Məhkəmə qərarları › İş №2(103)-3605/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3605/2022

10.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3605/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə müqavilə ilə ona verilməli olan 31 kv.m mənzilin iddiaçıya verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ilin yaz aylarında Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətindən ona ünvan 1 ünvanda yerləşən 4 mərtəbəli bina pilot layihə əsasında söküldüyü üçün həmin binanın həyətində yerləşən həyət tipli evlər də söküntüyə getdiyi bildirilmişdir. Bundan sonra Nərimanov rayon İcra Hakimiyyətinin 16 aprel 2019-cu il tarixli 109 nömrəli sərəncamına əsasən Cavabdeh MMC-nin nümayəndələri onunla görüşərək sökülmüş evin əvəzinə ona və ailəsinə sökülmüş evin yerində inşa ediləcək binada 1 otaqlı təmirsız 31 saylı mənzilin verilməsini təklif etmişlər. İddiaçı tərəfindən cavabdehin nümayəndələrinə ailəsi ilə birgə yaşadığı 3 otaqlı 48 kv.m-lik evin və həmin evin yerləşdiyi torpaq sahəsinin əvəzinə ona 1 otaqlı və həm də təmirsız mənzilin təklif olunmasına etiraz edilsə də, onlar tərəfindən iddiaçıya yaşadığı həyət evinə və onun yerləşdiyi torpağa mülkiyyət hüququnu təsdiq edən sənədə malik olmaması səbəbindən ona və ailəsinə yalnız həmin 1 otaqlı 31 m2 -lik təmirsiz mənzili verə biləcəklərini bildirərək iddiaçıya təzyiq göstərmişlər. Bu səbəbdən əlacsız qalıb, cavabdehin nümayəndələrinin ona təqdim etdikləri müqaviləni imzalamışdır. 2019cu ilin avqust ayında evindən məcburi qayda çıxmalı olmuş və həyət tipli evi sökülmüşdür. O zamandan ailəsi ilə birgə kirayədə qalaraq hər ay 400 manat ödəyir. Cavabdeh ilə imzaladığı müqaviləyə əsasən ona hər ay cavabdeh tərəfindən kirayə haqqının ödənilməsində köməklik göstərəcəyini vəd etsə də, bu günədək ona bu məqsədlə heç bir vəsait ödənməmiş və bunu həmin müqavilədə guya iddiaçının kirayə ödənişlərindən imina etməsi ilə razılaşması ilə əsaslandırmışdır. İddiaçı hüquqşünas olmadığına görə müqavilədə yazılan bütün müddəaları başa düşməmiş, lakin müqavilənin mətnində bir-birilə ziddiyyət təşkil edən müddəaların (müqavilənin 2.1.2-ci və 2.2.3-cü bəndləri) mövcudluğu cavabdehin bu məsələdə də onun hüquqlarını pozduğunu göstərir. 2019-cu ilin 25 dekabr tarixində cavabdeh iddiaçıya 042 nömrəli məktub göndərərək artıq sökdükləri evinin əvəzinə onunla imzalanmış müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş və bunu həmin sökülmüş evi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərə malik olmaması ilə əsaslandırmağa cəhd etmişdir. Halbuki, cavabdeh onu və ailəsini fərdi yaşayış evindən çıxarmaq üçün onun həmin müqaviləni imzalamalı olmağını məhz onunla əsaslandırmışdır ki, onun yaşadığı evə mülkiyyət hüququ yoxdur. Müqavilə imzalanmazdan öncə cavabdehin onun yaşadığı fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərə malik olmadığını bilməsinə dəlalət edən daha bir məqam isə fərdi yaşayış evinin yaxınlığında mövcud olan və cavabdeh ilə imzaladıqları müqavilə əsasında köçürülən qonşularına, o cümlədən də bacısı X1 təklif olunan müqavilə şərtlərinin onlar üçün ona təklif olunan şərtlərdən dəfələrlə daha əlverişli olmasıdır. Cavabdehlə aralarında bağlanmış müqaviləni məhkəmədə mübahisələndirərək, kompensasiyanın, kirayə haqqının və mənəvi ziyanın tələbi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-201/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəmə tərəfindən qəbul edilən qətnamədə ona müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdehin bu hərəkərindən Nərimanov rayonunun İcra Hakimiyyətinə dəfələrlə şikayət etsə də, istənilən nəticə əldə olunmamış, Rayon İcra Hakimiyyəti başçısı müavininin imzası ilə ona göndərilmiş 04 fevral 2020-ci il tarixli Q-4, Q-4/2, Q4/3, Q-4/4, Q-4/5 nömrəli cavab məktubunda ona aşağıdakılar bildirilmişdir: “Aparılmış araşdırmaya və əldə etdiyimiz məlumata əsasən, nəzərinizə çatdırırıq ki, köçürülmə ərazisinə düşən evinizin əvəzləndirilməsi üçün Sizinlə “RR Constructions'' MMC tikinti şirkəti arasında qarşılıqlı razılaşma əsasında xx.xx.2019-cu il tarixli K/H-004 №-li müqavilə bağlanmışdlr. Cavabdeh tərəfindən onlara məxsus olan fərdi yaşayış evinin hansısa razılıq, yaxud məhkəmə qərarı olmadan sökülməsi bizi gələcəkdə yaranacaq hüquqlarından məhrum etmişdir. Alınan torpaq sahəsinin, üzərindəki tikililərlə birlikdə 150.000 manata qədər dəyəri var. Belə ki, 60 kv.m torpaq sahəsində 48 kv.m fərdi yaşayış evi cavabdeh tərəfindən sökülmüşdür. Beləliklə, istifadədə olan torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin real bazar qiymətinin müəyyən edilməsi üçün alqı-satqı məntəqələrinə müraciət etmiş və onlar tərəfindən verilmiş “Daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə Arayışına əsasən, mübahisəli ünvanda yerləşmiş daşınmaz əmlakının ümumi qiyməti 150.000 manat müəyyən edilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən hüquqları pozulmuş, onunla qanunsuz olaraq 31 kv.m sahəsi olan 1 otaqlı mənzilə dair müqavilə öhdəliklərinə belə riayət olunmur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 389/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H-004 saylı müqavilə üzrə 1 otaqlı 31 kv.metr təmirsiz mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış sazişin bəndlərindən göründüyü kimi, İddiaçı razılaşır ki, Cavabdeh MMC tərəfindən ona veriləcək 20.400 manat pulun əvəzində o, xx.xx.2019-cu il tarixdə bağlanılmış K/H 004 saylı müqavilədə nəzərdə tutulmuş mənzildən imtina edir. İddiaçı Cavabdeh MMC-dən 20.400 manat pulu qəbul etməklə və onu indiyə qədər geri qaytarmamaqla Mülki Məcəlləyə əsasən Cavabdeh MMC tərəfindən ona ünvanlanan ofertanı aksept etmiş və bununla da müqavilənin şərtlərinin dəyişdirilməsinə ( və ya onun yenisi ilə əvəz edilməsinə) razılıq vermişdir. Xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmçnin, apellyasiya məhkəməsinin tərəflər arasında bağlanılmış sazişin təsdiq etməməsi müqavilənin şərtlərinin dəyişdirlməsi haqqında razılaşmanın legitimliyinə məhdudiyyət yaratmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi tərəflər arasında bağlanılmış saziş əsas müqaviləyə uyğun formada bağlanaraq tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir, bu isə o deməkdir ki, qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət olunduğundan məhkəmə təsdiqinə zərurət yoxdur. Nərimanov Rayon Məhkəməsi işin hallarına uyğun olaraq tərəflərin münasibətlərini, onlar arasında bağlanmış əqdin mahiyyətini düzgün qiymətləndirməmiş və bununla da, işin hallarına uyğun olmayaraq qətnamə qəbul etmişdir. Bundan başqa,xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı tərəflər arasında bağlanılmış barışıq sazişində göstərilən 20.400 manat pulu aldığını etiraf etsə də, bu mühüm fakt öz əksini məhkəmə iclas protokolunda tapmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı (mülkiyyətçi) arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H004 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, Cavabdeh adlanacaq ünvan 2 ünvanda yerləşən, Nərimanov Rayon İcra hakimiyyəti xx.xx.2019-cu il tarixli, 10 saylı sərəncamına əsasən qəzalı və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binada mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilin əvəzinə 1 otaqlı, təmirsiz 31 kv.metr mənzili “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür (1.1-ci bənd). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdehnə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (1.2-ci bənd). Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə veriləcək kirayə haqqından imtina edir (2.1.2-ci bənd). Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 (on səkkiz) ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək Cavabdeh vəzifəsidir (2.2.4-cü bənd). İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdə (pretenziya məktubuna) MMC xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə ilkin və əsas müqavilənin bağlanması üçün sənədlərin əslinin təqdim olunmaması əsası ilə aralarında bağlanmış müqavilənin ləğv ediləcəyi barədə sonuncunu xəbərdar etmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 201/2021 nömrəli 01 mart 2021-ci il tarixli Qətnaməsinin surətinə əsasən İddiaçı cavabdeh "RR Construction” MMC-yə qarşı "kompensasiyanın, kirayə xərclərinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(103)-5699/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 201/2021 nömrəli 01 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 5699/2021 nömrəli qətnaməsində göstərilmişlir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada göstərilən 3 hərəkətdən birini etmək imkanı var: 1) müqaviləni mübahisələndirmək; 2) müqavilənin ləğvini tələb etmək; 3) müqavilə öhdəliklərinin icrasını tələb etmək. Lakin iddiaçı bunların heç birini etməyib. Müqavilə öhdəlik yaradır, müqavilə qüvvədə olduğuna görə hazırkı iddianın təmin edilməsi Mülki Məcəllənin 425.1-ci maddəsinə görə mümkün deyil. Həmin maddədən görünür ki, tərəflərin hər biri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, iddiaçı (İddiaçı) aşağıda qeyd edilən iddia tələblərindən imtina edir və Nərimanov Rayon Məhkəməsinin 2(005)-201/2021 №-li iş üzrə qəbul etdiyi 01 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini geri götürür: 1.1.ünvan 4 ünvanında yerləşmiş, hüquq müəyyənedici sənədləri olmayan evin sökülməsinə və hüquq müəyyənedici sənədləri olmadan istifadə edilmiş torpaq sahəsinə görə - 180.000 (bir yüz səksən min) manat məbləğində tələbdən imtina edir; 1.2. 4800 (dörd min səkkiz yüz) manat məbləğində kirayə xərclərinin ödənilməsi ələbindən imtina edir; 1.3 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin ödənilməsi tələbindən imtina edir; 1.4. 1000 (bir min) manat məbləğində hüquqi yardımla bağlı xərcin ödənilməsi tələbindən imtina edir; 1.5. 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi tələbindən imtina edir. 2.İddiaçının bu Barışıq sazişinin 1 bəndində göstərilmiş tələblərdən imtina etməsi şərtilə, Cavabdeh İddiaçıya nağd şəkildə, bir dəfəyə 20400 (iyirmi min dörd yüz) manat məbləğində pul vəsaiti ödəyir. 3. Tərəflər razılığa gəlirlər ki, ünvan 4 ünvanında, hüquq müəyyənedici sənəd olmadan İddiaçının sərəncamında olmuş ev, torpaq sahəsi, kirayə haqqları, mənəvi zərər, məhkəmə xərclərilə bağlı İddiaçının Cavabdehə qarşı heç bir tələbi qalmamışdır və İddiaçı gələcəkdə belə tələblərlə bağlı məhkəməyə müraciət etməyəcəkdir. 4. Cavabdeh öhdəsinə götürür ki, ünvan 4 ünvanında qeydiyyatda olmuş və ya olmamış ailə üzvlərindən heç bir kəs ünvan 4 ünvanında, hüquq müəyyənedici sənəd olmadan İddiaçının sərəncamında olmuş ev, torpaq sahəsi, kirayə haqqları, mənəvi zərər, məhkəmə xərclərilə bağlı Cavabdehə qarşı heç bir tələb irəli sürməyəcəkdir. 5. Tərəflər razılığa gəlirlər ki, bu Barışıq sazişinin qüvvəyə minməsilə, onlar arasında bağlanmış 20 avqust 2019-cu il tarixli K/H-004 №-li müqaviləyə xitam verilir (tərəflərin qarşılıqlı razılaşması əsasında). Qeyd olunan barışıq sazişi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5699/2021 saylı mülki işi üzrə məhkəmə kollegiyası tərəfindən təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 20 avqust 2019-cu il tarixli K/H-004 nömrəli müqaviləyə əsasən Cavabdeh ünvan 5 ünvanda yerləşən və yaşayış üçün qəzalı vəziyyətdə olan binada iddiaçı şəxsin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilin sökülərək əvəzində həmin ərazidə inşa olunan binada 1 otaqlı, təmirsiz 31 kv.metr mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsində irəli sürdüyü tələblər məhkəmə araşdırmasında öz təsdiqini tapdığından, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H-004 nömrəli müqavilə üzrə öhdəliyin icrası təmin olunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onu əsaslı hesab edir. Belə ki, iddiaçının sökülmüş yaşayış yerinin əvəzinə ona 1 otaqlı 31 kv.metr təmirsiz mənzilin verilməsi öhdəliyini Cavabdeh qeyd olunan müqavilə üzrə öz üzərinə götürmüşdür. Lakin müqavilə öhdəliyinin yerinə yetirilməsi üçün müəyyən edilmiş müddət (müqavilənin 2.2.4 bəndi), yəni 18 ay bitmiş, hazırkı vaxtadək müqavilə şərtləri cavabdeh tərəfindən pozularaq icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Cavabdehin həm iddia tələbinə etirazının, həm də apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, onlarla İddiaçı tərəflər arasında xx.xx.2021-ci il tarixli barışıq sazişi bağlanmış, həmin sazişə əsasən İddiaçı ona ödənilən 20.400 manat pulun müqabilində həm iddia tələbindən imtina etməsini, həm də müqavilə üzrə ona verilməli olan 31 kv.m sahəsi olan 1 otaqlı mənzildən imtina etmək barədə razılaşmışlar. Bundan sonra İddiaçı onlar tərəfindən ödənilmiş 20.400 manat pulu qəbul etmişdir. Belə olduğu təqdirdə, həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmiş olmasa belə, tərəflər arasında başlanmış əsas müqaviləyə uyğun bağlandığından, onun məhkəmə tərəfindən təsdiqinə ehtiyac olmamış, əslində həmin müqavilə onlar arasında bağlanmış əsas müqavilənin şərtlərinin dəyişməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır və bununla bağlı qeyd edir ki, tərəflər arasında barışıq sazişinin bağlanması, həmin barışıq sazişinə əsasən "xxxx" MMC-nin İddiaçı 20.400 manat pul verməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı apellyasiya məhkəməsində vermiş olduğu izahatında həqiqətən də, cavabdehdən bu məbləğdə pul aldığını etiraf etmişdir. Həmin məbləğdə pulun cavabdeh tərəfindən iddiaçıya verilməsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kassa məxaric orderləri ilə də təsdiq edilir. Doğrudur, iddiaçı bildirmişdir ki, cavabdehlə aralarında daha böyük məbləğdə pulun verilməsinə dair razılaşma olmuş, cavabdeh bu məbləğin bir hissəsini versə də, qalan məbləği ona ödəməkdən imtina etmiş, bu səbəbdən o, barışıq sazişini məhkəmədə imzalamaqdan imtina etmiş və sonradan almış olduğu 20.400 manat pulu MMC-nin direktoruna qaytarmışdır. Lakin iddiaçı onların arasında belə bir razılaşmanın olmasını, habelə almış olduğu 20.400 manat pulu qaytarmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin 5-ci bəndində qeyd edilmişdir ki, «tərəflər razılığa gəlirlər ki, Barışıq sazişinin qüvvəyə minməsi ilə, onlar arasında bağlanmış 20 avqust 2019-cu il tarixli K/H- 004 №-li müqaviləyə xitam verilir (tərəflərin qarşılıqlı razılaşması əsasında). Müqavilənin bu bəndindən görünür ki, tərəflər öz aralarında bağladıqları 20 avqust 2019-cu il tarixli K/H-004 №-li müqaviləyə xitam verilməsini qeyd edilən sazişin qüvvəyə minməsi ilə şərtləndirmişlər. Hazırkı halda isə müəyyən edilir ki, həmin saziş imzalansa da, sonradan məhkəmə tərəfindən təsdiq edilməmiş və qüvvəyə minməmişdir. Ona görə də bu saziş, onun iştirakçıları tərəfindən imzalansa da və sazişlə nəzərdə tutulan pul məbləği iddiaçıya ödənilsə də, tərəflərin razılaşdıqları kimi qüvvəyə minmədiyindən 20 avqust 2019-cu il tarixli K/H-004 №-li müqaviləyə xitam verilməsinə əsas vermir. Kollegiya həmçinin qeyd edir ki, xx.xx.2021-ci il tarixli barışıq sazişi eyni tərəflər arasında məhkəmənin icraatında olan başqa bir mülki mübahisə ilə əlaqədar hazırlanaraq imzalanmış, həmin saziş bir neçə bənddən ibarət olmaqla, həmin mübahisənin həllinə yönəlmiş və bu sazişdə tək müqaviləyə xitam verilməsi yox, bir neçə mübahisəli məsələ ilə bağlı tərəflərin ümumi razılaşması əks olunmuşdur. Ona görə də, qeyd edilən sazişin mətnindən hər hansı məsələni ümumi razılaşmanın kontekstindən çıxarıb ona ayrıca müstəqil əqd kimi qiymət vermək tərəflərin bu sazişi imzalayarkən arzu etdikləri nəticə baxımından niyyətlərini əks etdirməyəcəkdir. Bu səbəbdən, həmin razılaşma bağlandıqdan sonra cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı 20.400 manat pulun verilməsini onların arasında bağlanmış 20 avqust 2019-cu il tarixli K/H-004 №-li müqavilənin şərtlərinin dəyişdirilməsi, yaxud həmin müqaviləyə xitam verilməsi kimi qiymətləndirməyi kollegiya yolverilməz hesab edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-389/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar