduğundan iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclası zamanı Cavabdeh1 nümayəndəsi və vəkili X13 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh1nin dediklərinə əsasən o, son 1 aya kimi hazırda mübahisələndirilən evdə yaşamışdır. Onun əşyaları hazırda həmin evdədir. Artıq 1 aydır ki, mübahisə olduğuna görə şəhərdə Dağıstan küçəsində yaşayır. Onun özünün adına evi olub-olmaması barədə məlumatı yoxdur. Ona aid hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ********** nömrə ilə 07.01.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********79-10301 nömrə ilə qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala rayon polis şöbəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli 201-20216-1221 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və Əhmədova X2 rayonu Danaçı kəndində qeydiyyatdadır. İşdə olan Zaqatala rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 50 saylı 24 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 1996-cı ildən hal-hazırki günədək Zaqatala şəhəri F.Əmirov küçəsi ev 19, mənzil 30-da yaşayır. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-1961/69 nömrəli 27 oktyabr 2021-ci il tarixli çıxarışdan görünür ki, X8 ilə X5 01 noyabr 1996-cı il tarixdə Zaqatala RİHB-nın Göyəm kəndi üzrə ərazi nümayəndəliyində nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 17 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Əhmədov”, arvad isə “Əhmədova” soyadını qəbul etmişlər. İşdə olan Zaqatala RİHB-nın Danaçı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 818 saylı 25 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 hal-hazırda Danaçı kəndində yoxdur. İşdə olan Zaqatala RİHB-nın Danaçı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 20 saylı 20 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, sonuncu dəfə 2021-ci ilin yay ayında Cavabdeh1 ata evində olmuş və həmin gün ailədə mübahisə baş vermişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1474 nömrəli 24 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Əliyeva X3 şəhəri Dağıstan küçəsi 1A saylı evdə hal-hazırda yaşayır. İşdə olan X14, X16 və X12 ilə Cavabdeh1 arasında 01 sentyabr 2020-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə 4Ə-1283 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı olan X14, X16 və X12 tərəfindən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış onlara məxsus ümumi sahəsi 0,0257 ha olan torpaq sahəsi və ümumi sahəsi 140,7 kv.m. olan fərdi yaşayış evi 30000 manata Cavabdeh1 satılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 2156 nömrəli 27 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Zaqatala şəhəri Dağıstan küçəsi ünvanında yerləşən 1a saylı fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə 03 may 2021-ci il tarixində 39 saylı reyestr kitabının 41-ci səhifəsində tam mülkiyyət üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evi Zaqatala 2 saylı notariat ofisinin 01 sentyabr 2020ci il tarixli 4Ə-1283 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən rəsmiləşdirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı qızları-Cavabdeh1 və Əhmədova X2 rayonu Danaçı kəndində iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadır. Onlardan Cavabdeh2 1996-cı ildən ailə quraraq həmin evdən çıxmaqla hal-hazırki günədək Zaqatala şəhəri F.Əmirov küçəsi ev 19, mənzil 30-da yaşayır. Cavabdeh1 isə 2021-ci ilin yay aylarından həmin evdən çıxmaqla özünün mülkiyyətində olan ünvan 2 ünvanında yaşayır. Cavabdehlər hazırda da mübahisələndirilən evdə yaşamırlar. İşin bu faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərlə və tərəflərin izahatı ilə də təsdiq olunur. İddiaçı, cavabdehlərin ona məxsus olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin məhkəmədə müəyyən edilmiş hallarından isə görünür ki, Cavabdeh2 1996-cı ildən ailə quraraq həmin evdən çıxmaqla hal-hazırki günədək Zaqatala şəhəri F.Əmirov küçəsi ev 19, mənzil 30-da yaşayır. Göründüyü kimi, 1996-cı il tarixdən Cavabdeh2 mübahisələndirilən evdə yaşamır. Azərbaycan SSR-in 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsindən görünür ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Göstərilən Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, Azərbaycan Respublikasının mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində cavabdehin istifadə hüququnun itirilməsi üçün konkret əsas müəyyən olunmuşdur. Həmin əsas isə ondan ibarətdir ki, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Hazırki iş üzrə isə müəyyən olunur ki, Cavabdeh2 1996-cı ildən ailə quraraq həmin evdən çıxmaqla daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Bununla da, onun istifadə hüququ itirilmişdir. Digər Cavabdeh1 münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququndan bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. İşdən də görünür ki, Cavabdeh1 2021-ci ilin yay aylarından mübahisələndirilən evdən çıxmaqla özünün mülkiyyətində olan ünvan 2 ünvanında yaşayır. Mübahisələndirilən evdən çıxmaqla daimi yaşamaq üçün alqı-satqı müqaviləsi əsasında əldə etdiyi başqa yaşayış yerinə köçmüşdür. Bununla da, onun istifadə hüququ itirilmişdir. Beləliklə şərh olunanlardan göründüyü kimi cavabdehlərin mübahisəli evdə qeydiyyatda olması mülkiyyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Ona görə də məhkəmə iddiaçının mülkiyyət hüquqlarını müdafiə etməklə, cavabdehin evdən istifadə hüququnun olmamasının müəyyən edilməsini əsaslı hesab edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehlərin həqiqətən də evdən istifadə hüququ itirilmişdir. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehlərin evdən istifadə hüququnun olmadığını iddia edir. İşdən də görünür ki, fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestr xidmətində rəsmiləşdirməklə qeydiyyata almışdır. Cavabdehlər isə həmin evdən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehlərin evdə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 (on) manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-1021/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1021/2021
01.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver