Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-107/2021 08.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu mənəvi zərərin əvəzi olan 10000 manat miqdarında pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək göstərdi ki, Cavabdeh ilə uzun müddətdir ki, aralarında olan hasarla bağlı mütəmadi olaraq mübahisə edirlər. 02 avqust 2020-ci il tarixdə cavabdeh sözlü mübahisə edərək onun və cavabdehin özünün ailə üzvlərinin yanında oğluna qarşı söyüş və qeyri-etik sözlər işlətməklə onları təhqir etmişdir. Aralarında olan mübahisə iş materiallarına əlavə olunması üçün təqdim etdiyi və əlavə edilmiş diskdə qeydə alınmışdır. Bununla bağlı polis şöbəsində də araşdırma aparılmış, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində onlara mənəvi zərər dəymişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda cavabdehin işlətdiyi söz ifadələrinin onların şərəf və ləyaqətini ləkələyən ifadələr olması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. O, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Zaqatala rayonu Faldarlı kəndində yaşayır. İddiaçı onun qonşusudur. İddiaçı ilə aralarında mübahisə olmuşdur, həmin vaxt o, nalayiq sözlər işlətmişdir. İşlətdiyi sözlərdən peşmandır. İddiaçıdan üzr istəmişdir. Lakin, işlətdiyi ifadələr təhqiredici sözlər olmadığı üçün iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1113 nömrəli, 07 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki iş materiallarına əlavə edilmiş diskdəki videogörüntüdə istifadə edilən “köpəkoğlu”, “qotur”, “anqırma”, “alkaşın balası”, “tərbiyəsiz”, “kişi deyilsən”, “... doğanlarını”, ...anasını” söz və ifadələri İddiaçı şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan söz və ifadələrdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Avropa Şurasının Nazirlər Komitəsinin 12 fevral 2004-cü il tarixli “KİV-də X5 Haqqında” Bəyənnaməsinin Vİİİ maddəsində qeyd olunmuşdur ki, hüquqları KİV tərəfindən pozulan fərdi şəxslərin malik olduğu hüquq müdafiəsi vasitələri siyasi xadimlərə və vəzifəli şəxslərə də aid olmalıdır. İddia tələblərinin və cərimələrin miqdarı, KİV tərəfindən təklif olunan və zərər çəkmiş şəxslər tərəfindən qəbul edilən hər hansı effektiv və münasib könüllü kompensasiya nəzərə alınmaqla, digərlərin hüquq və mənafelərin pozulmasına münasib olmalıdır. Məhkəmə hesab edir ki, mülki iş materiallarına əlavə edilmiş diskdəki videogörüntüdə Cavabdeh tərəfindən istifadə edilən “köpəkoğlu”, “qotur”, “anqırma”, “alkaşın balası”, “tərbiyəsiz”, “kişi deyilsən”, “... doğanlarını”, ...anasını” söz və ifadələri İddiaçı şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakılar yanında nüfuzdan salan söz və ifadələrdir. İşə əlavə edilmiş diskdəki videogörüntüdə Cavabdeh tərəfindən istifadə edilən, yuxarıda qeyd edilən ifadələrin hər biri, yönəldiyi şəxsin insani, mədəni keyfiyyətlərini alçaldan, ictimai yerdə istifadə edilməsi, işlədilməsi düzgün hesab edilməyən, qaba, kobud leksikaya aid olan ifadələr olmaqla şəxsin şərəf və ləyaqətinə xələl yetirilməsinə, ətrafdakı insanlar tərəfindən alçaldılmasına, yalnızca həmin şəxsin deyil, ümumilikdə ailəsi barəsində mənfi fikirlərin formalaşmasına səbəb olan söz və ifadələrdir. Belə ki, yuxarıda qeyd edilən cavabdeh tərəfindən iddiaçıya ünvanlayaraq söylənilən “köpəkoğlu”, “qotur” və “anqırma” sözlərinin hər üçündə zoomorf ifadələrdən istifadə edilmişdir. Belə ki, “qotur” və “anqırmaq” ifadələri vasitəsilə heyvanlara məxsus əlamətlər ünvanlanan şəxsin üzərinə köçürülmüş, “köpəkoğlu” ifadəsi ilə isə şəxsin atası təhqir edilərək dolayası ilə onun da “köpək” olduğu bildirilmişdir. Digər işlədilən “alkaşın balası” ifadəsi ilə də şəxsin atası təhqir edilmiş, “tərbiyəsiz”, “kişi deyilsən” frazaları ilə birlikdə onun ümumilikdə əxlaqi, mənəvi xüsusiyyətlərinə xələl yetirilmişdir. Həmçinin cavabdeh tərəfindən müraciətlə dediyi “tərbiyəsiz” sözü “Azərbaycan dilinin izahlı lüğəti”nə əsasən yaxşı tərbiyə görməmiş, özünü aparmağı bacarmayan, əxlaqsız, ədəbsiz mənalarında işlənir. Halbuki cavabdeh həmin məlumatların doğru olduğunu sübut edə bilməmiş, həmçinin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. İşin bu halı işdə olan sənədlərlə, tərəflərin izahatları ilə, eyni zamanda cavabdehin Zaqatala RPŞ-də vermiş olduğu izahatı ilə öz təsdiqini tapır. Belə ki, polis şöbəsində cavabdeh özü etiraf etmişdir ki, iddiaçının ünvanına özündən asılı olmayaraq nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarına əsasən başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Ona görə də cavabdeh, iddiaçı barəsində göstərdiyi, həqiqətə uyğun olmayan həmin məlumatlara görə mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçının şərəf və ləyaqətinin alçaldılmasına və ləkələnməsinə səbəb olan məlumatın yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ iddiaçıda saxlanıldığı halda, keçirdiyi sarsıntı və iztirabları sübut etmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, belə bir vəzifə iddiaçıya həvalə edilmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Vətəndaşların şərəfi, ləyaqəti və işgüzar nüfuzu müdafiə olunan zaman mənəvi zərərə görə ödənilməli olan kompensasiya məbləği (əvəz ödəmənin miqdarı) iki əsas məsələdən asılı olaraq müəyyən edilir: birincisi, iddiaçının (zərərçəkənin) hüquq və mənafelərinə toxunan məlumatın xarakterindən və məzmunundan; ikincisi, doğru olmayan, şəxsin şərəf və ləyaqətini alçaldan məlumatın yayılma dərəcəsindən. Məhkəmə qeyd edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «X7rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məhkəmə, iddiaçının ünvanına cavabdeh tərəfindən “köpəkoğlu”, “qotur”, “anqırma”, “alkaşın balası”, “tərbiyəsiz”, “kişi deyilsən”, “... doğanlarını”, ...anasını” müraciətlə dediyi söz və ifadələrdəki şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatlara qiymət verərək hesab edir ki, həqiqətən də həmin söz və söz birləşmələrindəki əsası olmayan yalan məlumatlar nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, işgüzar nüfuzuna ziyan dəyməsi barədə dəlillərini əsaslı sayır və hesab edir ki, ona həqiqətən mənəvi ziyan dəymişdir. Məhkəmə mənəvi ziyanın məbləğini iddiaçı üçün 1000 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Bu zaman iddiaçının (zərərçəkənin) hüquq və mənafelərinə toxunan məlumatın xarakterini və məzmununu, doğru olmayan, şəxsin şərəf və ləyaqətini alçaldan məlumatın yayılma dərəcəsini, cavabdehin həmin ifadələri iddiaçının anasının və özünün ailə üzvlərinin yanında iddiaçıya qarşı işlədilməsini, həm də zərərçəkən şəxsin dolayası ilə qadın olmasını və cavabdehin vəziyyətini nəzərə alır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manatı tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Cavabdeh 150 manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat özünə aid edilsin. Cavabdeh 150 (bir yüz əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-107/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-107/2021
08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver