Məhkəmə qərarları › İş №2(033)-1031/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1031/2021

06.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1031/2021 06.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş qızı-28 iyul 2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğində ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından 28 iyul 2014-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Qax Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. O, uşağına təkbaşına baxır, uşağa baxmaqda çətinlik çəkir. Uşağın 7 yaşı var. Məhkəmə qərarı ilə təyin olunmuş aliment hazırki vəziyyətdə uşağın normal böyüdülməsinə kifayət etmir. Ailəsinin xərcləri isə günü-gündən artır. Cavabdehin isə qazancı sabit deyil, hazırda o fərdi əməklə məşğul olur. Maddi vəziyyəti yaxşıdır. Cavabdeh də bir valideyn kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyaclarına maddi cəhətdən köməklik göstərməyə borcludur. Qax Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği ilə həmin vaxt razı olsa da, hazırda həmin aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onunla İddiaçı birgə nikahlarından 28 iyul 2014-cü il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Məhkəmənin qətnaməsi ilə iddiaçıya ödənilən alimentin miqdarı 100 manat məbləğində müəyyən edilmişdir. Qazanc yeri yoxdur, Qax Kommunal Müəssisələri Kombinatında fəhlə işləyir, 236 manat əmək haqqı alır. Hazırda maddi imkanları aşağıdır, yüksək gəlir yeri yoxdur. Alimenti vaxtı-vaxtında ödəyir. Lakin, iddiaçıya daha yüksək, yəni iddia ərizəsində göstərilən məbləğdə aliment ödəməsinə maddi imkanı yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. İşdə olan Qax rayon Turaclı kənd inzibati ərazi dairəsi tərəfindən 12 avqust 2014cü il tarixdə verilmiş AZ-İİİ 357132 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 28 iyul 2014-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X5r. İşdə olan Qax Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(024)-220/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh ilə X8 arasında 26 oktyabr 2013-cü il tarixdə Qax rayonu Turaclı kənd İƏD-də bağlanmış nikahın pozulması, 28 iyul 2014-cü il tarixdə doğulmuş X2 X3 himayəsində olmasının müəyyən edilməsi, X2 yetkinlik yaşına çatanadək saxlanılması və maddi cəhətdən təmin edilməsi üçün hər ay 100 manat alimentin Cavabdeh alınıb X6 verilməsi qət edilmişdir. İşdə olan Qax rayon İcra Hakimiyyəti Qax Kommunal Müəssisələri Kombinatının 29 sentyabr 2021-ci il tarixli 344 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən 13 mart 2020-ci il tarixdən kombinatda abadlıq üzrə fəhlə işləyir və 236 manat orta aylıq əmək haqqı alır. Məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahdan 28 iyul 2014-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Qax Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(024)-220/2018 saylı qətnaməsinə əsasən onların arasında bağlanmış nikahın pozulması, 28 iyul 2014-cü il tarixdə doğulmuş X2 X3 himayəsində olmasının müəyyən edilməsi, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat alimentin Cavabdeh alınıb X6 verilməsi qət edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazıradək müəyyən edilmiş alimenti ödəməsi, yüksək gəlir yerinin olmaması, eyni zamanda yenidən ailə həyatı qurması, onu hazırki uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Məhkəmə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə İddiaçı artıq 7 yaşına çatmış uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 28 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 28 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qax Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(024)- 220/2018 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 150 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 28 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qax Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(024)- 220/2018 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar